beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quruçay və Köndələnçay vadisində eneolit dövrünün qədim mədəniyyət izləri

Quruçay və Köndələnçay vadisində ən qədim əkinçilik mədəniyyəti ilə bağlı olan abidələr eneolit dövrünə aiddir.Quruçay və Köndələnçay vadisində eneolit dövrünün ilk tapıntıları Azıx və Tağlar daş dövrü mağara düşərgələrinin üst mədəni təbəqələrində aşkar edilmişdir. Hər iki mağara Quruçayın hündür sol sahilindəki əhəng qayalıqlarında yerləşir. Onların ətrafı əkinçilik üçün yararlı torpağı olan yallardan ibarətdir. İstər Azıx, istərsə də Tağlar mağaralarından tapılmış eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin böyük hissəsini gil qab qırıqları təşkil edir. Bunlar saman və ya qum qatışıqlı gildən hazırlanmış qab qırıqlarından ibarətdir. Həmin qırıqlar özlüyündə eneolit dövrü üçün xas olan bəsit formalı küpələrə, enli ağızlı qazan və camlara, düz divarlı iri qablara aiddir. Saman qatışıqlı gil kütləsindən hazırlanmış qabların üzəri hər iki tərəfdən eyni tərkibdə olan gil məhlulu ilə suvanmış və hamarlandırılmışdır. Bişirilmədən sonra bu məhlul nazik təbəqə şəklində açıq çəhrayı və ya yaşılımtıl-sarı rəng almışdır. Qum qatışıqlı gildən düzəldilmiş qabların səthi kobuddur. Onlar boz və ya qırmızımtıl-boz rəngidir. Saxsıları kövrəkdir. Təsvir etdiyimiz qab nümunələri Azərbaycanın bütün eneolit abidələri üçün səciyyəvidir. Eyni formalı və texnoloji xüsusiyyətli qablar qonşu respublikaların eneolit dövrü abidələrində də gil məmulatının əsasını təşkil edir. Azıx və Tağlar mağaralarından gil məmulatı ilə yanaşı bir neçə daş və sümük məmulatı da tapılmışdır. Daş məmulatına əsasən dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr daxildir. Onlar iki və üçtillidir. Bu alətlərin bəzisinin yanı dişəklənmişdir. Dəvəgözü daşından düzəldilmiş belə kəsici alətlər Azərbaycanın eneolit dövrünə aid bütün qədim yaşayış yerlərindən məlumdur. Daş məmulatı içərisində bir ədəd dairəvi muncuq da vardır. Tağlar mağarasından tapılmış bu bəzək nümunəsi ağ rəngli araqanit daşından düzəldilmişdir. Gözü hər iki tərəfdən burma üsulu ilə açılmışdır. Yuxarıda qeyd etdiyimiz sümük əşya iti bizdən ibarətdir. Bu alət iri quşa məxsus lülə sümüyündən yonulmuşdur. Onun uc hissəsi səylə hamarlanmış və itiləşdirilmişdir. Bu hissədə işlənmə nəticəsində parıltı əmələ gəlmişdir. Alətin ümumi uzunluğu 8 sm-dir. Belə sümük alətlər də eneolit dövrü üçün çox səciyyəvidir. Maraqlıdır ki, onlardan ilk tunc dövrünün başlanğıc mərhələsində də geniş istifadə olunmuşdur. Azıx və Tağlar mağaralarından tapılan eneolit dövrü tapıntıları bu mağaralardan həmin dövrdə sığınacaq kimi istifadə olunduğunu göstərir. Çox güman ki, bu dövrdə mağaralarda yaşayış müvəqqəti olmuşdu. Əsas yaşayış isə, şübhəsiz, əkinçilik və maldarlıq təsərrüfatı üçün daha əlverişli olan Köndələnçayın sahil ərazilərindəki açıq yerlərdə keçmişdi. Belə yaşayış yerlərindən biri Köndələçayın sağ sahilində yerləşən Günəştəpə abidəsidir. Uzunsov dairəvi təpədən ibarət olan bu abidənin uzunluğu 140-150 m-ə, eni isə 60 m-dən 80 m-ə qədərdir. Şimal tərəfdən təpə Köndələnçayın yatağından 35 m yüksəkdir. Bu hissədən təpəyə qalxmaq qeyri-mümkündür. Cənub tərəfdən isə onun hündürlüyü 10 m-ə çatır. Quruçay Günəştəpədən 400-500 m cənubda axır. Onunla təpə arasında qalan sahə düzdür. Ehtimal ki, vaxtı ilə bu yerdə Günəştəpənin qədim sakinlərinin əkin sahələri olmuşdur. Maraqlıdır ki, axtarışlar zamanı buradan dəvəgözü daşından bıçaqvarı lövhələr və çaxmaq daşından oraq dişləri tapılmışdır. Günəştəpənin üstündən isə eneolit ilk və orta tunc dövrlərinə aid həm daş alətlər, həm də çoxlu gil məmulatı toplanmışdır. Eneolit dövrünə aid tapıntılar əsasən gil qab qırıqlarından ibarətdir. Cam və çölməklərə aid bu saxsı qırıqlarının tərkibi saman qarışıqlı olub, üzəri bəzən bir, bəzən isə hər iki üzdən gil məhlulu ilə suvanmış və səylə hamarlaşdırılmışdır. Rəngləri açıq qırmızı, çəhrayı və ya yaşılımtıl-sarıdır. Bunların bişirilmə keyfiyyəti də yaxşıdır. Göstərməliyik ki, eyni xüsusiyyətli, bəzən isə üzəri qırmızı boya ilə naxışlanmış qədim gil məmulatı Köndələnçayın sol sahilindən bir qədər şimalda başlayan Mil düzündəki eneolit abidələrindən də tapılmışdır. Ayrı-ayrı tədqiqatçılar gilinin tərkibində döyülmüş saman qatışığı olan belə gil məmulatını Zaqafqaziya eneolit abidələrinin yalnız cənub qrupuna aid edirlər. Günəştəpədən tapılan ən qədim maddi-mədəniyyət nümunələrinin başqa bir qismi daş məmulatından ibarətdir. Bunların içərisində dəvəgözü daşından çoxlu bıçaqvarı lövhələr, çaxmaq və dəvəgözü daşından düzəldilmiş mikrolit alətlər vardır. Qeyd etməliyik ki, mikrolit alətlərə Zaqafqaziyanın bir sıra eneolit dövrü abidələrində təsadüf olunmuş, onların ayrı-ayrı nümunələri hətta Maykop mədəniyyətinə aid abidələrdən tapılmışdır. Quruçay və Köndələnçay vadisində eneolit dövrü tapıntılarına malik digər abidə Qaraköpəktəpə adlı çoxtəbəqəli qədim yaşayış yeridir. Bu, Günəştəpədən 30 -40 m şərqdə, Köndələnçayın sahilində ucalan konusvarı möhtəşəm təpədən ibarətdir. Çay tərəfdən onun hündürlüyü 50 m-dir. Bu hissədə Köndələnçayın sahili dik və uçurumlu olmaqla yaşayış yeri üçün çox qədimlərdən təbii müdafiə səddi rolunu oynamışdı. Təpədən 400-500 m cənubdan axan Quruçayın dərin yatağı isə onu cənub tərəfdən qorumuşdu. Ümumiyyətlə bu yer Quruçayla Köndələnçayın bir-birinə ən çox yaxınlaşdığı yerdir. Yerüstü axtarışlar, eləcə də qazıntılar nəticəsində Qaraköpəktəpədən eneolit dövründən son orta əsrlərədək külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Burada hətta mezolit və neolit dövrlərinin daş alətlərinə oxşar nümunələrə də təsadüf olunmuşdur. Qeyd etməliyik ki, Qaraköpəktəpədə eneolit tapıntıları hələlik yalnız yerüstü axtarışlar nəticəsində aşkara çıxarılmışdır. Bunların da çoxu gil qab qırıqları ilə təmsil olunmuşdur. Günəştəpə qədim yaşayış yerindən fərqli olaraq bunlar həm saman, həm də qum qatışıqlı gildəndir. Bütün bu qırıqlar əldə hazırlanmış sadə formalı qablara məxsusdur. Onların ağız kənarları adətən düz, oturacaqları aşağı hissədə yanlara çıxıntılıdır. Belə oturacaqlı qablar eneolit dövrü abidələrində geniş yayılmışdır. Yerüstü axtarışlar zamanı Qaraköpəktəpədən çoxlu qədim daş alət də tapılmışdır. Onların müəyyən qismi eneolit dövrünə aiddir. Bunlara, hər şeydən əvvəl, dəvəgözü və çaxmaqdaşından düzəldilmiş bıçaqvarı lövhələr və digər kəsici alətlər daxildir. Ehtimal ki, lövhələr əsasən quraşdırma dişli ibtidai oraqlara məxsus olmuşdur. Onu da ehtimal etmək olar ki, Qaraköpəktəpədən tapılan mikrolit alətlərin də bir qismi bilavasitə eneolit dövründə istehsal edilmiş və işlədilmişdir. Quruçay və Köndələnçay vadisində eneolit dövrünə aid digər yaşayış yerləri, eləcə də yeni tapıntılar Xantəpə və Kültəpə abidələrində aşkar edilmişdir. Qeyd etməliyik ki, ümumiyyətlə vadidə eneolit dövrünün ən maraqlı və böyük elmi əhəmiyyətli tapıntıları Xantəpə qədim yaşayış yerində zahirə çıxarılmışdır. Bu abidə dairəvi təpədən ibarət olmaqla Füzuli şəhərinin cənub-şərq qurtaracağında yerləşir. Onun diametri 120-130, hündürlüyü 8-10 m-dir. Təpədə uzun müddət təsərrüfat işləri aparıldığından onun üstündən və kəsiklərindən külli miqdarda qədim maddi-mədəniyyət nümunəsi toplamaq mümkün olmuşdur. Bunlar eneolit, ilk və orta tunc dövrlərinə aid olsa da, kəmiyyətcə üstünlük eneolit tapıntılarına məxsusdur. Maraqlıdır ki, həmin tapıntıların qiymətli qismi təpənin torpaq kəsiyində aydın bilinən müvafiq təbəqədən tapılmışdır. Tapıntılar ümumilikdə gil və daş məmulatından ibarətdir. Gil məmulatı başqa abidələrlə olduğu kimi əldə hazırlanmış sadə formalı qablarla təmsil edilmişdir. Onların bir qismi qum qatışıqlı, digər qismi isə saman qatışıqlı gildən hazırlanmışdır. Qum qatışıqlı gildən olan qabların divarları kövrəkdir. Onların bişirilməsi zəif olub, boz və ya qırmızımtıl-boz rənglidir. Saman qatışıqlı gildən düzəldilmiş qablar daha keyfiyyətli, səthi adətən əlavə nazik suvaqa malikdir və batıqlarla örtülmüşdür. Çəhrayı və ya açıq qırmızı rənglidirlər. Ayrı-ayrı nümunələrin üzərindən çıxıntı şəklində bəsit qulplar vardır (I tablo). Xantəpənin gil məmulatı içərisində bir ədəd butə diqqəti cəlb edir. Bu, yuvarlaq formalı boz rəngli kiçik qabdan ibarətdir. Qum qatışıqlı gildən hazırlanmış, üzərində od və his izi qalmışdır. Mis əridilməsi üçün istifadə olunmuş bu əşyanın hündürlüyü 3,5 diametri 4 sm-dir. Təsvir etdiyimiz butə Zaqafqaziyada ən qədim yerli metal əritməsini əks etdirən ilk tapıntıdır. Xantəpədən tapılan eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin ikinci qismini daş məmulatı təşkil edir. Bunların içərisində dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr və üzərində iş izi nəzərə çarpan çoxlu müxtəlif qəlpə də vardır. Burada ibtidai formalı dən daşlarına, sürtkəc və həvəngdəstələrinə də təsadüf olunmuşdur. Xantəpədən bütün bunlardan əlavə bir ədəd də yuvarlaq oturacaqlı daş qabın aşağı hissəsi tapılmışdır. Bu, qalın divarlı və boz rəngdə olub, məsaməli daşdan yonulmuşdur. Bütün bu tapıntılar Xantəpəni oturaq əkinçi yaşayış yeri kimi səciyyələndirərək, burada eradan əvvəl V minillikdə artıq müstəqil metaləritmə işinin də mövcud olduğunu sübut edir. Kültəpə qədim yaşayış yeri də eyni qəbildəndir, O, Quruçay və Köndələnçay vadisinin cənub-şərq qurtaracağında yerləşən çoxtəbəqəli və ən böyük sahəli qədim yaşayış yeridir. Əslində bu yaşayış yerinin olduğu ərazi Araz çayının geniş vadisinə daxildir. Belə ki, Kültəpədən 1,5 2 km şərqdə Araz çayı keçir. Quruçay və Köndələnçay isə məhz burada Arazla qovuşur. Ümumiyyətlə, Quruçay-Köndələnçay vadisindən Şərq ölkələrinə keçid bilavasitə bu yerdən başlanır. Güman etmək olar ki, Kültəpənin belə əlverişli coğrafi-mövqeyi qədim dövrlərdən ona üstünlük vermiş və buranın ən böyük yaşayış yerinə çevrilməsinə səbəb olmuşdur. Kültəpə hazırda belə 4 hektardan artıq sahəni tutur. Planda dördkünc formalı olan bu təpənin hündürlüyü 15 m-ə yaxındır. Kültəpənin şərq tərəfindəki kəsiklərə əsasən onun süni təpə olduğu müəyyənləşdirilmişdir. Onu da qeyd etməliyik ki, Kültəpənin qərb və cənub tərəflərində əkinçilik üçün yararlı geniş düzən sahələr vardır. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneolit, ilk və orta tunc dövrlərinə, tunc dövrünün sonu – dəmir dövrünün əvvəllərinə, eləcə də sonrakı dövrlərə aid külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Eneolit dövrünün tapıntıları əsasən gil məmulatından ibarətdir. Bunlar da öz növbəsində saman qatışıqlı gildən düzəldilmiş ayrı-ayrı qabların qırıqları ilə təmsil olunmuşdur. Qırıqların üzəri nazik gil məhlulu ilə suvanmışdır. Bişirildikdən sonra onların səthi açıq qırmızı və ya çəhrayı rəng almışdır. Təsvir etdiyimiz bu qırıqlar düz divarlı kasalara, camlara, çölmək və qazanlara aiddir. Bəzi qırıqlar qalın divarlı olmaqla eyni formalı, lakin iri ölçülü təsərrüfat qablarına məxsusdur. Kültəpədən əldə edilən tapıntılar içərisində müxtəlif daş alətlər də vardır. Onlar qədim əkinçilik təsərrüfatı ilə bağlı olmaqla oraq dişlərindən, dən daşları və sürtkəclərdən, çay daşlarından düzəldilmiş çapacaq və toxalardan ibarətdir. Güman etmək olar ki, bunların müəyyən hissəsi eneolit dövrünə aid əmək alətləridir. Quruçay və Köndələnçay vadisində eneolit dövrü abidələri əsasən yuxarıda qeyd etdiklərimizdən ibarətdir. Gördüyümüz kimi, bu abidələrdən tapılan maddimədəniyyət nümunələri Zaqafqaziya eneolit mədəniyyəti üçün səciyyəvi olan bütün xüsusiyyətləri özündə cəmləşdirmişdir. Bu mədəniyyətə məxsus yaşayış yerləri bir qayda olaraq dağətəyi və düzən yerlərdəki çay sahilində və ya hazırda suyu qurumuş qədim çay vadilərində yerləşmişdir. Belə yaşayış yerlərinin evləri möhrədən və ya çiy kərpicdən tikilmiş dairəvi və dördkünc binalardan ibarət olmuşdur. Arxeoloji tədqiqatlarla müəyyənləşdirilmişdir ki, vaxtı ilə bu yaşayış yerlərində təsərrüfatın əsasını artıq təşəkkül tapmış əkinçilik təşkil etmiş və bu təsərrüfatda dənli bitkilər istehsalı üstün yer tutmuşdu. Əkinçiliyin əsas formasını isə toxa əkinçiliyi təşkil etmişdi. Öyrənilmişdir ki, eneolit dövründə əhalinin iqtisadiyyatında əkinçiliklə yanaşı maldarlıq da əhəmiyyətli yer tutmuşdu. Lakin bu təsərrüfat sahəsi öz inkişaf səviyyəsinə görə hələ oturaq xüsusiyyət daşımışdı. Eneolit dövrünün ən böyük nailiyyətlərindən biri misin kəşfi və bununla əlaqədar ilk metal alətlərin istehsalı ilə bağlı olmuşdu. Bu dövrdə Zaqafqaziyanın, o cümlədən vadinin qədim sakinləri misi əritməyi öyrənmiş və ondan müxtəlif alətlər düzəltməklə öz istehsal fəaliyyətlərini xeyli yüngülləşdirmişdilər. Tədqiqatçılar ilk oturaq əkinçiliklə bağlı eneolit mədəniyyətini yekdilliklə e. ə. V-IV minilliklərə aid edirlər. Eyni zamanda, bu mədəniyyət hələlik Zaqafqaziyanın ən qədim əkinçilik mədəniyyəti hesab olunur. Bununla belə, şübhə yoxdur ki, göstərdiyimiz minilliklərdə artıq yetkin formada olmuş bu mədəniyyətin ilkin kökləri daha qədim dövrlərlə – neolitlə bağlıdır. Təəssüf ki, bu dövr indiyədək Zaqafqaziyanın ən zəif öyrənilmiş dövrü kimi qalmaqda davam edir. Bunun əksinə, eneolitdən sonrakı dövr əkinçilik təsərrüfatının yeni inkişafı və yüksəlişini əks etdirən dövr daha yaxşı öyrənilmişdir.


Tarix: 07.01.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Ümumi