Bakı Barları – Əyləncə, Yoxsa Əxlaqsızlıq Məkanı?
Saunaları, taksiləri, qızları və barları birləşdirən «dəyərlər»
Bakıda çoxlu sayda bar fəaliyyət göstərir. Şəhərin mərkəzi hissəsində daha çoxdur, hər addımda müxtəlif əcaib adlarla reklam olunan bu «istirahət məkanlarına» rast gəlmək olur. («Maksimum», «Eniqma», «Coral» və s.) Bu ifadəni dırnaqda yazmağımızın səbəbi isə barların Azərbaycanda istirahət məkanı kimi yox, başqa xidmətlər təklif edən mərkəzlər kimi tanınması ilə bağlıdır.
İndiyəcən Hollivud və Avropa filmlərində gördüyümüz bar mühiti Bakı barlarına yaddır. Sadəcə, bu obyektlər «bar» adı altında fəaliyyət göstərir. Profilləri isə tamamilə başqadır. Onları bir-bir gəzib mühiti, xidmətləri, müştəriləri, işçiləri ilə tanış olduqdan sonra dəqiq qiymət vermək olur – Bakı barları əsl fahişəxanadır.
Tiflisdə insanlar barda çox rahat şəkildə istirahət edirlər.
Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində, Amerikada barlar insanların istirahət etdiyi məkandır. Bar restoranın və kafenin daha əyləncəli variantıdır. Daha dəqiq, bar rəsmi, işgüzar olmayan görüşlərin gerçəkləşdiyi məkandır. Burada insanlar rəqs edir, içki içir, əylənir və tanış olur. Bu tanışlıqlar heç də pis məqsəd üçün həyata keçirilmir. Barların Avropa və Amerika cəmiyyətində insanların həyatında mühüm rolu var. Xarici barlarda bunları görənlər də az deyil. Misalçün, «həftə səkkiz, mən doqquz» Gürcüstana səyahət edən yazar-jurnalist Seymur Baycan Tiflis barlarının tez-tez qonağı olur. Seymur Baycanın dediyinə görə, Gürcüstanda bar insanların istirahət etdiyi əyləncəli məkanlardan biridir: «İnsanlar bura gəlib çox rahat şəkildə istirahət edirlər. Tiflisdə barlara tək və partnyorları ilə gələnlər də var. Onlar barda pivə, çaxır içir, söhbət edir, tanış olur və rəqs edirlər. Hətta çox intellektual söhbətlərin getdiyini də eşitmək olar. Bu, sakit tərzədə baş verir. Yoxsa bizdəki kimi, onların barları fahişəxana deyil. Bakıda barların funksiyası tamamilə bar anlayışından uzaqdır. «Bar» adı altında sığortalanaraq pritonluqla məşğul olurlar».
«Maksimum»da minimum qiymət 70 manatdır
Reportaj zamanı Seymur Baycanın Bakı barları barəsində söylədiklərinin şahidi olduq. «Azadlıq» prospektində yerləşən «Maksimum» barından «qız çıxarmaq istəyən» müştərinin cibində ən azı 70 manat pul olmalıdır. Çünki burada fahişəliklə məşğul olan qızların ən ucuzunun qiyməti 30 manatdır. Bir maraqlı cəhət də var. Əgər oğlan yanına qız dəvət edirsə, mütləq həmin qızın sifariş etdiyi viskini və siqareti almalıdır. Bu zaman isə minimum 16 manatından keçəcək. İş bununla bitmir. Əylənmək üçün yalnız qızın təklif etdiyi saunaya, özü də onun çağırdığı taksiylə gedə bilərsən. Saunanın qiyməti bir nəfər üçün minimum 10 manatdır. Taksi müvəqqəti cütlükləri saunaya aparır, gözləyir və geri qaytarır. Bu xərc isə saunanın bardan hansı məsafədə yerləşməsindən asılıdır. Misalçün, «Maksimum» barından «Ş. İ. Xətai» metrostansiyasında yerləşən saunaya taksi xidmətinin 1,5 saatı 10 manatdır. Butün bu xərcləri üst-üstə toplayanda yuxarıda vurğuladığımız ümumi qiymət alınır. «Maksimum» barının bir özəlliyi də ondan ibarətdir ki, burada nəsə sifariş vermədən masada əyləşə bilməzsən. Belə halda dərhal el arasında «şkaf bədənli» adlanan «vışı-bala» başının üstünü kəsir və adam dilində müştəriyə bildirir: «Qaqaş, burada boş oturmaq olmaz, nəsə sifariş verməlisən». «Maksimum» və «Eniqma» barlarından fərqli olaraq «Coral» barına giriş pulludur.
Bar, sauna və taksilərin işbirliyinə səbəb nədir?
Bakının düz mərkəzindəki «Nizami» kinoteatrının yanında, zirzəmidə yerləşən «Coral» barının adı gecə həyatına aludə olanların əksəriyyətinə tanışdır. Başqa barlarda olduğu kimi, bura da yüngül həyat tərzi keçirən qızların xidmətlərindən istifadə üçün axışırlar. Zirzəmidə yerləşən bara düşən pilləkənin önündə polis keşik çəkir. O, barın qonaqlarına yol göstərir. Barın girişində oturan xanım girişhaqqı toplayır. Girişhaqqı adama 2 manatdır. Bu pulu ödəyib siqaret tüstüsü bürümüş salona daxil olursan. Musiqidən ağız deyəni qulaq eşitmir. Rəqs etmək üçün xüsusi meydanda qızlar və oğlanlar oynayırlar. "Coral”da qızlar özləri gəlib müştərilərlə tanış olurlar. Ardınca dərhal içki və siqaret sifariş verirlər. Bu, ən aşağısı 40 manata başa gəlir. Özü də bir nəfər üçün. Buradakı qızlardan birinin dediyinə görə, 80 manat olsa, bir saat ərzində müştəriyə xidmət edə bilər.
"Maksimum”dakı kimi, "Coral”ın da qızlarının bir sıra şərtləri var. Bu qızlarla yalnız «Neftçilər» xəstəxanası ilə üzbəüz olan saunaya getməlisən. Taksini də özləri sifariş edir. Taksinin qiyməti 20, saunanın qiyməti isə iki nəfər üçün 30 manatdır. Göründüyü kimi, bu, qızların yox, «Coral»ın şərtləridir. Qeyd edək ki, «Coral»da olduğumuz müddətdə bura gələn müştərilərin arasında xarici vətəndaşlar da var idi.
"Coral” barının iş sistemi də bir daha onu göstərdi ki, barlar saunalar və taksilər birgə işləyir. Bu obyektlər bir mərkəzdən idarə olunur və şərtlər göstərir ki, sözügedən bazara bir çevrədə olan insanlar rəhbərlik edir.
Bakı barlarında təhlükəsizlik xidməti müxtəlifdir.
Barlarımızda təhlükəsizliyə nəzarət edən qruplar müxtəlifdir. Misalçün, «Maksimum»nda iu işə adi geyimdə olan idmançı oğlanlar, «Coral»da polis əməkdaşları, bəzilərində isə xüsusi təhlükəsizlik xidmətlərinin işçiləri nəzarət edir. Onlar müştərilərlə elə də sərt davranmır. Amma barlarda dava-dalaş salanlara qarşı qəddar olurlar. «Maksimum»da bir qrup rayondan gəlmiş uşaqlar «Yanıq Kərəm»ə çox oynadığına görə təhlükəsizliyi qoruyanlar işə qarışmalı oldular. Biz rast gəlməsək də, qızlardan öyrəndik ki, barlarda tez-tez dava düşür.
Bar qızlarının qucağında böyüyən nəsil…
«Eniqma»da tanıdığım məktəbli uşaqlara rast gəldim. Onlarla söhbətimdə məlum oldu ki, barda məhəllə dostları işləyir və buradakı qızların əksəriyyətini tanıyırlar. Siqaret çəkib qızlarla rəqs edirlər. Bu yeniyetmələr «Eniqma»da tanıdığı qızların telefon nömrəsini və saunaya getmə qiymətini də bilirlər. Yeniyetmələr ayda ən azı bir dəfə buna pul xərcləyirlər.
Beləcə, yeniyetmədən tutmuş, orta yaşlılara qədər Bakıya gələn qonaqlar da buranın barlarının «dadına» baxmamış getmirlər. Bakı barlarının pritonlara çevrilməsi səbəbsiz deyil. Paytaxtın düz mərkəzi küçələrində yerləşən barlar yuxarılardan himayə edilməsə, açıq fəaliyyət göstərə bilməzlər. Azərbaycanda həm fahişəliyi, həm də insan alverini stimullaşdıran bir sıra səbəblər var. Bu səbəblərdən biri ona himayədarlıqdırsa, başqa bir səbəb isə işsizlikdir. Cəmiyyətimizdə digər sahələrdə olduğu kimi, insanların intim həyatında azadlığının olmaması da səbəb kimi göstərilə bilər. O da məlumdur ki, bütün bu qanunsuzluqlar aidiyyatı olan təşkilatların gözü qarşısında baş verir.Bəs niyə bütün bunlara göz yumulur? Bu sualın cavabı aydın olsa da, mübhəmlər də yox deyil.
Tarix: 11.06.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri