Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.

IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu.

Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

XIII əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.


Tarix: 07.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Ümumi
loading...