★★★Kicik hekaye
Bir müddət rayonun ziyalılarından sayılmış və indi unudulan, hətta unudulduğu üçün bəzilərinin də yazığı gəlinən şair Aydın Gəncər haqda qəribə şayiələr dolaşmaqda idi. Bu şayiələri bir yerə toplasaq “məmmədqulusu” bu idi- şair getdikcə dəli olur. Kimi deyirdi istedad basıb ağlını “nakazat eləyib”, kimi deyirdi savad ağlına zor gəlib, kimi də deyirdi onsuz da şairlər bir az dəlifason bir şeylər olurlar. Aydın Gəncərin ağlının azaldığını düşünənlər onun el arasında hörmətinin də azaldığını düşünürdülər. Hanı o Aydın Gəncər ki bir toy onsuz keçməzdi-elə bir tamadalıq edərdi bütün toy əhli şad olardı. Hanı o Aydın Gəncər ki rayonmiqyaslı tədbirlərdə elə şeirlər deyərdi ki camaat yarım saat əl çalardı? Hanı o Aydın Gəncər ki arada ekrana da çıxardı-qohumları da bir ay bu hadisədən danışıb ona –buna yanıq verərdilər.
İndi nooldu ona ki –ümumiyyətlə heç çağrıldığı toya da getmir- 5 saat bozartma yemək olmaz deyir. Hanı o Aydın Gəncər ki elin bir yasına da getmir-bu ağlaşmadan çıxıb bozartmaya daraşan qadınları görmək istəmirəm deyir. Sanki özü ölməyəcək, özünün ölüsü düşməyəcək. İndi nooldu ona ki heç mərəkəyə də çıxmır-artıq bu admlarla o qədər eyni şeylərdən danışmışıq təkrar eşitmək istəmirəm onların məişət söhbətlərini deyir.
Bəs gəlin görək bu Aydın özü nə düşünür özü haqda. O, yenə özü ilə danışırdı:
-Öl Aydın ,öl. Sənin uğrunda mübarizə apardığın amalları heç öz evidədə yaşada bilmirsən. Öz arvadın iki gündü səndən gör nəyə görə küsüb-filan seriala baxmasına mane olmusan. Öz anan gör səndən niyə küsüb-sənin məqalələrindən biri keçib əlinə. Indi arvad elə bilir balasını bu gün sabah tutacaqlar.-Səndən adam olmadı deyir. Niyə Allahın qoyduğu yolnan getmirsən?
Guya həqiqəti yazmaq şeytanın qoyduğu yol imiş. Ən yaxın dostun da üz döndərdi səndən-nədi-nədi seçkidə ona kömək eləməmisən. Osa onsuz da seçilib, sənin pisliyin özünə qalıb. Amma adam başa düşmək istəmir ki balam, mən sənin xeyrinə təbliğat apara bilmərəm. Birincisi sən haqsızların tərəfindəsən. İkincisi mən daha bu xarabada heç bir qapıya səs dilənməyə gedəsi deyiləm. lağ edirlər mənə-bu dəfə də uduzacaqsan, şair, baş qoşma bu işlərə- deyirlər. Hələ eləsi də var ki arsızliq etdiyimi düşünür bir səs dilənçisi kimi.əslinə qalsa mən bir yazar kimi istənilən siyasətçıdən üstün cəhətlərə malikəm. Mən siyasətçı kimi xalqın səsinə ehtiyac duymuram. Buna görə də onun səhvlərini onun üzünə deyirəm. Xalq da məni sevmir. Xalq onu aldadanları sevir. Mən bu xarabada kimin qapısına gedim.? Bəlkə Xəlilin-axı mən dəqiq bilirəm ki o arvadı qoydu İcranın qucağına oldu sayılıb seçılən kişilərdən biri. Bəlkə Fuadın qapısına gedim-İcra Haca göndərdi, qayıdan kimi də bir çappa araq içdirdi xalqın gözü önündə. Bəlkə Taryelin qapısına gedim-yenə deyəcək ki şair, kim eşşəkdi biz də ona palanıq. Hər dəfə də onun , o savadsızın sözləri doğru çıxır.
Gör ən inandığın adamlar olan uşaqlıq dostların niyə incidi səndən-birinin toyunda şeir demədin, birinin atasının baş daşına şeir yazmadın, birini də deputat dostunla görüşdürməin.
Sənin heç qələm dostların da səni sevmir. Istedadsızlar Marten İden dediyi kimi tutublar redaksiyaları-indi sən onlardan asılısan. Hamısı özlərindən zəifləri çap edirlər ki güclü görünsünlər. Sən də inada düşüb zəif yazmırsan.
Sən heç Kefli İsgəndər də deyilsən. Sən heç çaxır da tapmırsan içməyə. Sən həqiqətən dəli olacaqsan. Bu xarabada gör nə qədər artdı mollalar, falçılar. Onlar da bir ayrı düşməndilər sənə. Məmurlardan da, kütlədən də, idmançılardan da qorxulu düşmənlər. Allahın bir milli pasportunu da düzəltmədin ki başını götürüb rədd olasan buralardan.
Aydın Gəncərin belə öz-özünə danışmaları çox olardı və arvadı onun dəli olmasına bu halları da tutarlı bir sübut sayırdı. Aydın yazıq ha deyirdi-arvad, filan yazımı oxu-arvad heç gözucu da baxmırdı onun yazılarına. Hətta bir dəfə Aydın o yazılardan birini tualetdə çəhrayı rəngə boyanmış gördü. Üstəlik ekranda bir şair görən kimi Aydını partlamaya salırdı arvad-şair elə olar, yoxsa sənin kimi filankəs rüşvət alır. filankəs talan edir.
Beləliklə bütün Aydınsevərlər onun halına acıyırdılar. Bu vəziyyətdə bir çıxış yolu tapmağa çalışırdılar.
Əvvəlcə şairi rayonun baş psixatoruna göstərdilər. Aydin bir saat psixatrla təkbətək söhbət edəndən sonra psixatr bayira çıxıb:
-Bu dəli-zad deyil,özünü yəqin dəliliyə vurub. Çünki möhtərəm prezidentimiz yenə dedi ki müharibə ola bilər. Yəqin müharıbədən yayınmaq istəyir-belələrinə aman yoxdu. Hər şey Vətən üçün! Dövlət əleyhinə şeirləri də varmış bunun.
Sonra qohum- qardaş yığılıb deputata bir ram atdılar. Ondan da cavab gəldi ki:
-Vallah mən onu bağışlayaram. Gəlsin YAP-a keçsin, sonra AYB-yə keçirim onu. Sonra da prezident təqaüdünə saldırım adını. Hələ gələn seçkidə mənim yerimə deputat da olar. Mən Bakıdan seçiləcəm onda.
Bildilər ki Aydın buna gedən deyil. Başlarını yelləyə-yelləyə başqa üsullar barədə fikirləşdilər. Və nəhayət bu üsul tapıldı.Bir baxıcıya getmək lazım idi. Kitab açsın görək bu baxtıqaraya nooldu. Həm də qorxurdular baxıcı şairin son vaxtlar Allah barədə dediklərini bilib onları qovlaya.
Amma baxıcı onları qovlamadı. Onsuz da baxıcı belə bir fürsət gəzirdi. Əlləri gicişirdi şairi döymək üçün. Sair onun fırıldaqçı olduğunu çox car çəkmişdi.
-Dərdiniz böyükdü. Amma əlac var. Gərək onun barəsində hər şeyi danışasınız.
Məcbur qalıb qorxa-qorxa Allah barədə şairin dediklərini də baxıcıya dedilər. Baxıcı beş dəfə « əstafürüllh » deyəndən sonra :
- Qəlbinə şeytan girib, çıxartmaq lazımdı !
-_
Bu baxıcı cəmi bir ildi ki baxıcılıq edirdi. Guya Allah ona vergi vermışdi. Kartı açar, adamın taleyini deyərdi. Gələcək bəlaların qarşısını alardı.Şairin qohumlarına da vaxt qoydu ki bu ağır işdi, gərək köməkçilərim də olsun yanımda. Onlar gələnəcən gözləməlisiniz.
Üç gündən sonra hər şey hazır oldu. Baxıcı və onun köməkçiləri şairin bədənindən şeytanı qovmaq üçün oz məkanlarını da dəyişdirmişdilər. Sair bilməməliydi hara gedir. Beləliklə şairi araq dostu tovlayıb qonaqlığa aparası oldu. Sair də özüylə bir slma götürüb araq dostuna qoşuldu.
Baxıcıların ikisi və araq dostu onun qollarını tutmuş, əsas baxıcı da ələm ağacıyla döyəşləyə-döyəşləyə deyirdi:
-Rədd ol məlun şeytan, rədd ol məlun şeytan !
Araq dostu :
-Döz qardaş, döz bu bəladan qurtaracaqsan, düşmənlərin gözü çıxsın.
Şair:
-Axmaqlar, məni həqiqətən öldürməkmi istəyirsiniz ? Buraxın məni. Bunu bilin ki siz məni bu fırıldaqçılara yem etməyinizlə ən əxlaqsız iş görürsünüz. Tfu sizin üzünüzə, tfu. Sizin Allahınız bunu necə götürür ? mənim qəlbimə girən şeytan sizin beyninizə girən Alalhdan daha gərəklidi.
Sonra da şair Allah demədi, bəndə demədi hamısına ağır söyüşlər yağdırdı.
Onun səsinə, harayına dözmək olmurdu. Amma onu istəyənlər- döz, şair döz deyirdilər. Birdən şairin söyüşləri kəsildi. Elə bildilər şeytan qovuldu. Amma məlun oldu ki şairin beyninə qan sızıb.
Baxıcılar:
-Allah şeytana lənət eləsin.
Camaat:
-Allah rəhmət eləsin.
Hamısı bir ağızdan “Amin” dedi. Aydın Gəncər sağ olsa deyərdi:
-Sizin bu “amin”lərinizin insane həyatında amin turşuları qədər dəyəri yoxdu.
Tarix: 19.11.2013 / 04:10 Müəllif: Akhundoff Baxılıb: 426 Bölmə: Sevgi varmı?