O da sənə öz uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda bizim də rolumuz az deyildi - və ona elə dəhşətli dərəcədə hakim kəsilmişdin ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və çox güman ki, heç bir əzab çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, bir az da inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə düşmüşdü. Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: "Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını sübut edirdi.
Sənin başqa təsir dairələrindən, onlara qarşı mübarizədən çox danışmaq olar, ancaq qorxuram ki, burda çaşam, buna görə də gərək bütün diqqətimi cəmləyəm: axı sən evdən, mağazadan uzaq düşəndə çox mehriban, səxavətli, nəzakətli, diqqətli, yanımcıl (deyərdim ki, həm də zahirən) olursan: məsələn, öz ölkəsindən kənarda olan hökmdara oxşayırsan. Zülmkar ola bilmir və ona görə də mərhəmət göstərib hər yetənlə oturub durur. Daha bir misal: Fransensbadda çəkilmiş kollektiv şəkillərdə səyahətə çıxmış padşah kimi qaraqabaq adamların arasında çox cüssəli, mehriban görünürsən. Əgər uşaqlar bunu o vaxt başa düşsəydilər - ancaq bu mümkün olan iş deyildi - ondan öz xeyirlərinə istifadə edə bilərdilər. Məsələn, mən uzun - uzadı sənin o dar, sərt, adamı sıxan təsir dairəndə yaşaya bilməzdim və axırda belə də oldu.
Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu bağlılıq çoxaldı, ancaq əks istiqamətə - mənfiliyə, səndən daxilən qopmağa (özü də həmişəlik) yönəldi. Ancaq sənin təsirin ailəmizdən kənardakı adamlara münasibətimdə özünü daha pis şəkildə göstərdi. Əbəs yerə elə düşünürsən ki, başqaları üçün hər işi məhəbbətlə, sədaqətlə görürəm, ancaq sənə, ailəyə gələndə, satqın çıxıram, heç nə vecimə olmur. Yüzüncü dəfə təkrar edirəm: mən, yəqin ki, bunlarsız da qaraqabaq, qorxaq bir adam olardım, ancaq oradan indi gəlib çıxdığım yerə gətirən yol çox uzaq, dumanlı olardı. (Bu məktubda indiyəcən bir neçə məsələ barədə bilə - bilə susmalı oldum. Elə indinin özündə də, gələcəkdə də bəziləri haqda susmalı olacam. Çünki onları hər ikimizin qarşısında etiraf etmək mənə çətindir. Bunu da ona görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi mənzərə aydın olmayanda elə bilməyəsən ki, bunun günahı dəlil-sübut çatışmazlığındadır. Yox, sübut çoxdur, ancaq onlar məsələni həddindən artıq çılpaqlaşdırar, dözülməz dərəcəyə çatdırar. Burada orta yol tapmaq o qədər də asan deyil). Yeri gəlmişkən, bu məqamda keçmişi xatırlamaq kifayətdir: sənin qarşında özümə inamı tamam itirmişdim, əvəzindəsə sonu görünməyən günahkarlıq hissləri qazanmışdım. (Bu sonsuzluğu xatırlayaraq bir dəfə kiminsə haqqında belə yazmışdım: "Qorxur ki, utancaqlığı özündən çox yaşaya"). Başqa adamlarla rastlaşanda birdən-birə dəyişə bilmədim, onlarla qarşılaşanda özümü günahkar hiss etməyə başladım, çünki, bayaq dediyim kimi, mənim iştirakımla mağazada onlara elədiyin haqsızlıqların əvəzini qaytarmalı idim. Bundan əlavə də, mənim oturub-durduğum adamlara gah gizlində, gah da açıq-aşkar lağ edirdin və bunların da əvəzini qaytarmalı idim. Mənə istər evdə, istərsə də mağazada başqalarına qarşı inamsızlıq təlqin edirdin (mənə elə bir adam göstər ki, uşaq vaxtı onun haqqında nəsə bir xoş söz deyəm və sən də onu, ən azı bir dəfə, öz tənqidinlə yıxıb sürüməmiş olasan), halbuki, qəribə də olsa, heç birinin sənə pisliyi keçməmişdi (keçsə də, kifayət qədər güclü olduğundan hamısına dözərdin. Kim bilir, bəlkə bu da adicə bir hökmranlıq həvəsinin nişanəsi idi). Ancaq beynimə yeritmək istədiyin bu inamsızlıq mənim uşaq ağlıma batmırdı, çünki hər yanda əlçatmaz dərəcədə gözəl insanlar görürdüm və gördükcə də içimdə özümə qarşı inamsızlıq yaranırdı, başqalarından da həmişə qorxmağa başlayırdım. Bu məsələdə səhv eləməyin, bəlkə də, onunla bağlı idi ki, mənim kiminlə oturub durduğumdan, kiminlə bölüşdüyümdən qəti xəbərin yox idi və ona görə də kədərlə, qısqanclıqla (məgər məni sevdiyini nə vaxtsa inkar etmişəm?!) fikirləşirdin ki, yəqin, evdə tapa bilmədiklərimi başqa yerdə tapıram, axı elə ola bilməzdi ki, bayırda da evdəki kimi yaşayam. Yeri gəlmişkən, uşaq olanda özümün fikirləşdiklərimə inamsızlığım müəyyən mənada özümə təsəlli olurdu, öz-özümə deyirdim: "Sən də hər şeyi şişirdirsən, bütün cavan uşaqlar kimi hər xırda şeyə böyük bir müstəsnalıq kimi baxırsan!". Ancaq sonralar dünyagörüşüm artdıqca bu təsəllini, demək olar ki, itirdim.
Bu məsələdə məni yəhudilik də xilas eləyə bilmədi. Əslində, xilas eləyə bilərdi, hələ bir az o yana da keçərdi. Məsələn, hər ikimiz özümüzü yəhudilikdə tapa bilərdik, hər ikimiz bir çox məsələdə ümumi dil tapardıq. Ancaq səndən öyrəndiyim yəhudiliyə yəhudilik demək olardımı?! Üç il ərzində ona münasibətimi düz üç dəfə dəyişəsi oldum...
Uşaq olanda səninlə razılaşaraq özümü qınayırdım ki, sinaqoqa az-az gedirəm, oruc tutmuram və sair və ilaxır. Elə bilirdim, bununla özümə yox, sənə qarşı haqsızlıq edirəm və o dəqiqə də sanki hardasa dayanıb bunu gözləyən günahkarlıq hissləri məni bürüyürdü.
Sonralar, cavan olanda, başa düşə bilmirdim ki, özündə yəhudilikdən heç nə olmaya-olmaya mənə (lap sən dediyin kimi piyetzm baxımından olsa da) yəhudilikdən əsər-əlamət olmadığını necə irad tuta bilirdin. Axı doğrudan da görürdüm ki, səndəki yəhudilik heç nədir, zarafatdır, bəzən heç zarafat da deyil. İldə dörd dəfə sinaqoqa gedirdin, orada buna ciddi yanaşanlardan çox, laqeydlik göstərənlərlə yaxınlıq edirdin, forma xatirinə bütün dualara səbrlə qulaq asırdın və hərdən də kitabda həmin an oxunan yeri göstərərək məni əməlli-başlı təəccübləndirirdin. Sinaqoqda olanda (bu, əsas məsələ idi) istədiyim yerə gedər, istədiyim yerdə dayana bilərdim. Beləliklə, saatlarla orda oturub əsnəyir, mürgü döyürdüm (mənə elə gəlir, sonralar yalnız rəqs dərslərində belə darıxırdım) və çalışırdım ki, orda gördüyüm xırda-para maraqlı olaylarla başımı qatım: məsələn, mücrünün açılması səhnəsi... Mənə həmişə tiri xatırladırdı: orta xala vuranda, qutunun qapağı açılır, ancaq ordan maraqlı şeylər çıxırdı, burda isə başı olmayan köhnə gəlinciklər... Yeri gəlmişkən, orda da xeyli qorxmalı oldum. Təkcə ona görə yox ki, adam çox idi, həm də ona görə ki, bir dəfə ağızucu demişdin: səni də Tövratı oxumağa çağıra bilərlər. Buna görə də illər uzunu orda məni əsməcə tuturdu. Yoxsa mənə orda darıxmağa heç nə mane olmurdu. Uzaqbaşı konfirmasiya üçün duaları gülünc şəkildə əzbərləmək, sonra da gülünc şəkildə ondan imtahan vermək lazım gəlirdi... Bir də, səninlə bağlı olan bəzi xırda-para olaylar... Məsələn, hərdən səni də Tövratı oxumağa çağırırdılar və mənim ictimai hadisə hesab elədiyim bu işin öhdəsindən yaxşı gəlirdin. Ya da ölənlərin ruhunu yad etmə mərasiminə qatılmaq üçün özün orda qalır, məni isə evə göndərirdin və, yəqin ki, ya evə göndərildiyimə, ya da belə şeylərdən başım çıxmadığına görə uzun müddət hətta elə düşündüm ki, orda nəsə ədəbsiz bir işlə məşğul olursunuz. Sinaqoqda belə idi, evdə isə bundan betər olurdu və getdikcə böyüyən uşaqlarının əməllərilə komediyaya çevrilən, hamını gülməkdən qıc eləyən ilk pasxa axşamı ilə sona çatırdı. (Niyə belə əməllərə dözməli olurdun? Çünki bu şəraiti özün yaratmışdın.) Mənə verdiyin dini təlim bundan ibarət idi və uzaqbaşı şəhadət barmağını böyük bayramlarda ataları ilə sinaqoqa gedən "milyoner Fuksun uşaqları"na tuşlamaq olurdu. Özüm də bilmirdim ki, belə təlimlə ondan imkan daxilində canını tez qurtarmaqdan başqa daha neyləmək olardı?! Buna görə də ondan canımı qurtarmağı ən ağıllı, ən hörmətli yol hesab elədim.
Sonradan bütün bunlara başqa gözlə baxdım və anladım ki, sənə bu məsələdə də qəsdlə xəyanət etdiyimi düşünməkdə haqlı imişsən. Onda iri şəhərlərin yəhudilər üçün ayrılmış məhəlləsinə oxşayan balaca kənddən özünlə bir az yəhudilik gətirmişdin və həmin yəhudilik də çox deyildi, bir azı şəhərdə, bir azı da əsgərlikdə itdi, ancaq gənclik xatirələri, gənclik təsəvvürləri sənə, az da olsa, yəhudi həyatı yaşamağa bəs elədi, çünki belə şeylərin köməyinə o qədər də ehtiyacın yox idi, çünki zəif adam deyildin və dini təsəvvürlərlə ictimai təsəvvürlərin bəzən üst-üstə düşməməsi sənə o qədər də təsir etmirdi. Əslində, sənin həyat yolunu müəyyənləşdirən əqidənin mahiyyəti ondan ibarət olub ki, hər hansı bir yəhudi təbəqəsinin fikirlərini mütləq həqiqət hesab edəsən və belə çıxırdı ki, həmin fikirlər sənin təbiətinə uyğun gəldiyi üçün, elə özünə inanıbsan. Düzdür, bunun özündə də kifayət qədər yəhudilik olub, ancaq onu uşaqlarına ötürməyə bəs eləməyib və elə ötürdüyün andaca damla-damla axıb qurtarıb. Bir tərəfdən kiməsə ötürülməsi mümkün olmayan gənclik təsəvvürləri olduqları, digər tərəfdən də sənin vücudun adamı qorxuya saldığı üçün belə tez tükəndi... Əslində, bunların hamısını qorxu içində bütün çılpaqlığı ilə müşahidə edən uşağa yəhudilik adı altında bəzi mənasız şeyləri həmin mənasızlığa uyğun bir biganəliklə başa salmağa çalışmağın özü böyük mənasızlıq idi. Onlar sənin üçün keçmiş günlərin yadigarı idi, ona görə də hamısını mənə ötürmək istəyirdin və artıq sənin özün üçün də qiymətdən düşdüklərindən, tovlamaqla, ya da hədə-qorxu ilə beynimə yeritməyə çalışırdın. Bu isə bir tərəfdən alınmırdı, digər tərəfdən də həmin məsələdə zəif olduğunu başa düşmədiyinə görə mənim zahiri kütlüyümə qəzəblənirdin.
Bütün bunlar, əslində, təkcə bizim başımıza gələn hadisələr deyildi, nisbətən dindar kənddən şəhərlərə gələn, keçid dövrünü yaşayan yəhudi nəslinin çoxunun taleyi idi. Hamısı da öz-özünə yarandı və bizim onsuz da kəskinlikdən korluq çəkməyən münasibətlərə də təsir elədi, onları daha da qızışdırdı. Düzdür, bu mənada sən də mənim kimi günahsızlığına inana bilərsən, ancaq bu günahsızlığı zahiri səbəblərlə deyil, öz təbiətinlə, zəmanə ilə izah etməlisən: məsələn, deməməlisən ki, işin-gücün, qayğıların çox olub, üstəlik də, belə şeylərlə məşğul olmağa vaxtın çatmayıb. Belə çıxır ki, heç kəsin şübhə eləmədiyi günahsızlığından başqalarına ədalətsiz iradlar tutmaq üçün istifadə edirsən.
Tarix: 08.06.2015 / 18:32 Müəllif: Aziza Baxılıb: 243 Bölmə: Frans Kafka - "Atama Məktub"