Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

8-ci hissə.
8-ci hissə.

Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın. Düzdür, evlənmək çox böyük işdir, insana şərəfli bir müstəqillik qazandırır, ancaq eyni zamanda da səninlə bağlılığı olan işdir. Buradan çıxış yolu tapmağa çalışmaq adamı dəli eləyər və az qala hər bir cəhdin cəzası da məhz bu olur.
Hərdən məni evlənmək fikrinə salan da məhz bu münasibətlər olurdu. Evlənəndən sonra aramızda yaranacaq bərabərliyi təsəvvürümə gətirirəm: sən bunu hamıdan yaxşı başa düşərdin, ürəyincə olardı, çünki mən onda azad, qədirbilən, günahsız, açıqürəkli oğul, sən isə dərddən-qəmdən, zülmkarlıqdan uzaq, yanımcıl, hər şeydən razı bir ata olardın. Ancaq bunun üçün gərək olanlar olmamış olaydı, yəni, heç birimiz olmayaydıq.
Ancaq bizim indiki münasibətlərimizlə, birbaşa sənin "sahən" olan evlənməyin qapısı mənim üzümə bağlıdır. Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır və evlənmək də həmin "boş" yerlərin arasında olmur.
Elə müqayisənin özü sübut edir ki, bununla heç də öz nümunənlə məni, mağazadan olduğu kimi, evlənməkdən də qaçaq saldığını demək istəmirəm. Əksinə, bəzi zahiri oxşarlıqlara baxmayaraq anamla sənin nigahına nümunəvi nigah kimi baxırdım: sədaqətdə də, qarşılıqlı köməkdə də, uşaqların sayında da bu nigah nümunə ola bilərdi. Hətta uşaqlar böyüyəndən sonra evdəki dinclik pozulanda da, sizin nigahınız bütöv qaldı. Bəlkə də mənim evlənmək haqqındakı yüksək fikirlərim elə bu nümunə əsasında yaranmışdı. Evlənməkdən qorxmağımınsa başqa səbəbləri vardı. Səbəblərdən biri sənin öz uşaqlarına olan münasibətin idi ki, bütün bu məktub da ona həsr olunub.
Belə bir fikir var: adam bəzən evlənməkdən ona görə qorxur ki, onun bir vaxtlar valideynlərinə tutduqlarını uşaqları sonralar özünə qaytaracaq. Zənnimcə, mənim məsələmə bunun dəxli yoxdur, çünki məndəki günahkarlıq hisslərini sən yaratmışdın və son dərəcə özünəməxsus idi. Bəli, məni yandıran da həmin özünəməxsusluq idi, heç vaxt təkrar oluna bilməzdi. Onu da deməliyəm ki, özüm kimi qaradinməz, küt, quru, zəif uşağım olsaydı, dözə bilməzdim, ondan qaçardım, başqa yolum qalmasaydı, sənin kimi edərdim: mənim evlənmək istədiyimi biləndə, başını götürüb getmək istədin... Deməli, evlənə bilmədiyimə bu da təsir elədi.
Ancaq ən vacibi özüm üçün qorxmağım idi. Bunu belə başa düşmək lazımdır: bayaq dedim ki, yazmaq və bununla bağlı digər məşğuliyyətlərlə, az da olsa, azadlığa çıxmağa, qaçmağa çalışdım, ancaq çox cüzi uğurlar qazana bildim. Bir çox məsələlər sübut edir ki, belə kiçicik uğurlarla uzağa getmək olmaz. Buna baxmayaraq, onları qorumaq borcumdur, daha doğrusu, həyatımın mənasıdır. Qoymaram ki, onlara xətər toxunsun, qoymaram ki, onlara hər hansı bir təhlükə yaxınlaşsın! Evlənmək də belə təhlükələrdən biridir. Düzdür, həm də ən böyük ilham mənbəyidir, ancaq özündə təhlükə gəzdirməsi mənə bəs eləyir. Əgər özü ilə təhlükə gətirsə, neyləyərdim?! Hiss etsəydim ki, bu ailədə, üzdə görünməsə də, təkzibolunmaz bir təhlükə dolaşır, orda necə yaşaya bilərdim?! Bəlkə də bir az tərəddüd edərdim, ancaq axırda yenə də ondan keçməli olardım. "Əlindəki sərçədir, tutmaq istədiyin göyərçinsə dama qonub" məsəli də buna az uyğun gəlir, çünki əlimdə heç nə yoxdur, nə varsa, damdadır. Ancaq mən "heç nəyi" seçməliyəm, çünki mübarizənin şərtləri, həyatın çətinlikləri belə tələb edir. Sənət seçəndə də belə seçməli olmuşdum.

Adamı evlənməyə qoymayan belə bir köklü inamdır ki, ailəni saxlamaq, ona rəhbərlik etmək üçün səndə gördüyüm bütün keyfiyyətlər çox vacibdir. Özü də hamısı bir yerdə olmalıdır, yaxşısı da, pisi də səndəki kimi bir-birinə qarışmalıdır: güclü olmaq, başqalarına istehza ilə yanaşmaq, sağlam olmaq, bir az da ifrata varmaq, natiqlik məharəti, özünəinam, hamıdan narazılıq etmək, özünü hamıdan yüksəkdə tutmaq, zülmkar olmaq, adamları yaxşı tanıya bilmək, çox adama inanmamaq və bir də işgüzarlıq, dözüm, ruhdan düşməmək, qorxmazlıq kimi qüsursuz üstünlüklər... Səninlə müqayisədə bunların heç biri, demək olar ki, məndə yox idi, olanlar da az idi. Hətta sənin də ailə məsələlərində bir çox çətinliklərlə üzləşdiyini, uşaqlarınla mübarizədə geri çəkildiyini görə-görə hansı cəsarətlə evlənmək eşqinə düşmüşdüm? Əlbəttə, bu sualı özümə heç vaxt belə kəskin şəkildə vermirdim və cavabı da, təbii ki, kəskin olmurdu, yoxsa sadə bir məntiq hər şeyi nəzarətə götürər və mənə səndən fərqlənən elə kişilər göstərərdi ki, (məsələn, elə lap yanımızda olan, ancaq səndən çox fərqlənən Rixard əmini) evləniblər, ancaq bu evlilik onları bir çoxları kimi sındıra bilməyib və bu da mənə artıqlaması ilə kifayət edərdi. Bu sualı özümə bir də ona görə vermirəm ki, uşaqlıqdan yol yoldaşım olub. Mən yalnız evlənməyə hazır olub-olmadığımı bilmək üçün deyil, hər xırda şeyə görə özümü sınaqdan keçirirdim. Hər xırda şeydə də mənə nümunə oldun və indi təsvir etməyə çalışdığım tərbiyə üsulunla məni inandırdın ki, heç nəyə qabil deyiləm. Əgər hər bir xırda şeydə bu, sübut olunurdusa, sən haqlı çıxırdınsa, deməli, o böyük işdə - yəni evlənmək məsələsində də belə olmalı idi. Evlənmək fikrinə düşənə qədər mən, təxminən qayğılar içində yaşamasına baxmayaraq, həmişə nəsə bir bəd xəbər gözlədiyindən gündəlik haqq-hesab aparmayan, yalnız günü-günə calayan bir tacir kimi böyümüşdüm. Bu tacirin hərdən xırda-para qazancı olur, ancaq həmin qazanc çox nadir hallarda olduğundan onu həmişə əzizləyir, şişirdir, qalan günlərdəsə ziyana işləyir. Hamısını dəftərə yazır, ancaq haqq-hesab aparmır. Nəhayət, balans çıxarmaq, yəni, evlənmək vaxtı gəlib çatır. Bu zaman elə böyük məbləğlər ortaya çıxır ki, sanki heç o xırda-para qazanclar da olmayıb, həmişə borca işləyib. İndi, gəl, dəli olmadan evlən görüm, necə evlənirsən!
Səninlə bir yerdə yaşadığım həyat burda sona yetir və gələcəyə nə vəd etdiyi də aydın görünür.
Səndən qorxduğumu sübut eləmək üçün gətirdiyim dəlillərə bir də nəzər salsan, belə də cavab verə bilərsən: "Dediklərindən belə çıxır ki, sənə münasibətimi günahlarınla izah edərək, öz günahlarımı yüngülləşdirirəm. Ancaq mənə elə gəlir ki, sən bu zahiri gərginliklə yalnız yüngülləşmirsən, daha çox ondan öz xeyrinə istifadə edirsən. Əvvəlcə sən də bütün günahları, məsuliyyət hissini öz boynundan atırsan və deməli, bu məsələdə eyniləşirik. Ancaq mən fikirləşdiyim kimi açıq şəkildə həmin günahları sənin ayağına yazanda, özünü "daha ağıllı", "daha mehriban" göstərmək istəyirsən və üstəlik, məni də bütün günahlardan azad edirsən. Əlbəttə, sonuncu sənə zahirən müyəssər olur (əslində, bundan artıq heç nə istəmirsən), lakin səbəb və nəticə, ziddiyyət və yazıqlıq haqqındakı o "bəlağətli sözlər"inə baxmayaraq, belə çıxır ki, hücum edən tərəf həmişə mən olmuşam, sən neyləyibsənsə, özünü müdafiə etmək üçün eləyibsən. Belə çıxır ki, sən bu qeyri- səmimiliyinlə artıq istədiyinə çatdın, üç şeyi sübut etdin: birincisi, sənin heç bir günahın yoxdur, ikincisi, bütün günahlar məndədir və üçüncüsü də, böyük ürək sahibi olduğun üçün nəinki məni bağışlamağa hazırsan, hətta, nə qədər həqiqət də olsa, bunu sübut edərək özün də inanarsan ki, mənim günahım yoxdur. Əslində, bu sənə kifayət etməli idi, ancaq etmir. Beyninə yeridibsən ki, mütləq mənim hesabıma yaşayacaqsan. Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən. Yaşamağa qadir deyilsən, ancaq həyatda öz yerini rahatlamaq, qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut etməyə çalışırsan ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. İndi nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim boynumdadır, özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən, həm də mənən özümlə sürüməliyəm. Bir misal çəkim: axırıncı dəfə evlənmək istəyəndə, məktubunda boynuna aldığın kimi, həm də evlənmək istəmirdin, ancaq özünə əzab verməmək üçün çalışırdın ki, evlənməməkdə sənə kömək edim, bu nigahın ad-sanım üçün "rüsvayçılıq" olduğunu əsas tutaraq, evlənməyi sənə yasaq eləyim. Ancaq belə şeyi ağlıma da gətirmirdim. Birincisi ona görə ki, hər şeydə olduğu kimi, burda da "xoşbəxtliyinə mane olmaq" istəmədim, ikincisi də, heç vaxt uşaqlarımdan belə iradlar eşitmək istəməmişəm. Məgər özümü məcbur eləyib sənə evlənməkdə sərbəstlik verməyimin xeyiri oldu? Zərrə qədər də! Evlənməyinin əleyhinə çıxmağım ona mane ola bilməzdi, əksinə, o qızla evlənməyini daha da tezləşdirərdi, çünki, öz dediyin kimi, "qaçmaq" planını tam şəkildə həyata keçirərdin. Evlənməyinə icazə versəydim də, iradların qurtarmayacaqdı, çünki onsuz da sübut etməyə çalışırsan ki, hər bir halda evlənməməyinin günahı məndədir. Həqiqətdə isə istər bu məsələ, istərsə də digərləri ilə mənə bircə şeyi sübut elədin ki, bütün iradlarım haqlı imiş, ancaq onların arasında ən haqlısı yox idi: sənin qeyri-səmimi, yaltaq, tüfeyli olmağın! Səhv eləmirəmsə, elə bu məktubunla da mənə yaltaqlanırsan."
Buna cavab olaraq deyə bilərəm ki, qismən öz əleyhinə çevrilən bu etiraz, əslində, məndən gəlir, sənlik deyil. Sənin başqalarına inamsızlığın mənim özümə inamsızlığım qədər böyük deyil və bunu da mənə sən öyrədibsən. Əlbəttə, bu etirazlardan bəzilərinin haqlı olduğunu inkar etmirəm, ancaq onların heç biri bizim münasibətlərimizin mahiyyətini yeniləşdirməyə qadir deyil. Özlüyündə hər şey gerçəkdə bir-birinə uyğun gələ bilməz - mənim məktubumdakı sübutlar da elə... Axı həyat çox mürəkkəbdir. Ancaq mənə elə gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə - indi həmin düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm - həqiqətə o qədər yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o dünyada da yüngülləşərik...

Frans

Alman dilindən tərcümə edən

Vilayət Hacıyev.


Tarix: 08.06.2015 / 18:34 Müəllif: Aziza Baxılıb: 291 Bölmə: Frans Kafka - "Atama Məktub"
loading...