O gündən sonra səni ikinci dəfə idi görürdüm. Həyatımızın ən böyük cəzasından- əbədi ayrılığımızı dərk etdiyimiz o dəhşətli gündən sonra ikinci dəfə göz-gözə gəldik.
Dünən gecə o qəfil gizli nömrədən gələn telefon zəngi və “Sənsiz ömür bir kədər, eşqim..” deyə səslənən o mahnı bütün xatirələrimlə üz-üzə qoymuşdu məni. Sonra açmışdın nömrəni gecənin gec saatlarına qədər tək kəlmə belə demədən o mahnını təkrar –təkrar dinlətmişdin mənə. Əslində “dinlə” deməmişdin, mən də “dinləyəcəm” deyə söz verməmişdim. Biz susmuşduq, sükut imzalamışdı
“-Dinlə
-Dinləyəcəm”
deyən bu duyğu müqaviləsini. Fərqində deyildim artıq neçənci dəfə idi o mahnını dinləyirdim..dinlətdirirdin mənə.. Hər şey gözümün önündən kino lenti kimi keçirdi. Keçib gedən xatirələrin ardından isə göz yaşlarım su səpirdi.
“Bir bulud olub dolub, qalıb kövrəlmişəm mən, eşqim...”
deyə-deyə... Xəttin o başındakı SƏNin də əzabını əzbər bilirdim. Son dəfə mahnını dinləyib kiçicik mesaj yazdım sənə. “Artıq hər şey üçün zaman çox gecdir. Hətta mahnı dinləmək üçün də!”
Və bu gün təsadüfən qarşılaşdıq. Üzümə baxırdın. “Necəsən?” deyə soruşub ardından zarafatından da qalmadın “dirilmisən, yaxşısan:) . “Hə, əlayam, Allah razı olsun, ümid edirəm sən də yaxşısan və dediklərimi unutmamısan, xoşbəxt olacağına dair söz almışam səndən, imza atmısan altına. Sözünü unutma, hələlik “ deyib tez keçmək istəyirdim. Bu təsadüfi qarşılaşma heç nəyi geriyə qaytarmaq iqtidarında deyildi və yeni nəyisə başlatmasına qətiyyən imkan verməyəcəkdim. “Dur” dedin
-Buyur...
Hərarəti yüksək insanların sayıqlaması kimi heç nədən danışacağını belə xəbər etmədən ard-arda cümlələri düzdün...Səhvlərimizi deyirdin:
-Sən....Mən...Sən...Mən....Sən ....Mən
Ağzım açıq qalmışdı, balaca uşaq kimi sənə baxırdım. Sonluğa kimin səhvi möhür vuracaqdı onu gözləyirdim.
-Sənə “son şansımızdır, 1 dəqiqəlik məsafəndəyəm, çıx gedək” dedim. Gələydin və danışmayaydın mənimlə, illərlə yalvaraydım sənə məni bağışlaman üçün, amma gələydin. Bir səhvin iki ömrü yandırdı. Sənin və mənim ömrümü..Mənim ömrümü kül etdi hətta
dedin...Gözlərin dolmuşdu, başını yerə dikmişdin, yumruqların bir-birinə sıxılmışdı. Səni belə görmək mənə dünyanın ən dəhşətli ölümünü görməkdən daha ağır idi. Titrək səsin gəldi yenə:
-Olanları bilirsən. Borclu sayırdım özümü sənə. Mənə görə xoşbəxtliyini itirən insandan ayrı xoşbəxt olmağa haqq tanımırdım özümə. Hər şeydən imtina etdim. İndi yenə inad edirsən..
Nə deyəcəyimi bilmirdim. İki misranı xatırladım həmin vaxt. Həmin misraları ki, səndən mənə kiçicik bir kağız qalmışdı xatirə olaraq. Ötən xoşbəxt günlərimizdən birincə ilk dəfə küçədə yan-yana addımlayanda əlimi tutmuşdun, sonra qəfildən buraxıb məndən kağız qələm almışdın, orda xəyallarımızdan qaynaqlanan gerçəyə çevriləcəyini dəqiq bildiyimiz ( yaman da dəqiq bildik, fələk biz plan quranda yaman gülürmüş bizə ürək dolusu) zarafatla yan-yana “Bəyin imzası, Gəlinin imzası” yazmışdın və ikimizdə o kağıza imza atmışdıq. Sonra həmin o dəhşətli gün anlayanda ki, sən əbədilik mənim deyilsən daha o kağızın ardına hardansa ağlıma gələn iki sətir yazmışdım :
“Taledənmi küsək biz...?
Talesiz arzudanmı?”
İndi o misraları xatırlayırdım. Gözlərimə baxırdın sevgi dolu yalvarışla.. Bütün hisslərimi ürəyimdə boğmalıydım. Buna gücüm çatmalı idi.
-ÜMİDLƏRİNİ ARZULARIMIN YANINDA BASDIR!!!!- deyib ardıma da baxmadan addımladım.
Sənli hər dəqiqəm möcüzə dolu olmuşdu. Ən sonuncu dəqiqə olan bu dəqiqə də adətinə xilaf çıxmadı. Küçədə tanımadığımız bir göy qapının önündə rastlaşmışdıq səninlə. Səndən uzaqlaşmaq üçün ilk addımımı atanda göy qapılı həyətdən bir mahnı sədası yayılırdı...
“Açılmır səhər...
Sənsiz ömür bir kədər...
Eşqim...”
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Sevgi varmı?