Mən bu dərd əhliylə illərdir ki,həmkar olmuşam
Dərmanım dərddir mənim axır xəbərdar olmuşam
Yüz gözəllik gəzmişəm tək bir gözəllik tapmışam
Bir bəladan qaçmışam,yüz dərdə düçar olmuşam.
Vaxt olub çox görmüşəm,çox bilişəm,çox yazmışam
Vaxt olub kor olmuşam,lal olmuşam,kar olmuşam.
Məzluma rəhm etmişəm,acizlərə əl tutmuşam
Zalıma zalım baxıb,qəddarla qəddar olmuşam.
Olmuşam rəssam,rəsm çəkməkdən həsrət çəkmişəm
Abad etməklə sınan bir qəlbi memar olmuşam.
Mən sevəndən vəsli yox,hicranı hərgün dadmışam
Bunca qəmdən yazmağa bir sözlə vadar olmuşam.
Bəlkə də Məcnun yalanmış,ilk olan Məcnun mənəm
Bəlkə də Məcnun mən idim bir də təkrar olmuşam.
Sən gedəndən əynimə səssiz qaranlıq geymişəm
Gah gedib,gah gəlmişəm kölgəmlə oxşar olmuşam.
Pərvizi hər kimki istər yox görə,bilsin ki qoy
Mən varamsa izni Allahım verib var olmuşam...
Pərviz Arif
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri