Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....
Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .
Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .
Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .
Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm , tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....
Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .
Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......
Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Nüsrət Kəsəmənli