Qulaq tıxacı xarici eşitmə borusunun (qulaq kükürdü) və epiteliyanın qurumuş vəz ifrazatı toplusudur.
Səbəblər bunlardır: qulaq kiri vəzilərindən həddən artıq ifrazat, qulaq kirinin normal çıxışına mane olan, eşitmə yolunun darlığı nəticəsində dəriyə yapışıb qalan hissəsi. Qulaq kiri toplanmasının individual səbəbləri: eşitmə yolunun əyriliyi, vəz ifrazatının çox qatı olması, orqanizmdə maddələr mübadiləsinin pozulması, qulaqda iltihab prosesləri.
Normal halda qulaq kiri adlandırılan toplu çeynəmə və danışıq zamanı gicgah-aşağıçənə oynaqlarının hərəkəti nəticəsində tədricən eşitmə yolundan xaricə çıxan qabıq yaradır. Qulaq kirinin kəmiyyət və keyfiyyət dəyişmələri xarici eşitmə yolunun bağlanmasına səbəb olur.
Simptomlar və gedişatı
Əgər qulaq kiri tıxacı eşitmə yolunu tam tutarsa, eşitmə qəfildən azalır, qulaqlarda küy əmələ gəlir, səsin tonu dəyişir, qulaq tutulması hiss olunur, nadir hallarda başgicəllənmə, baş ağrısı və ürəkbulanma olur. Adətən belə hal çiməndən, başı yuyandan (su qulağa girir) sonra baş verir, tıxac şişir və qulağı tamamilə tutur.
Diaqnoz
Eşitmənin qəflətən azalması, qulaqlarda küy, yad cisimin qulağa girməsinin xoşagəlməz hissləri. Baxış zamanı xarici eşitmə yolunu dolduran qulaq kiri tıxacı qara-qəhvəyi kütlə formasında görünür.
Müalicə
Heç vaxt müstəqil olaraq qulaq kiri tıxacını çıxartmaq olmaz. Həkim və ya tibb bacısı üçün sadə olan manipulyasiyalar bacarıqsız adam üçün ciddi ağırlaşmalara və hətta təbil pərdəsinin deşilməsinə səbəb ola bilər.
Şprisin köməyi ilə 37 dərəcə isti su şırnağı ilə tıxacı çıxardırlar. Sıxılmış qulaq kiri tıxacını bir dəfəyə yuyub çıxartmaq olmur. Bu halda onu qələvi məhlulla və ya hidrogen peroksidi ilə 2-3 gün ərzində yumşaldırlar ( 8 damcı gündə 2-3 dəfə). Tıxacın şişməsi nəticəsində müvəqqəti olaraq xəstədə eşitmə zəifləyir.
Tarix: 19.01.2015 / 15:51 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Otolorinqologiya