beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə dərəcədə diqqətlisiniz?

Diqqət, bizim ətrafımızda baş verənləri nə dərəcədə aktiv olaraq qəbul edib etməməyimizlə əlaqəlidir. Bu yazını oxuyarkən ətrafınızda bir çox səsi, görüntünü, toxunma hissini qəbul edirsiniz: yanınızdakı adamın telefon danışığının səsini, oturduğunuz yerin bərkliyi və ya yumşaqlığı, yanınızdakı insanların görünüşü, olduğunuz məkanın görünüşü və s. Bir insan necə olur ki, bu qədər hissi qəbul etdiyi və yaşadığı halda, bir ünsürə ya da işə fokuslanır.

Diqqətin 4 növü vardır:

1. Fokuslanmış diqqət — Hər hansı bir audial (eşitmə), vizual (görmə), kinestetik (toxunma) hissə verilən qısa bir reaksiyadır. Məsələn, siz kitab oxuyan zaman və ya hər hansı bir digər işlə məşğul olarkən anidən telefonunuza zəng gəlir və siz telefona diqqətinizi verirsiz sonra isə yenidən işinizə qayıdırsız. Başqa bir misalda isə siz işləyərkən bir hadisə baş verir (iş yoldaşlarınızdan kiminsə ürəyi gedir). Siz müəyyən müddətlə diqqətinizi o hadisəyə verib sonradan isə yenidən işinizə qayıdırsınız.

2. Uzunmüddətli diqqət — Həyata keçməsi müəyyən müddət tələb edən işlərə ayrılan diqqət. Məsələn, bir insan qab yuyarkən ondan müəyyən bir diqqət tələb olunur və qabları yuyub qurtarana qədər diqqəti ancaq qablarda olmalıdı. Əgər eyni anda başqa bir işə diqqətini verərsə, bu zaman qabları yuya bilməz, o zaman işini yarımçıq saxlamış olacaq.

3. Bölünmüş diqqət — Eyni anda bir çox şeyə diqqətini vermək. Bu əslində xüsusi bir bacarıqdı və tarixdə belə şəxslər var. Məsələn, Yuli Sezar eyni anda həm yaza, həm də oxuya bilirdi.

4. Seçici diqqət — Digər qəbul edilən məlumatlar olmasına baxmayaraq ancaq müəyyən bir şeyə diqqətini vermək. Məsələn, toyda və ya hansısa bir şənlikdə olarkən ətrafda musiqi səsi, insanların səsi və bir çox şeylər olmasına baxmayaraq yanındakı adamla edilən söhbəti davam etdirə bilmək.

Diqqətsiz korluq və görünməz Qorilla testi

Bir adam hisslərlə həddindən artıq yükləndiyi zaman “diqqətsiz korluq” halı yaşanır. Hər hansı diqqət cəlb edən bir şey adamın burnunun ucunda olsa belə insan onu görə bilmir. “Diqqətsiz korluq” halı hər kəsin başına gələ bilər, çünki hər şeyə diqqət etmək nə zehni, nə də fiziki olaraq mümkündür. Diqqətsiz korluğu göstərən ən yaxşı təcrübələrdən biri Daniel Simonun “Görünməz Qorilla” testidir.

Bu testi aparmaq üçün bir qrup insana tapşırıq verilmişdi. Tapşırıq zamanı eyni bir topla paslaşan iki qrup insanın (bir qrupu ağ formada, digər qrupu isə qara formada) videosu göstərilmişdir və onlardan hər qrupun neçə dəfə paslaşdığını saymaqları istənilmişdir.
İki qrup bir-birilə paslaşan zaman qorilla kostyumunda bir adam meydançaya girir, oyunçuların arasında yeriyir, sinəsinə vurur və kameranın üstünə yeriyir (videoya baxan zaman sanki ekrandan çıxırmış təəssüratı yaradır).
Video qurtardıqdan sonra, təcrübədə iştirak edənlərdən videoda qeyri-adi bir şey görüb görmədikləri soruşulur. Nəticədə təcrübə iştirakçılarının 50 faizinin qorillanı görmədiyi aşkar olunmuşdu. Burdan belə bir nəticə çıxarmaq olar ki, insanın gördüyünü qavraması üçün diqqət çox önəmlidir.


Tarix: 27.11.2014 / 13:16 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Ümumi Psixologiya