Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dostum

Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki , dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı...

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
"Dost"luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

"Dost"luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı...
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Nüsrət Kəsəmənli
loading...