Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qizlar oxudulmayanda

Yurdumuzun ucqar kəndlərində yaşayan, heç vaxt kənddən çölə çıxmayan, oxumaq icazəsi olmayan, hələ üstəlik heç fikirini də soruşmadan özündən neçə yaş böyük bir adamın ikinci arvadı olan gənc qızlarımızdan bəhs etmirəm bu an. Bəhs etməyə ürəyim gəlmir.
Böyük şəhərin "göbəyində" yaşayan, adi gənc bir qadından bəhs edirəm.
Həyatında özünə aid bir qərarı var idi : evlənəcəyi adamı sevmək! "Seçmək" deyil, "sevmək". Çoxları onu şanslı hesab edirdi. Oxumayacağına başqası qərar vermişdi, neçə yaşda evlənəcəyinə də başqası qərar vermişdi. Tək üstünlüyü var idi, o da evləndiyi adamı sevməyi. Bunu isə özü qərar vermişdi: " Sevim ki, xoşbəxt olum" deyə. Qaynanalı-qaynatalı evə gəlin getmişdi. Evdə bir subay bacı, iki subay qardaş da vardı.
Nə vaxt yatıb, nə vaxt durmağı da öz qərarı deyildi. Qaynatası durana qədər gəlin hökmən qalxmış olmalı idi. Nə geyəcəyinə, hara getməyinə də qərar verən onlar idi. Mətbəxdə nə bişirəcəyinə, öz anasını nə vaxt görəcəyinə, qonşunun gəliniylə nə danışacağına da qarışırdılar.
Nə vaxt uşaq dünyaya gətirəcəyinə yenə evin böyükləri qərar vermişdi. Körpə doğulanda körpəsini ilk qucaqlayan qaynanası olub. Sonra da onsuz da körpə onun olmuşdu. Anası əmizdirsin, böyüyəndə yemək versin, yusun, təmizləsin, amma uşaq qaynananın qucağında böyüsün... Az qala onu ana bilirdi uşaq. Uşağı ilə gəzməyə getmək istəyəndə də qaynanasından icazə alırdı gəlin. Uşağın öz anası evdə yemək, qab-qacaq, ütüylə məşğul olanda kiçik qızı ata tərəfdən nənəsinin əlini tutub gedirdi gəzintilərə.
Sonra ikinci uşağa qərar vermişdi ailə. Bu dəfə oğlan sifariş etmişdilər... Oğlan doğulandan sonra gəlinin işi də çoxalmışdı. Uşaqlar ata tərəfdən nənə və babayla gəzməkdə, atası kafedə, yazıq qadın işin əlindən uşaqları ilə vaxt keçirməyə belə imkan tapa bilmirdi
Uşağına "Olmaz" desəydi, özü danlaq eşidərdi. Uşaqlardan birini vursa," Nə cavab verəcəm?!" deyə fikirləşərdi. Uşaqları "Ata tərəfdən nənəmi daha çox sevirəm" deyəndə isə göz yaşlarını içinə axıdırdı, çünki ağlamağa da haqqı yoxdur. Heç bir mövzuda haqqı yox idi.
Nə öz evinin qadını olmağa, nə uşaqlarının anası olmağa... Haqqı yoxdur, yox!
Çünki oxumamış, oxudulmamışdı. Oxuyub, peşə sahibi ola bilməmişdi.
İndi həyatda bir məqsədi var. O da imkan versələr; qızını oxudub peşə sahibi etmək. Əgər bunu da dəstəkləyərlərsə...
Əziz xanımlarımız, gəlin bu hekayədən bir azca da olsa ibrət götürək. Övladlarımız arasında fərq qoymayaq. İstər oğlan, istərsə də qız övladı olsun. Ona təhsil almağa yardım edək. Çünki bu onun həm həyat təcrübəsi, dünyagörüşünün artmasına, həm də gələcəkdə ali savadlı bir xanım olmasına, çətin anlarda əlindən tutacaq bir işə sahib olmasına kömək edəcək!


Tarix: 10.01.2015 / 13:06 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Qadın dünyası
loading...