Mən özüm ərköyün öyrətdim səni
İndi dözəm gərək şiltaqlığına.
Səni saflığına qurban olasan,
Səni bağışladım uşaqlığına.
Nə var tellərinə sığal çəkməyə,
Sənin əllərindən tutmağa nə var?!
Mənim məhəbbətim səndən böyükdür,
Bir qızın könlünə yatmağa nə var?!
Mənim məhəbbətim səndən böyükdür,
Mənim məhəbbətim sənnən toxtamaz -
Keçər, o dünyanın bağrından keçər.
Ucuz düşərsən ha, işdi - günahdı,
Birdən məni sevmək ağlından keçər.
Ahıl yaşamışam cavan ömrümü,
Qınama könlümdən cavanlıq keçər.
Sevgidən yetiməm, sevgidən acam,
Fikrimdən bir tikə yavanlıq keçər.
Sən məndən min ağac uzaq ol, uzaq,
Mən sənə boy verim, boyumu tut get.
Getdi sənnən mənim toy çaldırmağım,
Mənə bir baxış çal, toyumu tut get.
Mən özüm ərköyün öyrətdim səni,
İndi gərək dözəm şıltaqlığına.
Səni saflığına qurban olasan.
Səni bağışladım uşaqlığına.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 27 Bölmə: Sevgi şerləri