Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türkman və təkəli tayfalarının qiyamının başlanması

Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı. Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi. İskəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşıqarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz. Türkman tayfasına düşmən olan saray adamlarından bir çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər. Onlar hər vasitə ilə bu dostluğu pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və həmpiyalələri olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şamlı şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına böhtanlar yağdırmağa başladılar. Əmir xan Təbrizdə, şah iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar həmçinin, heç də əsassız olmadan göstərdilər ki, Əmir xan, onun qohumları, yaxın adamlar Təbriz əhalisini amansız surətdə istismar edir, soyub talayırlar və bunun sayəsində zinət və var-dövlət içində üzürlər. Bu söhbətlər tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi. Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında gəzən sözsöhbət və fitnə-fəsadları sezən Əmir xan özünün məğrur davranışı ilə vəziyyətini daha da ağırlaşdırdı. Həmzə Mirzə hiss etdi ki, Əmir xan onunla ünsiyyətdən kənara qaçmağa başlayır. Məsələn, Əmir xan şahzadənin təşkil etdiyi çövkən və qapaq əndazi oyunlarında işrirak etmədi. Bunun ardınca o, şahın Təbrizin Həsən padşah məscidində təşkil etdiyi aşura günü (məhərrəmin 10-u) dini mərasiminə də gəlmədi. Beləliklə, Əmir xanla Həmzə Mirzə arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun əmlakı isə müsadirə edildi. Fitnə-fəsadları ilə Əmir xanın vəzifədən getməsinə və həbsə alınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu Ustaclı Təbriz hakimi və Azərbaycanın cənub hissəsinin bəylərbəyi təyin edildi215. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin köməyilə yenidən türkman və təkəli tayfalarının feodallarını yüksək vəzifələrdən sıxışdırıb çıxararaq onların yerlərini tutdular. Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək barədə razılığa gəldilər. Bunun ardınca hicri 993-cü ilin cümada əl-əvvəl ayında (1585-ci ilin mayında) Əmir xanın Qəhqəhə qalasında öldürülməsi türkman və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu. Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq qırdı və türk qoşunlarının gələcək istilalarını asanlaşdırdı.


Tarix: 08.01.2015 / 02:04 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Həmzə Mirzə Səfəvi
loading...