beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaralı yerimiz - Şuşa

Şuşa bir şəhər kimi yox, sənət əsəri kimi yaradılır. 1750-ci ildə Qarabağ hakimi Pənahəli xan Qarabağın ən uca zirvəsində qala salmaq qərarını verir. Illər keçir və həmin zirvədə şəhərdən daha çox öz havası, təbiəti, suyu ilə, öz sənəti və musiqisiylə seçilən böyük bir qala yaranır.

Hər bir daş, hər bir ağac, hər bir abidə bir-biriylə görünməz dillərlə bağlanır. Əvvəllər Pənahabad adlanan Şuşada 17 məhəllə salındı, hər məhəllənin öz məscidi və məhəllə bulaqları oldu. Amma Şuşanın bundan sonra yaşayacağı tarix onun gözəlliyinin tam əksi olur. Pənahəli xanın vəfatından sonra Qarabağ xanlığına onun oğlu İbrahimxəlil xan rəhbərlik edir. Onun dövründə Şuşanın şəhər kimi formalaşdırılması prosesi başa çatır. Mədrəsələr tikilir və Molla Pənah Vaqif bu xanlığın xarici işlər məsələləriylə məşğul olur. Qarabağ xanlığı Gürcüstanla müttəfiqlik müqaviləsi bağlayır, lakin 1783-cü ildə Gürcüstan Rusiya tabeliyini qəbul edir. İbrahimxəlil xan və rus diplomatları Qarabağın Rusiya tabeliyinə keçməsi barədə danışıqlara başlayır. İran hökmdarı Ağa Məhəmməd Şah Qacar bundan xəbər tutan kimi Şimali Azərbaycan xanlıqlarının rəhbərlərini, o cümlədən, Qarabağ xanlığını ona tabe olmağa çağırır.

Öz gücünə əmin olan İbrahimxəlil xan Qacarın çağırışını rədd edir. Bir sözlə, XVIII əsrin 90-cı illərində Qacarın Şimali Azərbaycan xanlıqlarını ələ keçirmək cəhdləri iflasa uğrayır. 1801-ci ildə İmperator I Aleksandr Gürcüstanın Rusiyaya birləşməsi haqqında sənəd imzalayır. Bundan sonra ruslar Şərqi Gürcüstanın ərazisini meydan kimi istifadə edərək Azərbaycana qarşı öz planlarını həyata keçirməyə başlayır. 1804-1813-cü illərdə Qarabağ xanlığı yenidən hərbi əməliyyatların aparıldığı meydana çevrilir. Bu səbəblə, İhrahimxəlil xan Rusiya İmperiyasının təklifini qəbul etmək məcburiyyətində qalır. 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiyanın tabeliyinə keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanır. Bir neçə aydan sonra Rusiya podpolkovnikinin təşkilatçılığı ilə İbrahimxəlil xan qətlə yetirilir. İbrahimxəlil xanın oğlu Mehdiqulu xan 1822-ci ilə qədər (xanlıq ləğv edilənə qədər) Qarabağa hökmdar edir.

Lakin Qarabağın işğalı bununla yekunlaşmır. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürülür. Və Rusiyanın planlarına uyğun olaraq İran və Türkiyədən Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi siyasətinə start verilir. II Rus-İran müharibəsi gedişində İrandan Azərbaycana, o cümlədən, Qarabağa 18 min erməni ailəsi köçürülür. Arxivlərə görə, Türkmənçay müqaviləsinə əsasən 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 mindən çox İran ermənisi və 84 min Türkiyə ermənisi köçürülüb. Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni ermənilər təşkil edirdisə, köçürülmə siyasəti nəticəsində azərbaycanlıların sayı 64,8%-ə endi, ermənilərin sayı isə 34,8% qalxdı. Bir neçə vaxtdan sonra ermənilər siyasi tələblər irəli sürməyə başlayır. Onların əsas tələbi isə Böyük Ermənistanın yaradılması ilə bağlı olur. Bu səbəbdən XIX əsrin II yarısında ilk erməni radikal terrorçu təşkilatları yaranır. Onlar əsasən, Qarabağı, Naxçıvan və Zəngəzuru işğal etmək niyyətinə düşürlər.

Azərbaycanın bir çox digər şəhərləri kimi Şuşa bu kifir siyasətin qurbanına çevrilir. XX əsrdə Şuşa üç dəfə erməni təcavüzünə məruz qalır. 1905-1906-ci illərdə erməni daşnaqlarının silahlı dəstələri Şuşa şəhərinə hücum edir və şəhərin bir hissəsini tamamilə yandırır. Buna baxmayaraq, Şuşa təslim olmur. 1918-1920-ci illərdə ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri soyqırım zamanı Şuşa yenidən tarixin qanlı səhifələrini yaşamalı olur.

1920-ci ildə şəhərin bir hissəsi yenidən yandırılır. Şuşa yandırılsa da, onun ruhunu, irsini yandırmaq olmur. Və Şuşanı da yaşadan elə bu olur. Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra da erməni daşnaqları Qarabağdan əl çəkmir. 1923-cü ildə Qarabağa Muxtar Vilayət Statusu verilir. Daşnaqlar nə qədər cəhd etsələr də, cəhdləri nəticə vermir. Lakin XX əsrin sonlarında Sovet İmperiyası dağılandan sonra onlar yenə havadarlarının köməyi ilə məqsədlərinə nail olur. 1992-ci il mayın 8-ində Şuşa ermənilər tərəfindən işğal olunur. Yenə həmin vəhşilik və həmin vandalizm. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.

Şuşa abidəsi ermənilər tərəfindən üçüncü dəfə yandılır. Bu dəfə şəhər əsaslı şəkildə məhv edilir. Şuşanın gözəlliyi tək onun memarlığında deyildi. Şuşa elə özü təbii muzey idi. Rusiya İmperiyasının tərkibində ilk ümumdövlət məktəbi 1830-cu ildə məhz Şuşada yaradılmışdır. Şuşa tez bir zamanda Elmi Mərkəz adını qazanır. Şəhər öz operası, muğamı, sənət musiqisiylə dünyaya səs salır. Üzeyir Hacıbəyov, Bülbül, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski, Niyazi, Fikrət Əmirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Ələsgərov və.s.― Şuşa bu nəsillərin vətənidir. Bülbül Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını Rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanın yeni oxuma məktəbi yaradır. Şuşa intellektual, istedadlı gənclər yetişirirdi.

Ermənilər hər şeyi bir dəfəyə məhv etdilər: Üzeyir mədəniyyəti və Üzeyir ev muzeyi, Bülbül mədəniyyəti və ev muzeyi, Cabbar Qaryağdı oğlu və evi, Seyid Şuşinski, Xan Şuşinski mədəniyyəti. Və Şuşanı öldürməklə, onun qanını tökməklə ermənilər bəşər mədəniyyətinə qarşı ən böyük cinayəti törətmiş oldular. Şuşa torpağından çıxan Xan qızı Xurşudbanu Natəvan dünya ədəbiyyatı və incəsənətinə əvəzsiz töhfə verdi. Şuşanın qala qapılarından dünyaya öz şerlərini yayan, dünyanın ədəbi xəzinəsinə öz imzasını atan dahi idi. 1973-cü ildə Şuşaya çəkdirdiyi su kəməri “Xan qızı bulağı” da artıq məhv olmaq üzrədir. İndi İncəsənət muzeyinin həyətində yerləşən büstlər güllələrlə deşilmişdir. Həmin abidələr ermənilər tərəfindən işğal dönəmində oğurlanmış, daha sonra səylər nəticəsində geri qaytarılmışdır.


Tarix: 10.12.2014 / 11:09 Müəllif: Aziza Baxılıb: 213 Bölmə: Ümumi Melumat