Qəbul edək ki, biz kişilər üçün dəriyə qulluq səhər oyananda və ya çirkləndikdə üzün yuyulmasından ibarətdir. Əslində isə dərimizin cavan qalmasını və gec qocalmasını istəyiriksə, vaxtaşırı olaraq dəriyə qulluq vasitələrindən istifadə etməyimiz mütləqdir. Bu vasitələrin sırasında müxtəlif tərkibli dəriyə qulluq maskalarının adlarını çəkə bilərik. Bildiyimiz kimi üz dərisi çox həssasdır və yanlış maskalar onu çox qısa müddətdə zədələyə bilər. Buna görə də dəriniz üçün maska hazırlayarkən və ya hazır maskalardan istifadə edərkən onun tərkibinə qarşı xüsusilə diqqətli olun. İndi sizinlə bir neçə dəriyə qulluq maskasının reseptini bölüşmək istəyirik.
Yağlı dəri üçün üz maskası
Orta ölçülü bir kartofu iki yerə bölün. Onu sürtkəcdən keçirib gözünüzün ətrafı istisna olmaqla suyunu pambıqla üzünüzə sürtün. Təxminən on dəqiqə kimi üzünüzdə saxlayın, daha sonra yuyub qurulayın. Bu maska üzünüzdəki yağ mübadiləsini tənzimləyəcək.
Üzünüzdəki yağı azaltmaq üçün isə yulaf əzməsindən istifadə edə bilərsiniz. Bunun üçün 3 yemək qaşığı yulaf əzməsi və 3 yemək qaşığı isti suyu qarışdırın. Maska çox sulu olsa, ona təxminən bir qaşıq da yulaf əzməsi tökün. Hazırladığınız bu maskanı üzünüzə çəkin, 10 15 dəqiqə kimi saxladıqdan sonra ovalayaraq üzünüzdən çıxarın. Sonda isə üzünüzü yuyub, qurulayın.
Quru dəri üçün maska
Əgər dəriniz qurudursa, bu zaman sizə zeytun yağı, e vitamini və bal ilə üz maskası hazırlamağı təklif edirik. Bal dərini təmizləyir. Zeytun yağı sürətli formada dəri laylarına nüfuz edərək onu nəmləndirir. E vitamini isə dərinin elastikliyini artırır.
Maska üçün bir yemək qaşığı zeytun yağı və balı qarışdırıb onun üzərinə bir kapsula e vitamini əlavə edin. Bu maskanı dəriyə sürtməzdən əvvəl onu qızdırsanız, dərinizə daha sürətli formada təsir göstərər. Buna görə də daha yaxşı olar ki, maskanı dərinizə tətbiq etməzdən əvvəl onu qızdırasınız. Maskanı üzünüzə çəkdikdən sonra 10-15 dəqiqə kimi gözləyin. Bu müddətdən sonra üzünüzü ilıq su ilə yuyub qurulayın.
Normal dəri üçün maska
Bir yemək qaşığı yulaf əzməsini qabın içinə tökün. Üzərinə 1 yemək qaşığı su əlavə edin. Digər qabda 1 yumurta ağı və 1 çay qaşığı zeytun yağını qarışdırın. Daha sonra onların hamısını eyni qaba töküb yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı üzünüzə tətbiq edin, 10 15 dəqiqə kimi gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.
Bu qədər, əziz kişilər. Gördüyünüz kimi bu maskaların hazırlanması o qədər də uzun vaxt tələb etmir. Unutmayın ki, qarşı tərəfin gözündə cazibədar görünmək üçün onlar qədər olmasa da, biz də xarici görünüşümüzə diqqət etməliyik.
Tarix: 07.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Metroseksual