Qurban Oldugum
Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!
O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
M. Müşfiq..
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri
loading...