BU güzgüyə bir vaxt qoşa baxardıq,-
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən güzgünün canında
dodaq qalıb,kirpik qalıb,qaş qalıb?
Göz yaşların canındadı, bəlkə də
damla-damla əriyəcək bu güzgü.
Bir gün sənin ayagınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.
Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.
Qaçacaqsan bu güzünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.
Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.
Sən qaçdıqca yellənəcək saçların,
BU güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə güzgüyə,
Pay düşəcək ətəyinin ucundan.
Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
BU güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.
Hər tikəsi qayıq təki üzəcək,-
dörd tərəfi göz yaşınla dolunca.
BU güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.
...Bu da belə bir nagıldı yalandan,
Sən ki,yoxsan,getdiyin o gedəndi.
Bu güzgü də yürindədi, yerində,
Bu güzgü də yenə sağdı,bütövdü.
Sınan güzgü axı bir də calanmaz,-
bəlkə Tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi bəlkə də,
damla-damla göz yaşınla bitişib.
Bəlkə səndə bu güzgünün canında
dodaq qalıib,kirpik qalıb,qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.
BU güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağından dodaqları rəng alır,
Kirpiyindən kirpik taxıb keçirlər.
Göz yaşınla dolur, dolur gözləri,
Baxır yerə, baxır göyə ağlayır.
Bu nə dərddi-heş bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır...
Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 258 Bölmə: Ramiz Rövşən