- Səni görmək istəyirəm.
 - Hm…
 - Nə oldu?
 - Heç. Cavab tapmadım sözünə.
 - Niyə ki?
 - Çünki lap əvvəldən görüşməyəcəyimizi sənə demişdim. İndi birdən durub belə deməyin…
 - Ürəyimdən keçdi, dedim. Belə yazmağına inanmıram, bilirəm ki, indi sən də məni görmək istəyirsən.
 - Axı bu haqda danışmışdıq.
 - O danışıq əvvəl olmuşdu, məni elə də yaxşı tanımadığın vaxtlarda. İndi isə başqa cür fikirləşirsən. Düz deyirəm?
 - Nə isə…
 - Həmişəki kimi. Yenə də sualımdan yayınmaq üçün bu “nə isə”ni atdın ortaya.
 - Yaxşı da, bəsdir…
 - Gəl, görüşək. Elə indi, bu dəqiqə.
 - Dəlisən? Saata bax, gecəyarıdan bir saat keçib.
 - Nə olsun ki? İstəsən alınar.
 - Bu vaxt? Həm də hərəmiz şəhərin bir tərəfində yaşayırıq axı.
 - Dedim ki, alınar. Təki, sən istə. Nə deyirsən, istəyirsən?
 - Yaxşı, tutaq ki, istəyirəm.
 - Bax, indi ikimiz də eyni anda eyvana çıxırıq.
 - Sonra?
 - Səmaya diqqətlə baxıb ən parlaq ulduzu tapırıq.
 - Və?
 - O ulduzda mən sənin üzünü görəcəyəm. Əgər ürəkdən istəsən, sən də məni görə bilərsən.
 - Yaxşı da, güldürmə məni.
 - Gülməlidir ki?
 - Zəhləm gedir bu Şekspir variantlı ay-ulduz romantikasından da.
 - Bunun Şekspirə nə aidiyyatı? O da belə görüşə çıxırdı?
 - Orasını dəqiq bilmirəm. Amma hər dəfə belə romantik sözlər görəndə Şekspirin sona qədər oxuya bilmədiyim “Romeo və Cülyetta”sı gəlib durur gözümün qabağında.
 - Niyə oxuya bilməmisən o əsəri?
 - Oxuyanda hiss elədim ki, sonuna çatsam, gülməkdən ölə bilərəm.
 - “Romeo və Cülyetta”nın komediya olduğunu da səndən öyrəndim.
 - Komediyadır da. Adam bir neçə saat əvvəl gördüyünə vurulub elə axmaq sözlər deyə bilər?
 - Adam hətta heç görmədiyinə də vurula bilər.
 - Məsələn, bizim dastanlarda olduğu kimi? Oğlan yatır, yuxuda ona “buta” verilir. O da “buta”sını tapmaq üçün diyar-diyar gəzir.
 - Sən dastan danışırsan. Mən isə müasir dövrün məhsulu olan virtual sevgini nəzərdə tuturdum.
 - Hə, aydındır…
 - Nə deyirsən, görüşək?
 - Sən hələ də ay-ulduz halındasan?
 - Hə.
 - Eyvana çıxım indi?
 - Tənbəlliyini kənara qoy. Dur kompyuterin qabağından.
 - Oldu. Daha sənsən də.
 - Getdik…
 *****
 - Eh… Alınmadı.
 - Sizin tərəfdə də ulduz yoxdur?
 - Lənətə gəlsin Qara Keşiş!
 - Bu gecə vaxtı Qara Keşiş haradan düşdü yadına? Yoxsa sən hələ də dastandasan?
 - O vaxt “qaratikan” oldu, indi də “qara bulud”. Görə bilmədim səni…
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 213 Bölmə: Sevgi varmı?