Çoxdan idi gözləyirdim bu günü
Mən bilirdim bunu – belə olacaq
Bu sahilsiz məhəbbətin, sevginin
Bilirdim ki sonu belə olacaq
Mən bilirdim qorxuludu böyük eşq
Bunu sənə dönə dönə demişdim
O tərsinə dönə bilər tez ya gec,
Dönə bilər bəzən kinə demişdim
Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, ekizi...
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü...
Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə...
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi...
Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər...
Çox Məcnunlar oldu eşqin qurbanı
Külə döndü gör nə qədər Leylilər...
Məhəbbətin bir sifəti inamdır,
O birisi həsrət, əzab, dərd, kədər...
Bir gün oldu azıb qaldıq dumanda,
Nagah kəsdi yolumuzu şübhələr...
Olduq dedi-qoduların gülüncü,
Aramızda girdi iblis ayrılıq...
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb...
Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük bizdən əl üzüb...
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü...
Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim – bunu belə olacaq...
Bu sahilsiz, məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri