Film: Ölü Yazarlar Dərnəyi Olu yazarlar dərnəyi
Rejissor: Peter Weir
Hələ vaxt varkən tumurcuqları topla
Zaman hələ də uçub gedir
Və bu gün hələ də gülümsəyən bu çiçək
Sabah ölə bilər*
Eyni adlı əsərdən çəkilmiş və rejissoru Peter Weirolan “Ölü Şairlər Dərnəyi” filmini izlədim. Filmi izləməyən gənc yəqin ki, qalmayıb. Filmdə, Velton oğlan akademiyasına yeni gələn və ədəbiyyat müəllimi olan Con Kiting (Robin Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır.
Film irəlilədikcə Cənab Kittingin xeyri simvolizə etdiyini düşünməyə başlamışdım. Tələbələri ilə elə ilk günlərdən münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər üzünün də olabiləcəyini diqqətə almağı və anın dəyərini – capre diemi — öyrədən müəllim, tələbələri tərəfindən sevilir.
7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan dərnəkdən tələbələrinə danışır vətələbələr “Ölü Şairlər Dərnəyi”ni yenidən qurmağa qərar verirlər. Hər axşam akademiyanın yaxınlığında yerləşən mağaraya gedir, orada şeir gecəsi keçirirlər. Bir-birlərinin yazdıqları şeirlərlə birlikdə müəllimlərindən öyrəndikləri şairlərin də şeirlərini oxuyurlar.
Bizə deyilən həmişə bir şey olub – “Kitabları cırmaq olmaz!”. Dərsdə isə Cənab Kiting, kitabdan uşaqlara şeirin nə olduğundan bəhs edən səhifəni oxutdurur. O, şagirdinin oxuduğundan yola çıxaraq lövhədə dərsi başa salır. Uşaqlar da bunu lövhədən dəftərə köçürür. Müəllim birdən durur və deyir, “Şeirdən danışırıq burada, boru döşəmirik. Cırın o səhifələri.” Beləliklə bu yenilikçi müəllim yazılanların həmişə doğru olduğuna şübhə ilə yanaşmağımızın daha doğru olduğunu mesajını verir.
Hər yazılan doğrudur deyə bir şey yoxdur. Hər kitab da qiymətli deyil. Sözlərin dadını hissetməyi öyrənin, deyir. Qəlibləri, bütləri yıxmağımızı təklif edir. Doğrudan elədir. Əlbəttə, hər yeni heç də qəbul edilməli deyil. Tanpınarın dediyi kimi – “Hər yeni gözəl deyil. Amma hər gözəl yenidir. Bunların fərqini bilmək lazımdır”. Cənab Kiting, “Özünüz üçün düşünməyi öyrənəcəksiniz” deyir. Onun dərdi uşaqlara kitabdakıları əzbərlətmək deyil. Tələbələrinin beyinlərini işlətməsini və onları qəliblərindən xilas etmək istəyir. Qabaqlarına çıxan hər şeyi asan qəbul etməməyi, ancaq istədikləri təqdirdə qəbul etmələrinin doğru olduğunu deyir.
Həyatın mənasını axtaran suallar,
İnancsızların sonsuz sırası
Axmaqlarla dolu şəhərlər
Və bunların arasında yaşamağın
Mənası nədir ki, həyat?
Cavab ver mənə, cavab ver.*
“Mən sənətçi deyil, azad beyinlərin izindəyəm. İnsanlar sadəcə xəyallarında azad olur” deyir Kitting. Film boyu bizi sehirləyən cənab Kitting sinifdə öz masasının üstünə çıxır və deyir: “Masanın üstünə niyə çıxdığımı bilirsiz? Ətrafımı daha fərqli görmək üçün”. Doğrudan da belə deyilmi? Hər yer fərqli bucaqlardan tamam başqa cür görünür. Bu, dəqiq belədir. Biz çox vaxt aysberqin bir tərəfini gördüyümüzün fərqində olmuruq və elə bilirik ki, hər yer elə dayandığımız yerdən gördüyümüz kimidir. Bu isə bizə yeni pis vərdişlər verir. Bu vərdişlər isə zamanla bizi tənbəlləşdirir, məsələlərin digər tərəflərini görə bilmirik. Əslində isə öz səsimizi eşitməyə çalışmalıyıq.
Filmdəki cənab Kiting mənə “Azad Yazarlar” (Rejissor: Richard LaGravenese. Baş rolda: Hilari Suonk) filmini xatırlatdı.
Orada mövzu tam başqa olsa da, nəticədə tələbələr özlərini eşitməyə nail olurdular. Və hər iki filmdə də qarşımızdaki romantik idealist müəllimlərdir. Bu akademiyadakı uşaqların bir çoxu valideyinlərinin həyatlarını davam etdirirlər. Sərt valideyinlər onların daha ciddi statuslarda görmək istəyirlər – həkim, mühəndis, vəkil… Amma valideyinləri uşaqlarının doğrudan da kim olmaq istədikləri və maraqları ilə maraqlanmır. Məsələn, cənab Kittingin və filmin gedişinə təsir edən tələbələrindən biri olan Nill teatrı sevir. Aktyor olmaq istəyir. Atası isə onun bu istəyini ciddiyə almır və onun həkim olmağını istəyir. Hətta zaman-zaman ata və oğulun dialoqlarından, bunun atanın əmri olduğunu belə görürük. Müəllim Kitting isə tələbəsi Nill ilə söhbətlərində xəyalını gerçəkləşdirməyini, bunun onun haqqı olduğunu deyir.
Filmin lap başından cənab Kittingin akademiyadaki digər müəllimlər tərəfindən fərqli sistemi olduğu üçün xoş qarşılanmadığını görürük. Filmin lap başından şərlə xeyirin mübarizəsini görürük əslində. Xeyir əlbəttə ki, cənab Kittingdir. Şər isə akademiyadanın müdiri və digər müəllimlər.
Şər film boyu Xeyiri qəbul etmir. Onda səhvlər görür və fürsəti olanda bunu Xeyrin əleyhinə istifadə etməyə çalışır. Xeyir isə artıq öz sistemini qurduğu üçün Şərə diqqət etmir.
Film boyu filmdə onların – Xeyir və Şərin mübarizəsi gedir. Kittingin aktyor olmaq istəyən tələbəsi Nilli, atasından gizlin teatr klubuna yazılır. Bir müddət sonra atası bunu öyrənir və oğluna o klubdan çıxmasını əmr edir. Oğlu isə Cənab Kittinglə danışır və xəyalından əl çəkmir. Nəhayət bir oyunda səhnəyə çıxır. Tamaşa zamanı atası da oğlunu izləməyə gəlir və tamaşanın sonunda oğlunu alıb evə aparır. Oğluna əmrlərini verməyə və həyatını formalaşdırmağa davam edir. Onu akademiyadan çıxardıb, başqa universitetə göndərəcəyini bildirir.
Oyun kostyumu ilə oturan və başında yarpaqlardan tac olan Nill isə atasına cavab qaytara bilmir. Hər kəs öz otağına çəkilir. Kamera, gecə atasının yatağa uzanması üçün ayağından çıxartdığı ayaqqabıları göstərir. Mistisizmdə ayaqqabı uzaq yolu simvolizə edir. Ayaqqabılardan sonra kamera birbaşa Nilli göstərir. Nill paltarlarını çıxardır və pəncərəni açır. Tacı hələ də başındadır. Gecə qarlı və soyuqdur. Soyuq, qaranlıq isə ölümü simvolizə edir. Nillinin paltarlarını çıxartması, hər şeyini bu diktator ataya buraxdığını və xəyalı olan teatrdan qalan tacı ilə pəncərəyə yaxınlaşması isə, bu dünyadan ancaq özü ilə xəyalını, arzusunu apardığını ifadə edir. Dünyanı isə pəncərənin yanındaki qlobusun simvolizə etdiyini düşünürəm.
Hər yeni gozəl deyil. Amma hər gozəl yenidir. Bunların fərqini bilmək lazımdır.
Doğrudan da belədir. Bizə qalan sadəcə içimiz olacaq, öləndə belə. Amma Nill özünü atmır və otağından çıxıb qaranlıq dəhlizdən pilləkənlərlə aşağı mərtəbəyə düşür – yəni ölümə. Atasının iş otağına gedir, rəfdən atasının silahını alır və atasının iş masasına oturur. Nillin doğum günündə ailəsi Nillə masaüstü dəst hədiyyə edir. Onun ciddi iş adamı olmağını istədiyini ifadə edir beləcə. Ancaq Nill o hədiyyəni əlbəttə ki, bəyənmir və dostu ilə birlikdə yerə atıb sındırır. İndi isə Nillin, məhz atasının otağındaki iş masasında oturaraq, atasının silahı ilə intihar etməsi, Nillin atasına olan etirazıdır. Nill atasının silahı və iş masasında özünü öldürərək atasına “Məni öz silahın və öz arzunla (ciddi iş) öldürdün!” demək istəyir bəlkə də. Bu yerdə Nillin atası yuxudan oyanır. Nillinin özünü pəncərədən atacaq təəsuratı yaradan o səhnənin yuxu olduğunu öyrənirik beləcə. Evdə Nilli axtaran valideyinləri onun cəsədini iş otağındaki iş masasının yanında tapır.
Filmin bu yerindən sonra Xeyirlə Şərin mübarizəsi və Şərin Xeyir üzərində qələbəsi adamı narahat edir. Çünki, Nillin ölümündən Cənab Kittingi günahkar bilirlər. Şər, Xeyir üzərindəki qələbəsini elan etmək üçün Xeyirin tumurcuqlarından (tələbələrindən) istifadə edir. Nillinin dostlarından biri filmin sonuna kimi hər kəsdən gizlədilən “Ölü Şairlər Dərnəyi” haqqında akademiya müdriyyətinə deyir və dostlarını ifşa edir. Bundan sonra tələbələr sorğuya çəkilir. Nəticədə Cənab Kittingi akademiyaki işindən çıxardırlar.
Beləcə film boyu Xeyirlə Şərin mübarizəsini və Xeyirin Şər üzərindəki məğlub edilməzliyinə sevinən izləyici, Şərin Xeyiri məğlub etdiyini sanır. Cənab Kittingin yerinə ədəbiyyat dərsinə müəllim kimi akademiyanın müdiri girir. Cənab Kitting isə şəxsi əşyalarını götürmək üçün dərs zamanı sinfə gəlir və icazə alaraq əşyalarını yığır. Əşyalarını yığanda ikinci Ölü Şairlər Dərnəyi üzvü olan tələbəsi ilə göz-gözə gəlir. Tələbəsinin üzündə isə peşmanlıq görürük. Cənab Kitting sinifdən çıxanda həmin tələbəsi onu çağırır və masasının üstünə çıxır — ilk dərslərdə Cənab Kittingin, öz masasının üstünə çıxdığı və onları dünyaya fərqli bucaqlardan baxmağa səslədiyi kimi. Sonra bütün tələbələr masaların üstünə çıxır.
Xeyirin tumurcuqları
Xeyir Şəri udur. Qələbəsini çalır. Filmin əvvəlindəki şeirdə deyildiyi kimi tumurcuqlar cücərir. Bu tumurcuqlar Xeyirin tumurcuğudur. Xeyir heç vaxt itmir, həmişə cücərir, onu zamanında toplamaq lazımdır…
Tarix: 28.11.2014 / 11:36 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Filimler