beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Depressiyadasız?

“Mən depressiyadayam!” Yəqin ki, bunun ətrafdakılarınızdan çox tez-tez eşidirsiiniz. Bəzən isə özümüz də özümüzə belə bir «diaqnoz» qoyuruq. Hər gün minlərlə insan depressiya əleyhinə həblər qəbul edir. Bəs depressiya həqiqətənmi tez-tez baş verir? Onu müəyyən dərman və preparatlarla müalicə etmək mümkündürmü?

“Depressiya” tibbi termindən daha çox, ümumməişət terminə çevrilib. Statistikaya əsasən, dünyada 110 milyon insan bundan əziyyət çəkir.
Depressiyanın klassik simptomları — əhvalın pis olması, hərəkət və düşüncələrdə ləngimədir. Depressiyanın səbəbləri isə müxtəlifdir. Bundan asılı olaraq müalicəsi də müxtəlifdi — həblərdən başlamış psixoterapiyaya qədər. Tibbi təhsili olmayan insan bundan baş çıxarmaz. Əgər özünüzə depressiya diaqnozu qoymusunuzsa psixiatra müraciət edin. Utanmağa, gizlənməyə ehtiyac yoxdur. Çünki sizə məhz o həkim kömək edə bilər.

Psixoterapevtlər depressiyanın 5 növünü müəyyənləşdiriblər. Bunlardan ən çətin və təhlükəlisi “endogen depressiya”dır. Xoşbəxtlikdən bu sindrom psixi pozğunluğu olan insanların 3%-də rast gəlinir. Bu xəstəlik yaşama həvəsinin olmaması ilə müşahidə olunur. Onları xəstəxanada ciddi preparatlarla müalicə edirlər.

Geniş yayılmış növ “fəsil depressiyası”dır. Məsələn: payız və ya mensturasiya öncəsi sindrom. Alimlər indiyə qədər bu cür vəziyyətləri izah edə bilməyiblər. Lakin təxmin edirlər ki, bu hallar insanın bioritmləri ilə əlaqədardır. Məsələn: soyuq orqanizmə passivlik siqnalı verir, sosial həyat isə bizdən əksini tələb edir.
Məişəti depressiya da vardır. Bu, əhvalın pozulması ilə özünü göstərir. Yəqin hər birimiz bununla qarşılaşmışıq. Məişəti depressiya hər hansı həyat konfliktinə olan reaksiyadır. Üzülməmək üçün vaxtaşırı həkimə müraciət edin. Bu, ətraf-aləmlə ünsiyyətinizə kömək edəcək.

Əsəbi xarakterli depressiya da mövcuddur. Yəni nevrozdan yaranır. Pis yuxu, narahatlıq, daimi gərginlik, daxili konflikt və müəyyən xarici faktorlar dərin depressiyaya gətirib çıxarır. İnsanlar tez-tez ağlayır, isterik hallara düşür, daim həyatından narazı olur. Bu haqda söhbətlər onlara müəyyən müddətə rahatlıq bəxş edir. Lakin lazımi köməyi yenə də professional göstərəcək. Bəzən insanlar belə hallarda reklam olunan antidepressantlar qəbul etməyə başlayırlar. Bu, düzgün deyil. Ən yaxşı məsləhəti həkim verə bilər. İkincisi, mövcud daxili problemlərin öhdəsindən də həkim gələcək.

Nəhayət, depressiya sadəcə insanın xarakterinin cizgisi ola bilər. Elə insanlar vardır ki, onlarda hər zaman hər şey pisdir. Onlar illərlə bu cür olurlar. Səbəb — qeyri-düzgün tərbiyə, dərin daxili travmalar və ya hər hansı yaşantılar ola bilər. Yenə də bu işin öhdəsindən psixoterapevt gələcək. Lakin bu cür insanları həkimə göndərmək də böyük problemdir.

Psixoloqlar iddia edirlər ki, depressiya insan üçün “mühafizə rejimi”dir. Təhlükəli hallarda insan əlaqələrini kəsir, emosiyaları yox olur, aktiv sosial həyatdan uzaqlaşır, yeniliyə can atmır və s.
depressiya
Əksər hallarda depressiya ailədə bu vəziyyət baş verdiyi hallarda uşaqlara da keçir. Çünki uşaqlar böyüklərin etdiklərini təkrar edirlər. Məsələn: ananın əhvalı pisdir, yaşamağa həvəs yoxdur. Qızı qara paltar geyinir və hər şeyə qarşı mənfi münasibət göstərir. Buna görə də mütəxəssislər israr edirlər ki, doğmalar, yaxınlar depressiyada olan insanın sağalmasında yaxından iştirak etsinlər. Hətta “ailəvi psixoterapiya” adlı istiqamət də var.
Yaxınlardan kimsə depressiyadadırsa, özünüzü necə aparmalı?

1. Hər çatana əhvalınız haqda ətraflı danışıb depressiv vəziyyətinizi bir qədər də dərinləşdirməyə dəyməz. Lakin pis əhvalınızdan utanmaq da lazım deyil. Yəqin ki, sizin belə vəziyyətinizi görən dost-tanışlar əylənməyi, gəzməyə getməyi təklif edəcəklər. Niyə də yox! Çalışın onların məsləhətlərinə qulaq asasınız. Lakin kədərinizi spirtli içkilərlə əvəz etməyə çalışmayın. Ən yaxşı üsullar; kino, teatr, sərgilər, kitablar, dostlarla görüş və s. Əgər depressiya 2-3 həftə ərzində keçmirsə, mütləq mütəxəssisə müraciət edin.

2. Dərinə gedin, səbəbləri araşdırın və müalicə edin. Nəticəni əlinizdə bayraq etməyin. Hətta heç bir antidepressant yüz faizlik qarantiya vermir. Çalışın anlayasınız ki, sizə rahatlıq verməyən nədir? Unutmayın ki, həyatınızda hər şeyi yerbəyer etmək heç vaxt gec deyil.

3. Bəzən depressiya insan psixologiyası üçün çox önəmlidir. Məsələn: yaxın insanı itirdikdə. Kədər — psixoloji müdafiənin təbii mexanizmidir. Bunun da bir neçə mərhələsi var. Əsas odur ki, asılı hala düşməyəsən. Sonra çıxmaq çətin olacaq. Əgər bu baş verərsə, həkimə müraciət etməlisiniz.


Tarix: 27.11.2014 / 12:33 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Ümumi Psixologiya