Dedim
Dedin: - göstər sevgini görüm bircə mən,
Sevgini görməzlər, duyarlar,-dedim.
Dedin: - qan yuyacam qanında sənin,
Qan düşsə su ilə yuyarlar,- dedim.
Ömrünü, gününü qəzaya versən,
Danışıb sözünü fəzaya versən,
Ölümün yerini cəzaya versən,
Nəsimi tək səni soyarlar, -dedim.
Nakəsi dost olar yaxşı dövründə,
Namərdi diz çökər elin önündə,
Fürsət gözləyərlər, çətin günündə
Səni quru yurdda qoyarlar,-dedim.
Dövlətdə, zinətdə qalan bu gözlər,
Qanına susayıb dolan bu gözlər,
Dünyaya tamarzı olan bu gözlər,
Bir ovuc torpaqla doyarlar,-dedim.
Yurdunda at sürüb, cövlan eyləyən,
Torpağın hər yerin al-qan eyləyən,
Vətənin bağrını şan-şan eyləyən,
Düşmənin gözünü oyarlar,-dedim..
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi şerləri
loading...