Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Windows 8 və 8.1 sürətlə populyalaşır

Net Applications analitik şirkətinin son məlumatına görə, 2013-cü ilin dekabrında Windows 8 və Windows 8.1 əməliyyat sistemlərinin masaüstü qurğular bazarında payı müvafiq olaraq 6,89 və 3,6 faiz təşkil edib. Bununla, hazırda bazarın 10,49 faizi bu sistemlərə məxsusdur. Windows 8-dən bir il sonra buraxılan Windows 8.1 sisteminin payı son ayda təxminən 1 faiz artıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 10 faizlik həddin dəf edilməsi müsbət nəticə hesab edilsə də, Microsoft korporasiyası daha böyük uğur qazanacağına ümid edib. Windows 8 sistemləri ilə həm masaüstü kompüter və noutbuklar, həm də planşetlər tədarük edilir. Mobil qurğular seqmentində bu sistemli kompüter və planşetlər Apple şirkətinin iPad planşet modeli və Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ucuz qurğularla (məsələn, Tesco Hudl və Google Nexus 7) rəqabət aparmaqda çətinliklə üzləşir. Bununla belə, smartfon və planşetlər ev fərdi kompüterlərini sürətlə sıxışdırır.
Ötən ilin dekabrında Windows 7 versiyasının payı 47,5 faizə bərabər olub ki, bu da əvvəlki aydan 0.88 faiz çoxdur. Windows XP-in payı 2,24 faiz azalaraq 28,98 faizədək aşağı düşüb. Windows XP sisteminin dəstəklənmə müddəti cari ilin aprelin 8-də başa çatır.
Windows dünyanın ən populyar əməliyyat sistemi olaraq qalır. Ümumilikdə masaüstü sistemlər bazarında Windowsun bütün versiyalar üzrə payı 90,73 faiz təşkil edir. Mac OS X və Linux əməliyyat sistemlərinin payı müvafiq olaraq 7,54 və 1,73 faizə bərabərdir. Onu da qeyd edək ki, son ildə bu sistemlərin payında cüzi artım müşahidə olunub.


Tarix: 30.01.2014 / 02:36 Müəllif: ADMIN Baxılıb: 204 Bölmə: Internet Yenilikleri
loading...