Ən effektiv və xoşagələn prosedur 15-20 dəqiqə isti vannadır
Ayaqlara qulluq əl və üzə qulluq qədər önəmlidir. Ayağa qulluğun ən effektiv və xoşagələn proseduru 15-20 dəqiqə isti vannaya salmaqdır. Təmizləyici vanna 1 litr suya 1-2 ç.q. soda və 1 x.q. sabun ovuntusu əlavə edib dabanlarınızı suya qoyun. Ayaqları canlandırmaq üçün 3 litr isti suya 1 ovuc duz atın. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanmalıdır. Sakitləşdirici vanna 1 litr qaynar suya 2 x.q. çobanyastığı, yabanı kətan və iynəyarpaq tökün. Bundan başqa, ayaqların sağlamlığı və gözəlliyi üçün müxtəlif ot həlimləri (gicitkən, kalendula, dazıotu) çox kömək edir.
Vannadan sonra ayaqdakı kobudlaşmış dəri pemza (süngər daşı) və ya xüsusi pedikür fırçası ilə təmizlənir. Həftədə bir dəfə dabanları ayaq üçün skrabla təmizləmək olar. Onu cilalayıcı çubuğa çəkib 2-3 dəqiqə ərzində dabanlarınıza sürtün, sonra su ilə yaxalayıb proseduru təkrarlayın. Dabanınızda qabar, döyənək varsa, oraya salisil mazı vurun. Əgər qabar yenidirsə, onu ağrısız götürmək olar: 8 gün oraya sirkəyə batırılmış çörək içi qoymaqla. Yox, əgər qabar bərkiyibsə, 2-3 gün vanna edib üstünə aloye və ya limon dilimi qoyulmalıdır.
Ayaqlara qulluğun əsas atributu kontrast vannadır: 5 dəqiqə isti, 10 saniyə soyuq.
Parafinoterapiya
Təmizləyici vannadan sonra barmaqlardan başlayaraq ayaqlara yağlı krem çəkilməlidir. Əgər su prosedurlarını masajla bitirsəniz, dərinizin hamarlığı və elastikliyinə təminat veriləcək. Bunun üçün iki quru fırça götürərək dabandan yuxarıya doğru dairəvi hərəkətlərlə masaja başlanılır. Masaj dəri qızarana qədər davam etdirilməlidir. Bundan sonra ayaqlara krem və ya bitki yağı sürtülür. Ayaqlara qulluq vasitələrindən biri də parafinoterapiyadır. İsidilmiş parafin kütləsinə eyni ölçüdə arı mumu və salisil turşusu əlavə edilir, bu qarışıq dabandakı çatlar üçün çox faydalıdır. Pambıq tampon vasitəsilə dabanlar parafinə batırılır, quruyandan sonra 2-3 qat da əlavə çəkilir. Bir sutkadan sonra sabunlu-sodalı vanna vasitəsilə parafin götürülür və dabanlar pemza ilə təmizlənir.
Pedikür
Ayaqlara qulluq zamanı pedikürü unutmaq olmaz. Ayaq dırnaqlarını düz formada kəsmək lazımdır. Küncləri kəsməyin, belə də dırnaq dəriyə bata bilər. Kutikul pərdəsini də kəsmək məsləhət deyil, ona sadəcə krem vuraraq çubuqla arxaya çəkmək lazımdır.
Adi gigiyenik qaydalara əməl olunmasa, heç bir qulluq fayda verməz. Belə ki, ayaqlar hər gün yuyulmalı, corablar mütəmadi olaraq dəyişilməli, ayaqqabı havaya verilməli, rahat, yumşaq və orta dabanlı olmalıdır. Belə profilaktik tədbirlər xoşagəlməz qoxunu, ağrıları və göbələk xəstəliklərini aradan qaldıracaq.
Ayaqların tərləməsi zamanı hər gün müalicəvi vannalar etmək mütləqdir: 10-15 dəqiqə tozağacı, palıd qabığı, şam ekstraktlı vannalar edin. Küçəyə çıxmamışdan əvvəl isə ayaqlarınıza sprey-dezodorant vurun.
Ev şəraitində ayaqlara qulluq:
•Yayda dabanların dərisi kobudlaşır. Dabana çiy soğan vurun, sonra ilıq su ilə yaxalayıb krem çəkin.
•Yorulmuş, şişmiş ayaqları soyuq su ilə yuyun, qurulayıb krem çəkin.
•Ayaqlar üçün gimnastika çox faydalıdır. Ona görə evdə, bağ evinizdə ayaqyalın gəzməyə çalışın.
•Dizüstə və suda pəncəüstə gəzmək də çox xeyirlidir.
Tarix: 26.06.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri