Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duyğular və qavrayışlar

Sensor -perseptiv proseslər
1. Duyğular haqqında ümumi məlumat.
2. Duyğuların növləri və onların xarakteristikası.
3. Duyğuların ümumi qanunauyğunluqları.
4. Qavrayış haqqında ümumi məlumat.
5. Qavrayışın xüsusiyyətləri.
6. Qavrayışın növləri.

1-ci sual. Duyğular fəlsəfə, təbiət elmləri, psixologiya və digər elmlərin ümumi problemidir. Duyğular haqqında ilk təlimlər fəlsəfi biliklər çərçivəsində olmuşdur. İnsan duyğularının qanunauyğunluqları və mənbələrinin öyrənilməsi ilkin olaraq təbiət elmlərinin, astronomiya və fizikanın tərkibində olmuşdur. XIX əsrin əvvəllərindən etibarən isə duyğuların elmi tədqiqi fizikadan fiziologiyaya və psixologiyaya keçir.
Duyğular bizim ətraf mühit və öz daxili mühitimiz, bədənimiz haqqında olan bütün biliklərimizin əsas mənbəyini təşkil edir. Ətraf aləmin bütün təzahürlərini, rəngləri, səsləri, dadı və s. biz duyğular vasitəsilə əks etdiririk. Bu yeganə kanaldır ki, buradan ətraf aləmdəki təzahürlər və orqanizmin daxili vəziyyəti haqqında informasiyalar beyinə gedib çatır və insana ətraf aləmdə bələdləşməyə şərait yaradır. İnsan üçün ətraf aləm haqqında daima məlumat almaq zəruridir.
Duyğular indiki anda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikası olan ən sadə psixi prosesdir.
Duyğular adekvat, müvafiq qıcıqlandırıcıların inikas formasıdır. Psixologiyada duyğu dedikdə ən bəsit idrak forması nəzərdə tutulur, insan onun köməyi ilə varlığı əks etdirir, başqa sözlə varlığın dərk olunması duyğulardan başlayır. Olduqca müxtəlif qıcıqlandırıcıların təsirilə hiss üzvlərində əmələ gələn oyanma xüsusi neyronlar silsiləsi vasitəsilə baş-beyin qabığına verilir. İ.P.Pavlov reseptordan başlamış baş-beyin qabığının mürəkkəb hüceyrələr qatına qədər olan və təsir edən qıcıqlandırıcıları bütün incəlikləri ilə təhlil etməyə imkan verən neyronlar silsiləsini analizator adlandırmışdır. Analizator 3 hissədən ibarətdir: xarici qıcığı qəbul edən səth — reseptor; afferent və efferent sinirlər; analizatorun beyin nahiyyəsi.
Duyğular həmişə müəyyən emosional boyaya malik olur. Məsələn, yaşıl rəng insanı sakitləşdirir,qırmızı rəng coşdurur və s. Yaxud iki eyni həcmli yeşiyin biri ağ, digəri qara rənglənmişsə ağ qaraya nisbətən adama daha yüngül gəlir.
Duyğuların insan həyatında rolu əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir:

Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Gerçək aləm haqqında məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın mənbəyidir.
2-ci sual. Duyğuların 2 cür təsnifatı var:

Anatomik təsnifat (Şerinqton)
Genetik təsnifat (ingilis nevroloqu Xed).
Anatomik təsnifata görə duyğuların 3 növünü müəyyən edirlər:

Ekstroreseptiv duyğular.
İntroreseptiv duyğular
Proprioreseptiv duyğular.
Ekstroreseptiv duyğular. Onların reseptorları bədənin səthində yerləşir, xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirirlər. Görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğulan da bu qrupa daxildir. Ekstroreseptorlan 2 qrupa bölmək olar: kontakt və distant reseptorlar. Toxunma, dadbilmə kontakt, eşitmə, görmə, iybilmə distant duyğulardır.
Görmə duyğusu sayəsində biz cisimlərin forma və rəngini, ölçüsünü, həcmini, məsafəsini dərk edirik. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar isə rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir. Görmə duyğularının qıcıqlandırıcısı müəyyən uzunluğa malik elektromaqnit dalğalarıdır. Bu dalğaların uzunluğu 380-dan 790 mmk-a bərabərdir.
Esitmə duyğularının qıcıqlandırıcısı müxtəlif uzunluğa malik səs dalğalandır. İnsanın eşitmə analizatoru saniyədə 16-dan 20 000 hers (hers səs əmələ gətirən dalğaların tezliyinin fiziki ölçü vahididir) tezliyə malik olan səs dalğalarını əhatə edir. Eşitmə duyğulan səsin hündürlüyünü, gurluğunu və tembrini əks etdirir. İnsanların səsləri tembrinə görə bir-birindən fərqlənir. Bütün eşitmə duyğulan nitqi, musiqi səslərini və səs küylərini əks etdirir. ünların da hüdudu var. Belə ki, çox səs-küy sinir sistemini pozur, insanda əsəbilik və yorğunluq yaradır.
Dadbilmə duyğusunun qıcıqlandırıcıları orqanizm tərəfindən qəbul edilən qida maddələrinin kimyəvi xassəsidir. Bu mənada dad nəinki iylə əlaqədardır, həmçinin çox vaxt onunla ümumi inikas predmetinə malik olur. Əgər inikas predmetinə görə yəni qida maddələrinin kimyəvi tərkibinə görə daha çox iybilmə ilə əlaqədardırsa, inikasm xüsusiyyətlərinə görə dəri duyğulan ilə, digər tərəfdən isə daxili duyğularla əlaqədardır. Bizim dadbilmə duyğumuz 4 əsas duyğudan: şirin, turş, duzlu və acıdan ibarətdir.
İybilmə havada həll olmuş kimyəvi maddələri inikas etdirir. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarısında yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı çox həssas olur.
Dəri duyğuları xarici aləm cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
İntroreseptiv duyğular orqanizmin daxili proseslərinin vəziyyəti haqqında siqnal verir və mədə-bağırsaq divarlarından, ürək və qan-damar sistemindən və s. orqanlardan gələn informasiyalan beyinə ötürür. Bu qrup duyğular ən qədim və elementar duyğunu təşkil edir. Bu duyğuların reseptor aparatı göstərilən orqanların divarlarına səpələnmiş formadadır. İntroreseptiv duyğuların təsnifatmı onların yerləşdiyi daxili orqanlara və onların təsnifatına görə aparırlar. İntroreseptiv duyğulara əsasən aclıq, susuzluq, tələbatların ödənilməsi və ya ödənilməməsi ilə bağlı duyğular daxildir.
Proprioreseptiv duyğuların reseptorları oynaq və əzələlərdə yerləşir, bədənimizin hərəkəti və vəziyyəti haqqında bizə məlumat verir. Hərəki və müvazinət duyğuları bu qrupa aiddir.
Duyğuların genetik təsnifatına əsasən duyğular primitiv — protopatik və mürəkkəb — epikritik duyğulara bölünür. Protopatik yunanca «protos» — ilkin, «patos» — yaşantı deməkdir. Protopatik duyğular dedikdə, duyğuların qədim formalan nəzərdə tutulur. Epikritik duyğular dedikdə, duyğuların daha ali növləri başa düşülür. Məs, görmə.
Bundan əlavə duyğuların intermodal və qeyri-spesifik növünü də ayırd edirlər. İntermodal duyğular müəyyən duyğular arasında olub buraya ehtizaz, kəskin iy, kəskin dad, ağrı misal ola bilər. Ehtizaz duyğulan kar və korlarda inkişaf edib. Adi hallarda eşitmə duyğulan 1 saniyədə 20-30 rəqsdən 20-30 min rəqsə qədər olan aralıqdakı dalğalan tuta bilir. Lakin bundan aşağı tezlikli rəqsləri də məs, 10-15 rəqs də qəbul edilə bilər. Belə rəqslər eşitmə üzvü ilə yox sümüklə qəbul edilir. Həmin səslərin qəbulu ilə bağlı duyğular ehtizaz duyğulan adlanır.
Duyğuların qeyri-spesifik növü. Bura fotohəssaslıq aiddir. Yəni əlin dərisi və barmaqların ucu ilə rənglərin fərqləndirilməsi deməkdir. Bu təzahür ətraflı surətdə rus psixoloqu Leontyev tərəfindən təsvir edilmişdir. Duyğuların qeyri-spesifik növünə həmçinin məsafə hissini də aid edirlər. Bu cür məsafə hissi korlarda qarşılarında olan maneəni duymağa kömək edir.

3-cü sual. Duyğuların növləri təkcə özlərinin spesifik xüsusiyyətləri ilə fərqlənmir, həm də onların hamısı üçün ümumi olan xassələrə malikdir. Belə xassələrə keyfiyyət, intensivlik, davamlılıq və məkan lokallığını aid etmək olar. Keyfiyyət mövcud duyğunu başqa duyğu növlərindən fərqləndirən və həmin duyğu növü hüdudunda variasiya edən başlıca xüsusiyyətdir. Məsələn, eşitmə duyğulan hündürlüyünə, tembrinə və gurluğuna görə, görmə duyğulan doyumluluğuna və s. görə fərqlənir. Duyğuların intensivliyi onun kəmiyyət xarakteristikası olub, təsir edən qıcıqlandırıcıların qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir. Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir.
Duyğulara aid olan qanunauyğunluqlardan biri də həssaslıq və onun ölçülməsi məsələsidir. Həssaslıq analizatorun duyma qabiliyyətidir. Həssaslığın iki növü var: mütləq və fərqləndirmə həssaslığı. Bunlar duyğunun mütləq və fərqləndirmə hədləri ilə ölçülür.
Hər cür qıcıqlandırıcı duyğu əmələ gətirə bilmir. Duyğu oyatmaq üçün qıcıqlandırıcı minimal intensivliyə malik olmalıdır. Qıcıqlandırıcının bu minimal intensivliyi aşağı mütləq hədd adlanır. Ən zəif qıcıqlandırıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır.Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir. E=1/P; burada «E» — mütləq həssaslıq, «P» isə mütləq hədd kəmiyyətidir.
Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı, yuxan duyğu həddi də vardır. Hələ təsir edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yuxan mütləq həddi deyilir. İstər aşağı, istərsə də yuxan mütləq hədd kəmiyyəti müxtəlif şərtlərdən insan fəaliyyətinin xarakterindən və yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyişir.
Eynicinsli qıcıqlandırıcıların qüvvələri arasında güclə duyulan ən az fərqə duyğunun fərqləndirmə həddi deyilir.
Eynicinsli qıcıqlar arasında ən az fərqi duyma qabiliyyətinə fərqləndirmə həssaslığı deyilir.
Duyğunun özünəməxsus psixofizioloji qanunauyğunluqlan vardır.
Müəyyən qıcıqlandırıcının hər hansı hissəyə uzun müddət fasiləsiz olaraq təsir göstərməsi nəticəsində həssaslığın dəyişməsi adaptasiya adlanır.
Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir. Lat. sensibilis — hissiyatlı deməkdir. məs, limon kimi turş və s.
Qıcıqlandırıcının bir analizatora təsiri nəticəsində başqa analizator üçün səciyyəvi olan duyğunun əmələ gəlməsinə sinesteziya deyilir. Sinesteziya duyğuların müxtəlif növlərində müşahidə olunur. Ən çox görmə — eşitmə sinesteziyasına rast gəlmək olar. Bu zaman səs qıcıqlandırıcılarının təsiri altında subyektdə görmə surətləri yaranır.

4-cü sual. Duyğu ilə qavrayış bir-birilə sıx surətdə bağlıdır. Hər ikisi obyektiv reallığın hiss orqanlarına təsiri nəticəsində yaranan hissi inikasdır. Lakin qavrayış bu və ya digər predmetin və ya təzahürün hissi şəkildə dərk olunmasıdır. Duyğu isə hər hansı bir ayrılıqda götürülmüş keyfiyyətin inikasıdır. Duyğu və qavrayış üçün ümumi cəhət ondan ibarətdir ki, cisim və hadisələr bilavasitə hiss üzvlərinə təsir edir. Hər ikisi real gerçəkliyin inikasıdır. İstər duyğu, istərsə də qavrayış prosesində analizatorun fəallıq halına gəlməsi zəruridir.
Qavrayış hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütün əlamət və xassələrin bütövlükdə inikasından ibarət olan idrak prosesidir.
Qavrayış surətləri öz təbiəti etibarilə çoxmodallı olur, belə ki, onlar bir neçə analizatorun birgə fəaliyyəti sayəsində baş verir. Çünki qavrayışın əsasında analizator arası əlaqə, müxtəlif analizatorlar arasında yaranan əlaqə durur. Məsələn, görmə analizatoru cisimlərin səs və ya temperatur xüsusiyyətlərini əks etdirə bilməz. Odur ki, ayrı-ayrı analizatorlar bu və ya digər cismin hər hansı bir keyfiyyətini əks etdirir. Deməli, duyğu surətlərində cismin yalnız müəyyən keyfiyyətləri əks olunur. Qavrayış surəti isə onun tam bir predmet olduğunu əks etdirir.

5-ci sual. Qavrayışın bir sıra spesifik xüsusiyyətləri vardır: qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, seçiciliyi, mənalılığı, appersepsiya.
Qavrayışın əsvaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim yaxud hadisəni aləmdə mövcud olan cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prossesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır.
Qavrayışın sabitliyi obrazın qavranılmasının fiziki şəraitdən qeyri-asılılığını ifadə edir. Bu isə özünü qavranılan obrazın sabitliyində göstərir. Predmetdən hiss orqanlarına gələn siqnallar daima dəyişsə də onların rəngi, forması və ölçüsü bizim tərəfimizdən sabit qavranılır.
Qavrayışın strukturluğu və ya tamlığı — bu xarakteristika qavrayışı keyfiyyət baxımından duyğudan fərqləndirir. Yəni əgər duyğuda predmet və ya təzahürün ayrı-ayrı xüsusiyyətləri əks olunursa qavrayış tam bir obrazdır. Bu cür tam obrazın yaranması üçün ayrı-ayrı elementlərin tam strukturda qruplaşmasını təmin edən müəyyən faktorlar labüddür:

Yaxınlıq amili
Yaxşı forma amili
Həmcinslik amili.
Qavrayışın mənalılığı — qavrayışı mənalandırmaq predmeti müəyyən predmetlər sinfinə aid etmək deməkdir.

Qavrayışın seçiciliyi bizi əhatə edən külli miqdarda qıcıqlandırıcılardan məhz bizə lazım olanının seçilməsidir. Qavrayışın seçiciliyi daxili və xarici amillərlə əlaqədar olur. Xarici amillərə aşağıdakılar aiddir:intensivlik (siqnalın gücü);
təkrarlanma
kontrast
hərəkət
Qavrayış prosesində hərəkət edən predmetlər daha çox diqqəti cəlb edir, nəinki statik predmetlər.
- yenilik — insan qavrayışı yeni təzahür və predmetlərə daha həssasdır.
- tanışlıq — əgər hansısa bir təzahür və hadisə bizə tanışdırsa, onu ümumi qıcıqlandırıcı kütləsindən ayırmaq və qavramaq daha asandır.
Qavrayışın insan psixi həyatının məzmunundan, şəxsiyyətindən, keçmiş təcrübəsindən asılılığı appersepsiya adlanır. Bu termin Leybnits tərəfindən irəli sürülmüşdür. Appersepsiya insan qavrayışını fəallaşdırır. Belə ki, insan hər hansı cismi, hadisəni qavrayarkən ona müəyyən münasibət bəsləyir.

6-cı sual. Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur:

Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə
Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə
Qarşıda məqsədin olub-olmamasına görə
Birinci bölgüyə əsasən qavrayışın sadə növlərini — görmə, eşitmə, iybilmə, dadbilmə və s.ayırd edirlər. Adətən, qavrayış bir sıra analizatorun qarşılıqlı təsirinin nəticəsidir. Qavrayışın bu müxtəlif növlərinə təmiz halda demək olar ki, nadir halda rast gəlinir. Adətən, onlar bir-birinə kombinə olunaraq mürəkkəb qavrayış növləri əmələ gətirirlər. Qavrayışın təsnifatının digərinin əsasında materiyanın mövcudluq formaları durur. Bu təsnifata uyğun olaraq zamanın, məkanın və hərəkətin qavranılmasını aid edirlər.
Məkan qavrayışı cisimlərin məkan münasibətlərinin inikası olub, insanın ətraf mühitə bələdləşməsinin zəruri şərtidir. üna görə ki, bütün cisimlər və hadisələr məkan və zaman daxilində mövcud olur. Məkanın qavranılmasında əsasən görmə analizatoru iştirak edir. Ümumən məkan qavrayışları gerçəkliyin cisimlərinin məkan münasibətlərini düzgün əks etdirir. Bəzən müxtəlif səbəblərdən asılı olaraq cisimlər təhrif olunmuş vəziyyətdə əks etdirilə bilər. Bu da iki amildən asılıdır: 1) cisimlərin əhatə dairəsindən; 2) analizatorların sağlamlıq vəziyyətindən. Cisimlərin belə təhrif olunmuş şəkildə qavranılması illüziya adlanır. İllüziyalar müxtəlif analizatorların fəaliyyətində müşahidə olunur. Əsasən də görmə qavrayışlarında daha çox nəzərə çarpır.
Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insana ətraf mühitə bələdləşmək imkanı verir.
Hərəkət qavrayısı cismin istiqamətinin, sürətinin inikasıdır. Hərəkət qavrayışı cismin yerdəyişmə sürətindən, uzaqlığından, həmçinin müşahidəçinin özünün məkanda hərəkətindən asılıdır. Yəni bu obyektlərin məkanda tutduğu vəziyyətin dəyişməsini əks etdirir. Çox yavaş və ya çox sürətlə hərəkət edən cisimləri qavraya bilmirik. Hərəkətlərin qavranılması görmə, eşitmə və hərəkət analizatorlarının birgə fəaliyyəti sayəsində baş verir.
Qarşıda məqsədin olub-olmamasından asılı olaraq qavrayışın iki növü mövcuddur:

qeyri-ixtiyari qavrayış
ixtiyari qavrayış
Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyarı qavrayış deyilir.
Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir.


Tarix: 27.11.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Ümumi Psixologiya
loading...