Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulum Bagisla Meni...

Heç kimsə bu dünyada əbədi qalmayacaq,
Dünya belə dünyadı tökülən dolmayacaq,
Məndən sənə ən yaxın bir kimsə olmayacaq,
Sil gözündən qüssəni,sil dumanı,sil çəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Halını səhər axşam sormağa həvəsliyəm,
Ölüncə qulluğunda durmağa həvəsliyəm,
Nə olsun ki,arabir vurmağa həvəsliyəm,
Bununla unudaram çox dərdi,çox qüssəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Bir də ömrün budağın sındırmaram,əymərəm,
Sən qara geyən zaman al- qırmızı geymərəm,
Sənin gözündən axan bir damlaya dəymərəm,
Gəl unudaq bu gündən bütün olub keçəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Yenə niyə beləsən,yenə qanın qaralıb,
Ömrün qışı gəlibmi,qara saçın qar alıb?
sən Allah, belə baxma,səbrim yaman daralıb,
Quran ayəsi bildim mən sənin hər kəlməni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Hərdən elə olub ki,süzülmüşəm ,axmışam,
Bulud kimi qaralıb,şimşək kimi çaxmışam,
Dırnağına dəyməyən gözəllərə baxmışam,
Sənsə bildirməmisən qəzəbini,hikkəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Bu dünya belə gəlib,namərdi var,mərdi var,
Fələyin möcüzəli şahmatı var ,nərdi var.
Bilirəm ürəyində oğul,qardaş dərdi var,
axı mənim də qəlbim olub dərdlər məskəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Sənə bərabər hanı, gözəlim,yer üzündə,
sənin adın olubdur söhbətimdə,sözümdə,
Sən Allah mələyisən,vallah,mənim gözümdə,
Mən bir batan gəmiyəm,sən bir ümid yelkəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Çox gecəni yatmayıb,sabahlar eləmişəm,
Çox fəryadlar qoparıb,çox ahlar eləmişəm,
Bilmirdim ki,bu qədər günahlar eləmişəm,
İnan ki,bağışlayar bəzən düşmən düşməni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Həmişə sirdaş olub,haray mənə,hay mənə,
Bu ömür yollarında sən olmusan tay mənə,
Allah özü göndərib bir müqəddəs pay mənə,
Hər gün ziyarətdəyəm,Mədinəni,Məkkəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Adi adam deyilsən bir ilahi kəssən sən,
aləm gözəllə dola, bir ilahi kəssən sən,
Bu dünyada soraqsan,o dünyada səssən sən,
Sənə həsr edəcəyəm son sözü ,son kəlməni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Ömrümüzün çoxusu getdi dərdə,ələmə
hələlik mən varamsa,varamsa qəm eləmə,
İstəsən səs salaram gecə-gündüz aləmə,
Onsuz da gündən-günə solur ömür gülşəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.

Gözlərimi tutsa da qara duman,qara çən,
Saçıma ,saqqalıma zəmanə salsa da dən,
səni elə sevirəm, elə sevirəm ki,mən,
Dalınca sürünərəm qucaqlayıb kölgəni,
Əgər mümkünsə, gülüm,gülüm ,bağışla məni.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Sevgi şerləri
loading...