Sən hardan biləsən nə çəkirəm mən.
Payızam...
Ey ömrün ilk baharlısı,
Sən hardan biləsən, nədən biləsən
Yoxdur bu dünyada səndən varlısı…
...Duman tək dağlara çəkilən mənəm,
Budaqlar üstündə quş tək dinən sən.
Payızda yarpağı tökülən mənəm,
Ömrün yaz çağında çiçəklənən sən.
İllərim xərclənmiş, ömür gödəlmiş,
Sənin yol gedəsi çox illərin var.
Mənim ürəyimdə baş-başa gəlmiş
Kövrək duyğulardan nə xəbərin var.
Deyirsən, ocağın közü mənəm, mən,
Sənsə tüstülənən xatirələrsən.
Ancaq xatirəmi?
Səhvin var sənin,
Dağdan xəbərsizdi arandakılar.
Bir də... unutma ki, tüstülənənin
Təzədən tutuşub alışması var.
Sən hardan biləsən, sevda anları
Qənimət payıdır tükənən ömrün.
Sısqa bir bulağın son damcıları
Daha şirin olur təşnələr üçün.
Sən hardan biləsən, axşam şöləsi
Niyə aynaları alovlandırır.
...Sən hardan biləsən bülbülün səsi
Niyə son baharda ürək yandırır.
Artır zaman-zaman vaxtın qiyməti,
Arzu min həvəsdə, ürək təlaşda.
Sən hardan biləsən, gözün ləzzəti
Qəlbin ağrısına dönür bu yaşda.
Sevgi yaş tanımır... Qəlbini yandır!
Yanaraq yaşasan, yaş düşməz yada.
Sevən doxsanında hələ cavandır,
Sevməyən qocadır otuzunda da.
Ürək alışırsa, günahkarmı yaş?
Sevəni qınama, sevəcək sevən!
Yaş ilə ürəyi deyil, a qardaş,
Boş ilə dolunu çəkiyə qoy sən!
Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək.
Hissinlə, qəlbinlə dinlə nə deyir,
Bu duyan, bu yanan, alışan ürək...
Yaşarkən həyatı sevirəm...Nə qəm
Ölərkən ölümlə sevişəcəyəm...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri