Atama məktub
Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdırmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."
Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü kimi, bundan sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən çəkinmişdi? Xeyr, inandırıcı deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin mənəvi iztirablar, qorxu, vahimə hissləri içində yaşamağa məhkum olunmuş, öz doğma ata evində ögey uşaq kimi böyümüş, xüsusən də həmişə Praqanın yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq arzusu ilə yaşayan və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, fiziki cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün yaradıcılığı həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin daha da pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...
Əziz ata!
Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram. Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim. Bir tərəfdən ona görə ki, səndən qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah etmək üçün bir cox xırdalıqlara getmək lazımdır və mən də sözlə bunun hamısını ifadə edə bilməzdim. İndi sənə yazılı cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.
Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq qoymadan başqalarına bu barədə danışanda... Sən təxminən belə düşünübsən: bütün ömrün boyu işləyib, özünü uşaqlarına, ən çox da mənə qurban vermisən, mən isə sənin sayəndə "kef içində" yaşamışam, azad şəkildə istədiyim sahəni oxuyub-öyrənmişəm, yemək-içmək sarıdan korluq çəkməmişəm, ümumiyyətlə, heç bir çətinlik görməmişəm. Bütün bunların əvəzində isə heç vaxt "sağ ol" gözləməmisən, çünki uşaqların "sağ ol"unun nə demək olduğunu yaxşı bilibsən, hətta adi bir nəvaziş, mehribanlıq belə ummayıbsan. Bütün bunların əvəzində mən həmişə səndən gen gəzmişəm, otağıma, kitablarımın, səfeh dostlarımın yanına, gurultulu ideyalarımın ardınca qaçmışam. Heç vaxt səninlə açıq danışmamışam, heç vaxt sinaqoqa sənin yanına getməmişəm, Fransensbadda müalicə olunanda səni yoluxmamışam, heç vaxt özümü sənin ailənin üzvü hesab eləməmişəm, alverindən, eləcə də başqa işlərindən xəbərim olmayıb, fabrikin işlərini sənin üstünə atmışam, sonra da başımı götürüb getmişəm, Ottlonun1 tərsliyinə dəstək vermişəm, sənin üçün heç nə eləməsəm də (hətta bircə dəfə teatra bilet almasam da), dostlarım üçün hər şey eləmişəm. Əgər məni mühakimə eləmək istəsən görərsən ki, mənə ədəbsizliyimi və ya hər hansı bir pis hərəkətimi (bəlkə də axırıncı dəfə evlənmək istəyim istisna olunmaqla) irad tutmursan... İradın yalnız soyuqluğuma, yadlaşmağıma, nankorluğumadır... Və elə tərzdə də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, guya sükanı başqa səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə qədər də günahın yox imiş, mənə qarşı həmişə yaxşı olubsan...
Sənin düşüncələrinin yalnız bircə tərəfilə razılaşıram ki, - çünki mən özüm də elə fikirləşirəm - bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur. Ancaq, eyni zamanda, mən də günahkar deyiləm. O vaxt səni buna inandıra bilsəydim, bəlkə də hər şey başqa cür olardı. Yox, yeni bir həyata başlaya bilməzdik, çünki bunun üçün ikimizin də yaşı keçmişdi, ancaq yenə də, bir növ, sülh şəraitində yaşaya bilərdik, sənin o əbədi iradların qurtarmasa da, bir az yumşalardı...
Qəribədir ki, bəzən mənim nə demək istədiyimi əvvəlcədən duyursan. Məsələn, bu yaxınlarda mənə dedin: "Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə bilmirəm." Ümumiyyətlə götürəndə, mənə münasibətin heç vaxt pis olmayıb, ata, ancaq başqaları haqqında dediklərinlə razılaşmıram. Düz deyirsən, sən özünü başqa cür göstərə bilmirsən, amma yalnız buna görə "başqa atalar özlərini üzdə başqa cür aparırlar" deməyin ya xalis inadkarlıqdır, ya da - məncə, bu daha düzdür - bizim aramızdakı soyuq münasibətin bürüncəkli ifadəsidir və belə münasibəti, günahsız da olsan, sən yaratmısan. Əgər sən də belə düşünürsənsə, deməli, ikimiz də eyni fikirdəyik.
Əlbəttə, bununla heç də demək istəmirəm ki, mən bu gün necəyəmsə, təkcə sənin təsirinlə olmuşam. Onda çox şişirtmiş olardım (hərçənd mən belə şişirtməyə bir az meyilliyəm). Lap elə də ola bilərdi ki, sənin təsirindən kənarda sərbəst böyüyər, ancaq sən istəyən kimi olmazdım. Yəqin ki, yenə də çəlimsiz, qorxaq, qətiyyətsiz, sakit olardım və nə Robert Kafkaya2, nə də Karl Hermana3 oxşayardım, hər halda indiki kimi deyil, tamam başqa adam olardım, onda da bir-birimizi çox yaxşı başa düşərdik. Sən mənim ya dostum, ya şefim, ya əmim, ya babam, ya da lap elə (hətta tərəddüd etsəm də) qayınatam olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim üçün çox ağır oldun və ən çox da ona görə ki, qardaşlarım balaca ikən öldülər, bacılarım isə dünyaya gec gəldilər, deməli, bu ağırlığı tək çəkməli oldum, halbuki belə ağırlıq üçün çox zəif idim.
Sən ikimizi də müqayisə et: qısa desək, damarlarımdan Kafka qanı axsa da, mən Kafkalara xas olan həyat eşqilə, əməllərlə, fatehlik arzusu ilə deyil, Lövilər4 nəslinə məxsus, adamı gizli-gizli, qorxa-qorxa əks tərəfə çəkən, bəzən də tamamilə sönüb gedən bir həvəslə yaşamışam. Sən isə, əksinə, əsl Kafka kimi güclü, sağlam, iştahalı, qalın səsli, danışmağa qabil olan, özündənrazı, qətiyyətli, dözümlü, zamanın nəbzini tutan, insanları tanıya bilən, müəyyən mənada səxavətli adamsan və əlbəttə, coşqun, bəzən də tündməcaz olduğun üçün, bütün bu üstünlüklərin tərkib hissəsi kimi səhvlərdən, zəif cəhətlərdən də xali deyilsən. Ancaq ümumi dünyagörüşü baxımından Filipp əmi, Ludviq əmi, Haynrix əmi1 ilə müqayisədə, bəlkə də xalis Kafka deyilsən. Qəribədir ki, bunun niyə belə olduğunu mən də başa düşmürəm. Axı onlar çox şən, gümrah, sərbəst, qayğısız idilər və sənin kimi də ciddi deyildilər (Yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib, lakin sənin təbiətindəki ziddiyyətlər məndə olmadığından həmin mirasdan yaxşı istifadə edə bilməmişəm.) Ancaq yəqin ki, bu baxımdan sənin də günlərin bir-birinə bənzəməyib, uşaqların - ən çox da mən - ümidlərini doğrultmadığı və bu səbəbdən də öz evində sıxıldığın günlərə qədər (ancaq evə qonaq gələndə, başqa cür olurdun) sən də gülərüz olubsan və ola bilsin nəvələrin, kürəkənin, bəlkə, Valli istisna olunmaqla, öz övladlarından ala bilmədiyin hərarəti sənə veriblər. Hər halda biz başqa-başqa adamlar idik və bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli idi ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış sənin münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni didik-didik eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq. Ancaq belə olmadı, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, bundan da betər oldu. Bununla belə, səndən bir xahişim var: unutma ki, səni heç vaxt heç nədə günahlandırmıram. Mənə eləməli olduğun qədər təsir edibsən, ancaq elə bilmə ki, acıqla bu təsirdən kənara çıxmamışam.
Mən qorxaq uşaq idim, həm də bütün başqa uşaqlar kimi inadkar... Düzdür, anam məni bir az ərköyün böyüdürdü, ancaq inanmıram ki, elə çətin uşaq olmuşam. İnanmıram ki, bircə xoş sözlə, adicə bir nəvazişlə, üzümə xoş baxmaqla mənə istədiyini elətdirmək mümkünsüz olaydı. Sən, əslində, mərhəmətli, yumşaq adamsan (indi deyəcəyim bunu heç də inkar etmir, çünki burda mən yalnız sənin uşağa təsirindən danışıram), ancaq bütün uşaqların hamısında o qədər səbr, cəsarət olmur ki, oturub həmin mərhəməti gözləsin. Sən uşaqla yalnız öz təbiətinə uyğun rəftar edə bilərsən: zorla, çığır - bağırla, hövsələsiz... Və həmin vaxt bu üsul sənə yaxşı görünürdü, çünki məni güclü, qorxmaz bir oğlan kimi tərbiyə etmək istəyirdin.
Əlbəttə, mənim lap uşaqlıq çağlarımda istifadə etdiyin tərbiyə üsullarını olduğu kimi təsvir edə bilmərəm, ancaq sonrakı illərdə gördüklərimə, eləcə də Felikslə2 rəftarına əsaslanıb onları təsəvvürümə gətirirəm. Bu anda ilk nəzərə çarpan sənin o vaxt indikinə nisbətən daha gənc, qıvraq, coşqun, qayğısız olmağındır və onda bütün varlığınla öz alverinə bağlanmışdın, səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.
Ancaq o ilk illərdən bircə hadisəni xatırlayıram. Bəlkə sənin də yadında qalmış olar... Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın, bir neçə dəqiqə gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki, onda düz eləmədin... Bəlkə doğrudan da həmin gecə məni başqa yolla sakitləşdirmək olmazdı... Mən bununla yalnız sənin tərbiyə üsullarını və həmin üsulların mənə necə təsir etdiyini səciyyələndirmək istəyirəm. Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq bununla belə, içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın qeyri - adi dəhşətini heç cür uyuşdura bilmirdim. Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng kişi, yəni atam heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç nəyəm!
O vaxt bu, yüngül bir başlanğıc idi, ancaq bütün varlığıma hakim kəsilən "heç nə" olmağım haqqındakı hiss (hərçənd başqa bir baxımdan həm də nəcib və cox səmərəli hiss idi) ən çox sənin təsirinlə yaranmışdı. Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım. Məsələn, yaxşı əsgəri salam verəndə, yaxşı yeriyəndə məni daha da ruhlandırırdın, amma məndən yaxşı əsgər çıxmadı. Məni yaxşı yeməyə, hələ üstündən pivə içməyə də ruhlandırırdın, ya da mənasını başa düşmədiyim mahnıları təkrarlamağa, sənin sevimli ibarələrini dilim dolaşa-dolaşa yamsılamağa...
Tarix: 08.06.2015 / 18:31 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Frans Kafka - "Atama Məktub"