Bu da sonuncu gün. Sonuncu vida ,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida ,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...
Yolun uğurlu olsun deyirəm sənə ;
Qarşında ömür gün sınağı durur .
Nə deyim , bəlkə də yolunda yenə
Mənim tək bir sevda qonağı durur .
Gedirsən ,
Bu günü saxla yadında
Yaddaşın mən verən dərsi pozmasın .
Sən elə alış ki , sənin odunda
Ötəri qonaqlar qoy qızınmasın .
Qarşımda nə çəpər, nə də ki barı ...
Mənim də ömrümə beləcə gəldin .
Qəlbində bir çınqı od saxla barı
Bəlkə bir çırağı yandıra bildin .
Əyil !...
Məhəbbətin önündə əyil ,
Bəlkə bu dünyadan qopara səni .
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni ...
Bir gün də sərbəstlik taxtı devrilib ,
Ömrünə gəlinlik illəri gələr .
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər .
Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini .
Quzum, hər görüşün son ucu vida,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...
Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Nüsrət Kəsəmənli