Təbrizə qayıdan Həmzə Mirzə öz qarşısında xarabalıqlar gördü. İskəndər bəy Münşi Təbrizi belə təsvir edir: “Zər və mavi rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi”; “Öz gözəl bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı; hamısını kəsib yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər”; “Çoxminli yaraşıqlı binalrdan, orta təbəqədən olan adamın yaşaması üçün yararlı olan bir ev belə salamat qalmmışdı”; “Dükanlar, kaşılarla işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü...”. Hər yerdə - küçələrdə, bazarlarda, evlərdə öldürülmüş təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli, “kefli və əyləncəli” şəhər olan Təbriz, tarixçiyə tərk edilmiş, ölü şəhər kimi görünmüşdü. “Bütün bunlara bir dəfə baxmaqla dəhşətdən ürək sıxılırdı”235. Qızılbaşların şəhərə daxil olduğundan xəbər tutan əhali şəhərə qayıtmağa və qoşunlarla birlikdə Təbrizi meyitlərdən təmizləməyə, evləri təmir etməyə, yaşayışı qaydaya salmağa başladı. Hicri 993-994 (1585-86)-cü ilin qışını şahın saray əhli Təbrizdə keçirdi. Səfəvi hərbi rəhbərliyi yaxşı başa düşürdü ki, Təbrizdəki türk hərbi hissəsi ciddi təhlükə təşkil edir və ölkədə gələcək türk hökmranlığının dayaq məntəqəsidir. Buna görə də, Həmzə Mirzə ona sadiq olan əmirlərlə birlikdə qalanı almaq üçün bir sıra inadlı, qızğın, lakin son nəticədə uğursuz cəhdlər etdi. Qızılbaşların topları yox dərəcəsində idi. Bunlarsız isə qalaya hücum etmək çətin idi. Onların əlində olan yeganə top Göyərçinlik qalasından Təbrizə gətirilmişdi. Bu topun köməyilə bürclərdən birinin xeyli hissəsi dağıdılmışdı236. Lakin türklər qəfil həmlə ilə qızılbaşları topdan uzaqlaşdırdılar və topu çəkib qalaya apardılar. Yeni topu hazırlamağa iki ay vaxt sərf olundu. Lakin keyfiyyətinin pisliyi üzündə nə birinci, nə də ikinci top istifadəyə yaramadı. Qala uğrunda döyşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli sərkərdələrindən birini – zülqədər tayfasının başçısı Şahrux xan möhrdarı itirdilər. Qiyamçı türkman və təkəli əmirləri gəlib çıxanadək qalanı ələ keçirməyə cəhd göstərən Şahrux xan ehtiyatsızlıq etmiş, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşmışdı. Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xana hücum etdi. Onun adamları (o cümlədən də oğlu) qızğın döyüşdə qılıncdan keçirildilər. Şahrux xan isə yaralı halda əsir düşdü. Daha bir səbəb qızılbaşların qalanı ələ keçirməsinə və düşmənin hərbi hissəsinin məhv edilməsinə mane oldu. Məsələ bunda idi ki, qızılbaşlar Təbrizə qayıtdıqları vaxtdan etibarən, şahzadənin gizli əmri ilə Həsən padşah məscidində lağım atmaq, yeraltı yolla qala bürclərindən birinin altından içəri daxil olmaq və qapını açmaq istəyirdilər. Bir neçə ay keçdikdən sonra lağımatanlar qala divarlarına çatdılar. İşləri tamamilə başa çatdırmağa cəmisi bir neçə gün qalırdı. Lakin bədbəxtlikdən qorçibaşı Qulu bəy Əfşarın xəyanəti və qalaya – türklərin yanına qaçması, qızılbaşların planlarının həyata keçirilməsinə mane oldu. Qulu bəy Cəfər paşaya yeraltı yol barədə danışdı. Mühasirədə qalanlar lağımın sonunu tapdılar, onu torpaqla doldurdular, bununla da, həmin tərəfdən olan təhlükəni aradan qaldırdılar. Qalanı ələ keçirmək cəhdində ümidsizliyə qapılan Həmzə Mirzə günün günortaçağı qala divarlarına hücum etmək barədə öz qoşunlarına əmr verdi. Qızılbaşlar qala divarlarına bərkidilən nərdivanlarla qalaya soxulmaq üçün əbəs cəhdlər göstərirdilər. Minlərlə adamın həyatı bahasına başa gələn bu inadlı və ümidsiz qızılbaş hücumu bir neçə gün davam etdi237. Bu vaxt qiyamçı türkman və təkəli əmirlərinin Təbrizə yaxınlaşması xəbərinin alınması, Həmzə Mirzəni Osmanlı qalasının hərbi hissəsi ilə mübarizəni dayandırmağa məcbur etdi. Bununla əlaqədar olaraq türklərin tərəfinə keçmiş, öz xidmətləri ilə məşhur olan, dövlət işlərində böyük nüfuz ilə seçilən sərkərdənin – Qulu bəy Əfşarın xəyanətinin səbəbini aydınlaşdırmaq lazımdır. Məsələ bunda idi ki, Qulu bəy Məhəmməd xan Türkman və başqaları ilə birlikdə Həmzə mirzənin anasının ölümü ilə nəticələnən qəsddə iştirak etmişdi. Şahzadə anasının qisasını almaq üçün xeyli vaxt idi ki fürsət axtarırdı. Şahzadə tez-tez açıq-aşkar anasının qatillərini hədələmişdi və şahzadənin ona olan qərəzli münasibəti Qulu bəy üçün sirr deyildi. İndi isə qiyamçılar yaxınlaşdıqca Əliqulu xan Fəth oğlu Ustaclı və onun tərəfdarları Həmzə Mirzəyə belə bir fikir təlqin edirdilər ki, Məhəmməd xan Türkmanın keçmiş müttəfiqi Qulu bəy qorçibaşı təhlükəlidir, onu məhv etmək lazımdır. Şahzadə buna məmnuniyyətlə razı oldu. O, gizli olaraq qorçibaşı vəzifəsinə Təhmasibqulu Sultan Ərəşli Əfşarı təyin etdi və Qulu bəyi öldürməyi ona tapşırdı. Bu barədə qardaşı oğlu Cabbarqulu bəydən məlumat alan şah qvardiyasının keçmiş rəisi, xilas olmaq üçün düşmən tərəfinə keçməkdən başqa bir yol tapmadı
Tarix: 08.01.2015 / 02:04 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Həmzə Mirzə Səfəvi