Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Osmanlı müharibəsində iştirakı

1578-ci ildə Səfəvilər və Osmanlı dövləti arasında vəziyyət gərginləşmişdi. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək “mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi. Dövlət işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.

Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı. Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi. Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə gedəcəklər.

Qızılbaşlar Mollahəsənli deyilən yerdə osmanlılara qalib gəldilər. Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə “fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv idi. İskəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya Dərbəndin alınmasında və Şirvanda qələbələrin möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar. Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır: “Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd – O.Ə.) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə qayıtdı”. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı “bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa çatdırılmamış və həll olunmamış qaldı”. Sonrakı hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına iş görən şah arvadının günahlarını təsdiq edir.


Tarix: 08.01.2015 / 02:03 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Həmzə Mirzə Səfəvi
loading...