beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynlərini idarə edən uşaqlar

Uşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?

Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir — uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsərəlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir.

Uşaq manipulyasiyası ilə mübarizə aparmağın yeganə yolu tərbiyədə ardıcıllıq və uşağa davranış qaydalarının öyrədilməsində daimilik prinsipinin gözlənilməsidir. Belə situasiyalarda əgər fikir verməsəniz, uşaq isterikanı tez dayandıracaq. Uşaq görsə ki, onun nümayişkaranə davranışı və göz yaşları lazımi effekt vermir, ağlamayacaq və valideynləri ilə ünsiyyət qurmaq üçün başqa yol axtaracaq. Əgər Siz hövsələnizi bassanız və üstündə dursanız, “bağlanmaq istəməyən” iplər əvvəl-axır bağlanacaq. Əgər ana, nənə və ya evdəki digər böyüklər “nəyi etmək olar və nəyi etmək olmaz” baxımından eyni mövqedə dursalar, uşaq davranış qaydalarına daha yaxşı riayət edəcək. Valideynlərlə aparılan bu “uşaq oyun”larından böyüyəndə manipulyatorlar yetişir. Uşaqlıqdan arzularının həyata keçirilməsinə öyrəşən insan ətrafdakılardan tələbatlarının ödənilməsi vasitəsi kimi istifadə edir. İnsanlara hörmət və məhəbbət bəsləmək əvəzinə, onları öz mənfəətinə uyğun idarə edəcəyi obyektlər timsalında görür. Uşağın insan kimi böyüməsi üçün insan cəmiyyəti və insan tərbiyəsinin olması lazımdır. Psixoloqların fikrincə, insan mühiti yalnız uşağın inkişaf şərti deyil, inkişaf mənbəyidir. Hər bir ailənin özünəməxsus “ruhu” “iqlimi” var. Bütün bunlar uşaqların davranış xüsusiyyətlərində, sabit şəxsiyyət keyfiyyətlərində ifadə olunur. Əgər uşaq qarşılıqlı hörmət, məhəbbət və mərhəmət şəraitində böyüyürsə, davranışında bu keyfiyyətləri təzahür etdirir.

Əgər uşaq dava-dalaş, ixtilaflar olan ailədə böyüyürsə, onun davranışı gectez analoji olacaq. Məlumdur ki, uşaq problemləri ailənin “güzgü”südür. Uşaq evdə, ailədə gördüklərini oyunlarında, yaşıdları və yaşlılarla ünsiyyətində əks etdirir. Uşaq üçün onun ailəsi dünyadır. Bu ailəni necə görürsə, onun ətraf aləmə münasibəti də elə olacaq. Erkən yaşlarından sevildiyini, valideynlərinə lazım olduğunu bilən uşaq böyük aləmdən qorxmur, çünki yaxınlarının dəstəyini hiss edir. Uşaqlıqdan sevilməyən, valideynlərində qəzəb və narazılıq yaradan uşaqlar özlərini sevilməyə layiq bilmir, insanlardan qorxurlar. Qorxu həmişə aqressiya yaradır, ən yaxşı müdafiə isə hücumdur.


Tarix: 27.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Ümumi Psixologiya