Sizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. Burda pis şey görmürəm — sadəcə insanlar belə yaradılıb. Amma bu dəfə bir əngəl çıxdı.
Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə gedəcəyim qadın mənim kimi məşhur şəxsdi.
Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: “Sizin avtomobilinizin baqajında köhnə papaqdan-zaddan bir şey var?” O baxdı, papaqla eynəyi tapandan sonra dedi: “Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!” Mən saqqalı taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı.
Telekameralar mən tərəfə çevrildi. Stadionda kim var, mənə tərəf baxır. “Bu nə zəhrimardı? — fikirləşdim — Axı məndə saqqal var”. Əlbəttə ki, bütün bunlar məni müşayiət edən qadına görəydi. Əşi, nə isə… Amma birdən hiss elədim ki, saqqal çənəmdən sürüşür. “Axmaq bir vəziyyət yarandı. İndi nə etməli? Saqqalı qoparıb düzəltdim-başqa nə edə bilərdim ki? Təbbi ki, bütün bunlar saat 11 xəbərlərində göstərildi: “Maraqlıdır, niyə Al Paçino stadiona yalançı saqqal taxaraq gəlib?” Bu saqqalı sancaqlar muzeyinə vermək lazım idi. Xəbərlərdə özümü görüb xeyli güldüm, amma bəzi nəticələr də çıxardım. Bir də belə hadisə baş verməyəcək. Hara getməyimdən asılı olmayaraq, daha mən hər yerdə necəyəmsə — elə peyda oluram.
* * *
Balaca oğlan olduğum zaman, böyük nənəm (nənəmin anası-R.C) bəzən mənə gümüş dollar verirdi. O mənimlə həmişə çox mehriban rəftar edirdi. Nənəm mənə pulu verməyə hazırlaşan kimi bütün ailə xorla bağırmağa başlayırdı: “Yox! Yox! Yoooox! Ona gümüş dollar vermə!” Bu sözlər ciddiyyətlə deyilirdi — axı biz dəhşətli dərəcədə kasıb idik. Pul mənim ovcumda peyda olan kimi hamı böyürməyə başlayırdı: “Ver! Geri qaytar!” — buna görə də hədiyyəni aldığım üçün özümü narahat hiss eləyirdim.
* * *
Valideynlərim boşanmışdılar, mən hələ çox balacaydım. Ailənin yeganə uşağıydım, anam, nənəm və babamla birlikdə Cənubi Bronksun çoxmənzilli evlərindən birində yaşayırdım. Biz çox çətin dolanırdıq. Buna görə də əyrilmiş yulaf sarğısından kupon kəsməklə Tom Miksdən mahmız (şpor) əldə etmək mümkün olduğunu biləndə sevincimin həddi-hüdudu yoxuydu. Tom Miks qərblilərin kavboy qəhrəmanı idi. O çox məşhuruydu, çox! Kağız lentlə sarınıb poçtla göndərilmiş mahmızlar əsrarəngiz anlam daşıyırdı.Nə isə biz mahmızları sifariş etdik. Böyük nənəm öləndə mənim təxmini 6 yaşım olardı.Yadımdadır, biz dəfn mərasimindən evə gəldik və məlum oldu ki, Tom Miksin mahmızlar olan bağlaması gəlib. Sevincimin həddi — hüdudu yoxuydu. Amma birdən xatırladım ki, nənəm yenicə ölüb. Mən mahmızlara görə sevincimdən tullanıb düşmək istəyirdim, amma...Mən o gün insanın içində özü ilə ziddiyətin nə olduğunu anladım.
* * *
Anam işləməsinə baxmayaraq, hər dəfə yeni film çıxanda məni kinoteatra aparmaq üçün vaxt tapardı. O birisi gün mən evdə tək qalır, bütün rolları ifa etməklə filmi başdan — axıracan özüm üçün canlandırırdım. “Kədərli uikkend” filminə mən hələ çox balaca olanda baxmışdım, amma o mənə çox ciddi təsir etmişdi. Mən ekranda baş verənləri anlamırdım, amma heyranlıqdan tüklərim biz-biz olmuşdu. Rey Millend boş yerə “Oskar”a layiq görülməmişdi, o bu filmdə rolunu əla oynamışdı. “Kədərli uikend”də bir səhnə var, Millend viski butulkasını axtarır. Sərxoş olub o şüşəni mənzildə harasa qoyub, amma indi ayılıb və onu tapmaq istəyir. Bilir ki, şüşə hardasa buralardadı, amma dəqiq hardadı xatırlamır. Uzun müddət axtarır və sonda tapır. Mən tez — tez bu səhnəni oynayardım. Atam məni ziyarət eləməyə gələndə, bəzən məni də götürüb Qarledəki qohumlarının yanına aparardı və deyərdi: “Onlara butulkayla olan səhnəni göstər”. Mən səhnəni oynayardım və hamı gülərdi. Mənsə öz-özümə fikirləşərdim: “Onlar nəyə gülür, axı bu ciddi səhnədi?”
* * *
Bir dəfə uşaqlıqda küçə tamaşasına getmişdim, topu götürüb atdım və bir neçə butulkanı yıxa bildim, amma mənə hədiyyə vermədilər. O gün mən heç cür özümə gələ bilmirdim: necə oldu ki, onlar belə hərəkət elədilər? Bu nə ədalətsizlikdir?! Evə getdim və babama hər şeyi danışdım. Amma o elə bir sifət aldı ki...o hələ də mənim gözümün qabağından getmir. Onun sifətində bu ifadə vardı: “Səncə mən indi 6-cı mərtəbədən pilləkənlə aşağı düşməli, 5 kvartal piyada getməli və küçə tamaşasındakı hansısa avaraya sübut eləməliyəm ki, sən butulkaları yıxmısan və hədiyyəyə layiqsən?!” Mən bütün bunları onun sifətindən oxudum. Bununla belə o, mənə izah eləməyə çalışdı ki, həyatda belə şeylər də baş verir. O haqlı idi. Həqiqətən baş verir.
* * *
Anam mən hələ uğur qazanmamışdan qabaq öldü. Yadımdadır, mənim 10 yaşım olardı. Bizim mənzil yuxarı mərtəbədəydi. Dəhşət soyuğuydu. Aşağıda, döngədəki dostlarım məni küçəyə oynamağa çağırırdılar. Amma anam məni buraxmadı. Mən çox incidim və dayanmadan onun üstünə qışqırmağa başladım. O mənim acı məzəmmətlərimə dözdü. Və mənim həyatımı xilas elədi. Başa düşürsüz, məni o vaxt gəzməyə çağıran dostlarım indi həyatda yoxdular. Anam istəyirdi ki, mən gecə keçənədək küçədə veyllənməyim, dərslərimi oxuyum. Məhz buna görə mən indi burda oturmuşam və sizinlə söhbət edirəm. Hər şey çox sadədir, elə deyilmi? Amma biz çox unutqanıq...
* * *
Mən hələ balaca oğlan olduğum zamanlarda, avtobusdan düşüb başqa marşruta minəndə sarı, qırmızı, mavi rəngdə talon verirdilər. Biz, uşaqlarla istifadə edilmiş talonların hara tullandığını bilirdik, onları tapır və ciblərimizə doldururduq. Bu kağızcıqlar heç nəyə yaramırdı, amma onlar bizə çox dəyərli görsənirdi. Sən heç təsəvvür edə bilirsənmi ki, cibində çoxlu pulla veyllənmək nə deməkdir?
* * *
Aktyor kimi mən səhnədə ilk dəfə ibtidai məktəbdə oxuduğum zaman olmuşam. Biz tamaşa qoymuşduq, səhnənin ortasında böyük tiyan, bədnam “hər şeyi əridən tiyan” varıydı, mən isə italiyalı nümayəndə kimi onu qaşıqla qarışdırırdım. İndi də xatırlayıram: məktəbdəki uşaqlar məndən avtoqraf istəyirdilər, mən də “Sonni Skott” imzasıyla avtoqraf paylayırdım. Юzümə ahəngdar təxəllüs götürmüşdüm, başa düşürsüz də?
* * *
Həyatımın ən böyük sarsıntılarından birini Cənubi Bronskda, əvvəllər varyete (yüngül janrlı tamaşalar göstərən teatr — R.C), sonra isə kinoteatra çevrilmiş zalda yaşamışam.Tamaşanı “gəzən” truppa təqdim edirdi. Çexovun “Qağayı”sını (Çayka) oynayırdılar. Tamaşa başladı...və birdən — birə də qurtardı. Zaman bir anda keçdi. Bu möcüzə idi. Yadımdadır, mən fikrə daldım: “Necə olmalısan ki, belə bir şey yaza biləsən?” Mən dərhal Çexovun seçmə hekayələrini axtarıb tapmışdım.
* * *
Bir dəfə qəlyanaltı etmək üçün “Hovard Consona” girdim və gördüm ki, həmin tamaşada parlayan aktyor piştaxtanın arxasında kofe süzür. Onda mən başa düşdüm ki, həyat nisbidir: əvvəlcə o məni öz oyunu ilə heyran etdi, indi isə “Hovard Consonun” piştaxtasının arxasında dayanıb və mənə qulluq edir.
* * *
Vaxt vardı ki, mən köşklərə “Şou-biznes” adlı qəzet paylayırdım. Heç vaxt yadımdan çıxmaz ki, mənə nə qədər maaş verirdilər — 12 dollar. Onluq və iki kağız dollar. Onluğu dərhal xırdalayardım ki, məndə on iki dənə bir dollarlıq olsun. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamıya elə gəlir ki, səndə pul ağlasığmaz qədərdi.
* * *
İlk dəfə Bostonun repertuar teatrından normal qonorar alanda, təxmini mənim 25 yaşım olardı. Bara getdim, stulda oturub martini içdim. Hətta bundan sonra da məndə pul qalmışdı!
* * *
Filmdə oynamaqla, tamaşada oynamaq arasındakı fərq nədir bilirsizmi? Oynamaq onsuzda tarım çəkilmiş kəndirbaz üstündə oynamaqdır. Səhnədə ip çox yuxarıdandı. Yıxılsan şil-küt olacaqsan. Amma kinoda ip yerin üstündədi.
* * *
Bir dəfə işıqforun yanında durub küçənin o tərəfindəki qıza baxdım və gülümsədim. Amma o: “O-oo, salam Maykl” — deyərək cavab verdi. Bilirsiz də Maykl “Xaç atası” filminin qəhrəmanıdı. Məndə belə bir təəssürat yarandı ki, o bir anda məni yoldan ötən adi insan olmaq hüququndan məhrum elədi. O məni görmüşdü, amma o məndəki məni görməmişdi.“Oskar”ı mən ancaq səkkizinci cəhddə əldə edə bildim. Ona qədər məni yeddi dəfə siyahıya salmışdılar, vəssalam.Bilmirəm mən bu məsələyə adekvat münasibətimi bildirə bilərəmmi, heç olmasa qismən… İndi mən nominantlara baxıram və düşünürəm: “Bəs birdən onlar neyroxirurq olsaydılar necə? Məcbur qalsaydın onlara öz beynini əməliyyat eləməyə etibar edərdin? “Oskar”ı məhz o etibarlı şəxsə vermək lazımdı. Amma əvvəllər hər şey mənim əhval-ruhiyyəmin necə olmasından asılı olardı.
* * *
Elə il olub ki, mən alkoqoldan və həblərdən hədsiz dərəcədə çox istifadə eləmişəm. Bu məsələləri mən çoxdan qapatmışam. Amma mərasimdə oturduğum zaman düşündüyüm vaxt olub: “Birdən məni təltif eləsələr, səhnəyə qədər gedə biləcəyəmmi? Əmin deyiləm”.
* * *
Atam beş dəfə evli olub, amma mən heç vaxt evlənməmişəm. Bundan hansı nəticəyə gəlirəm? Biz öz vərdişlərimizin köləsiyik.
* * *
Əgər aktyorun çoxlu pulu varsa, o adətən onu xərcləməyə yer tapır. Mən öz pullarımı şəxsi filmim olan “The Local Stigmatic”ə (“Mestnıy Stiqmatik”) xərcləsəm də, sonradan onu prakata çıxarmadım.
* * *
Bir gün Mərkəzi parkda gəzişirdim, tanımadığım bir insan mənə yaxınlaşdı və dedi: “Qulaq as, sənə nə olub belə? Niyə biz səni görmürük?” Mən nə isə mızıldamağa başladım: “Bilirsiz mən...heç...mən...” Amma o: “Hə Al, mən səni zirvədə görmək istəyirəm!” Və mən anladım ki: mənim bəxtim gətirib, mənə istedad verilib və mən ondan istifadə etməliyəm.
* * *
Bir filmdə mən suda üzən tirin üzərində qəhrəman Robin Uilyamsı təqib etməli olmuşdum. Bu səhnəni ideal səviyyədə oynamaq lazım deyil. Bunun üçün lazım olan şey — spontanlıqdı. Bütün fokus spontanlıqdadı.
* * *
20 il bundan əvvəl Frenk Sinatranın konsertinə getmişdim. Çətin anlarda onun Baddi Riçi vardı. Beləliklə, səhnəyə Baddi Riç çıxdı və mən necə oldusa fikrə getdim: “Axı Baddi Riçin 79 yaşı var, amma o baraban çalır”. Mən bilirdim o yaxşı barabançıdır, amma o zaman düşünmüşdüm: “ İndi Frenk Sinatra səhnəyə çıxana qədər otur, Baddi Riçin qımıldanmağına, yerində yırğalanmağına bax”.Baddi Riç başladı, necə başladı. Onun ifası mənim gözlədiyimdən on qat artıq idi. Riffin ortasında hamı yerindən sıçradı və heyranlıqla əl çalmağa başladı. Sonra isə Sinatra gəldi və sadə bir söz dedi: “Görürsünüzmü, bu oğlan necə baraban çalır?
Bəs bilirsizmi ki, bəzən seçilmiş yoldan çıxmamaq xeyirlidi”.Baddi Riç seçilmiş yoldan çıxmadı. O təkcə illər boyu barabanda ifa etmədi, həm də həmin gecə öz yoluyla getdi. O dəqiq belə dedi: “Gör mən nə qədər yol gəlmişəm, gəlin yoxlayaq, mən davam edə biləcəyəmmi...”
Qəflətən yol onu lazım olan yerə gətirdi. Bax, biz bütün bunları ona görə edirik. Lazım olan yeri tapmaq istəyirik. Amma o yeri tapmaq hələ hər şey demək deyil. Lazım olan kifayətlənməməkdi. Bilirsizmi, belə bir atalar sözü var: “Kim ki, öz dəliliyindən əl çəkmir, o hansısa gözəl bir gündə müdrik olacaq”.
Tarix: 28.11.2014 / 12:24 Müəllif: Aziza Baxılıb: 311 Bölmə: Filimler