Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10 ən maraqlı qısametrajlı film

Bəzən bir cümlə ilə fikrini izah etmək böyük bir roman yazmaqdan daha çətin olur. İstedadlı insanlar hər zaman konkret danışmağı sevir. Bəlkə də məhz bu səbəbdən son zamanlar qısametrajlı filmlər daha çox sevilir və ən böyük mükafatlara layiq görülür.

«Həqiqət»
Tom Tikverin ssenarisi əsasında çəkilmiş 7 dəqiqəlik kiçik süjet ilk dəqiqədən izləyicinin diqqətini çəkir. Kiçik hissə «Paris, mən səni sevirəm!» filmindən götürülüb. Film gənc aktrisanın telefonda sevgilisinə «Yazımız gözəl idi, amma yayımız geridə qaldı!» deməsi ilə başlayır. Filmdə kor fransız və gənc aktrisanın reallıqla dolu, çılğın sevgisinə şahid oluruq. «Mən səni görürəm!», — deyir kor aşiq. İzlədikcə: «Korlar da görə bilərmi?», — deyə bir sual yaranır. Həqiqət isə budur ki, biz sevdiyimiz insanları hər zaman görürük.



«Hər şeyi mən etməliyəm?»
Ailənin bütün problemini zərif çiyinlər öz üzərində daşısa, nə baş verər? Günlərin bir günü iki uşaq anası yuxudan ayılır və toya gecikdiyini anlayır. Ailəni toya hazırlamaq üçün əldən-ayaqdan düşən qadın sonda öz zəifliyini anlayır. Hadisələr xüsusi montaj və qeyri-adi rakurslardan çəkildiyi üçün xüsusilə komik effekt yaradır.




«Bu nədir?»

Cəmi 5 dəqiqənizi alacaq video uzun filmlərdən daha artığını deyəcək. O, valideynlərə qarşı mərhəmətli olmağı, sevdiklərinizi itirməmişdən öncə yaşadığınız hər anın qədrini bilməyi öyrədir. Yalnız ata və oğulun münasibətləri üzərində qurulmuş bu kiçik süjet bizi bir az da xeyirxah edəcək və həyatımızda ən vacib insanların kimlər olduğunu yada salacaq.



«Təsdiq»
2007-ci Klivlenddə keçirilən Beynəlxaq Film Festivalında "Ən yaxşı qısa film" nominasiyası üzrə qalib olan bu kiçik, 14 dəqiqəlik filmdə rejissor Kurt Kuin həyata düzgün baxışı göstərə bilmişdir: «Gülümsəyin. Axı siz möhtəşəm, füsunkar və gözqamaşdıransınız!». Sadə süjet qurmağa, eyni zamanda vacib olanı nümayiş etdirməyə nail olan rejissor filmi xoşbəxt sonluqla bitirir. Bu filmdə bir az melodram, bir az dram və azca komediya motivlərini görə bilirik. Çox az vaxtınızı alacaq bu filmə, həqiqətən, baxmağa dəyər.



«Saniyənin yüzdə biri»
İnsan həyatı boyu seçim qarşısında qalır və bu seçimlərin nəticəsini yaşayır. Bu film təkcə bir fotoqrafın həyatından bəhs etmir. O, karyera, səhvlər, seçimlər barədədir. Bir gün fotoqraf obyektivində təhlükə ilə üzbəüz qalan insanı görür. İndi onun qarşısında böyük seçim dayanır: həmin insana kömək etmək yoxsa işinə davam etmək?



«Dostluğa əlavə təsdiqini gözləyir»

Cudi Denç istənilən yaşda füsunkar görünür. 12 dəqiqəlik qısa filmdə o, qadınların yaşından asılı olmayaraq, görüşqabağı keçirdiyi hiss və həyəcanı mükəmməl şəkildə ifadə edib. Üzündəki qırışlardan və şəxsiyyət vəsiqəsində göstərilən yaşdan asılı olmayaq, xoşbəxt qadının təbəssümü, çoxdan gözlədiyi görüş üçün gözəllik salonuna tələsməyi təsvir olunan bu kiçik filmdə, həmçinin yaşlı insanların sosial şəbəkə qorxusu və onun vasitəsilə yeni tanışlıqlar qurması çox komik şəkildə öz əksini tapıb.



«Tanrı olmaq çətindir»
Ölüm qaşla göz arasındadır. Onun qarşısını almaq, taleyi dəyişmək, olacağa çarə qılmağın çətinliyindən, bəlkə də, mümkünsüzlüyündən bəhs edən bu qısa film gözlənilmədən göydən yerə düşən bir insandan bəhs edir. Ona dəqiq tapşırıq verilib. Kiçik bir təsadüfün səbəb olduğu ölümü aradan qaldırmaq! Amma vaxt keçdikcə o, anlayır ki, bir şeyi dəyişdirdikdə istəmədən başqa bir faciəyə yol açır.



«Ya indi, ya heç vaxt»
Bəzən telefon zəngləri insanın həyatını xilas edir. Depressiyaya düçar olan, həyatına son qoymaq istəyən insanın ümidini bir necə saatlıq qaytarsalar, necə olar? Kanadalı rejissor və ssenarist Şon Kristensen tənha insanın çəkdiyi əzabı bacısı qızı ilə bir neçə saat keçirməli olan cavan kişi barədə çəkdiyi qısa filmində öyrənməyə çalışır. Onun həyatı məhv olub və gələcəyə dair heç bir ümidi qalmayıb, amma azyaşlı həyatsevər və ağıllı bacısı qızı ilə görüş onu həyata yeni nəzərlə baxmağa sövq edir. Kiçik qızın rəqs etdiyi an səslənən musiqi isə Kristensenin daha bir istedadının olmasını üzə çıxarır.



"Əlamətlər"

Sevgidən bəhs edən bu qısa və məzəli film bir daha nümayiş etdirir ki, məhəbbəti izah etmək üçün danışmağa ehtiyac yoxdur. Yalnız hərəkətlərlə onu bildirmək kifayət edir. Artıq dialoqlar, mənasız fikirlər olmadan da sevgi haqqında film çəkmək olar. Videonun musiqisini də ikinci plana keçirmək olmur. O, Ceysonun tənhalıq, xoşbəxtlik və həyəcanını ifadə edir.



«Körpü»
Film öz oğlunu qurban verərək, yüzlərlə insanın həyatını xilas edən insanın yaşadığı faciədən bəhs edir. Hər kəs seçim etməyə məcburdur. Öz seçimini edən insanın hansı hissləri keçirdiyini görmək isə çox ağırdır. Bütün bu dəhşətə baxmayaq, film müsbət sonluqla bitir. Qatardakılar nə baş verdiyini anlamır və övlad acısını dadmış insan yad qadının qucağındakı körpənin güldüyünü gördükdə seçiminin düzgün olduğuna qərar verir. Bəs sizin qərarınız nə olacaq?


Tarix: 28.11.2014 / 12:23 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Filimler
loading...