Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moskva göz yaşlarına inanmır

– Mən səni nə qədər çox gözləmişəm? Москва слезам не верит
– 3 gün.
– Mən səni nə qədər çox gözləmişəm…
Əlbəttə ki, onun kimi kişini hər bir qadın bütün ömrü boyu gözləməyə hazırdır, təki o gəlsin. Ancaq gəlirmi? Onun kimi kişilər necə deyərlər, “göydən tökülmür”. Məncə, elə göydən tökülür axı, sadəcə çox az-az tökülür və ya ümumiyyətlə, tökülmür. Gözlə ki, gözləyəsən…

Qadını hansı kişi xoşbəxt edə bilər? O necə görünür, hündürboydur, sarışındır, imkanlıdır? Gəlin, çox axtarmayaq. Bütün bu sualların cavabını 1979-cu ildə “Moskva göz yaşlarına inanmır” filmini çəkən Vladimir Menşov verir. O nəinki sovet qadınlarına, hətta bütün dünyadakı qadınlara necə bir kişi ilə xoşbəxt ola biləcəklərini göstərir. Bu, Qoşa idi. Onu, həmçinin, Qoqa, Yura, Jora da adlandıra bilərsiniz, adın önəmi yoxdur. Önəmli olan onun kişi xasiyyətli olması və özünə, ətrafına, sevdiyi qadına hörmətlə yanaşmağı bacarmasıdır.

Əslində, bu obrazı yaratmaq üçün qadın psixologiyasına dərindən bələd olmaq lazım idi. Qadının nə istədiyini, ona necə yanaşmağı bilmək lazım idi. Menşov, görünür, bunu çox gözəl bilirdi. Məlumdur ki, rejissor özü bir ata, bir həyat yoldaşı kimi idealdır. Odur ki, “Qoşa” obrazını yaratmaq onun üçün heç bir çətinlik törətmir. Qoşa xarakterinə qayıdacağıq, hələlik isə sovet filmləri arasında öz xüsusi yeri olan “Moskva göz yaşlarına inanmır” haqda ətraflı söhbət edək. Vladimir Menşov filmi çəkərkən heç kim onun uğur qazanacağına inanmırdı. Onu filmin süjetinin primitiv olmasında təqsirləndirirdilər: “Bu çox adi, banal bir hekayədir”…

Hətta filmə dəvət alan bir çox məşhur aktyorlar ssenarini oxuyandan sonra çəkilişdən imtina edirlər. Aleksey Batalovu Georgiy İvanoviç (Qoşa) roluna çəkilməsinə razı salmaq üçün rejissor əməlli-başlı tər tökür. Yekaterina roluna isə iki gözəl aktrisa – İrina Kupçenko və Marqarita Terexova namizəd olsalar da, rejissor seçimi öz həyat yoldaşı Vera Alyontovada saxlayır. Əlbəttə ki, həyat yoldaşı Veranı yaraşıqlı Batalovun sevgilisi rolunda görmək Menşova elə də asan başa gəlmir…

“Moskva göz yaşlarına inanmır” 1980-ci ildə efirə çıxar-çıxmaz fantastik uğur qazanır və Menşovu primitivlikdə qınayanlara bu uğuru sakitcə alqışlamaq qalır. Rejissor filmdə hər şeydən əlavə, yaş məsələsinə də aydınlıq gətirir. Filmin qəhrəmanları sübut edir ki, hər yaşda xoşbəxt olmaq olar. Katyanın “40 yaşda həyat hələ yenicə başlayır” ifadəsi filmin bütün məğzini açır. “Moskva göz yaşlarına inanmır” üç rəfiqənin taleyini əks etdirir. Lyudmila, Katerina və Antonina. Onlar bir yataqxanada yaşayırlar. Film “Aleksandra” adlı gözəl mahnı ilə başlayır…

Rəfiqələr çox fərqlidirlər. Lyudmila onların arasında ən ambisiyalı, ən iddialısıdır. O, özünə sərfəli ər axtarır. Moskva kimi şəhərdə isə bu çətin olmamalıdır. O, hər yolla sadə, təvazökar və özünü kimya sahəsinə həsr etməyi düşünən rəfiqəsi Katerinanı ayıltmağa səy göstərir: – Kimya gələcəkdir. – Gələcəkdir? Sən hələ indiki zaman haqda düşün. Lyudmila yöndəmsiz, kasıb, adi zavod işçisinə ərə getmək fikrində deyil. O, bütün oğlan dostlarına varlı ailənin qızı olduğunu söyləyir. Onun məqsədi kübar cəmiyyətə daxil olmaqdır. Yazıçı, rəssam, filosof, professor…
filmdən kadr
Yalan bahasına olsa belə, onun üçün əsas nəticədir… “Aşiq olursansa, kraliçaya olasan, uduzursansa da, milyon uduzasan”, bax belə bir prinsip. Bu prinsipin qurbanı isə Katerina olur. O, istəmədən rəfiqəsinin oynuna daxil olur. Onlar yalandan özlərini professor qızları kimi təqdim edərək, müvəqqəti qaldıqları evə Lyudmilanın “perspektivli kişilər” siyahısından olan bəy əfəndiləri dəvət edirlər. Elə məhz bu yalan Katyanı 20 illik cəza çəkməyə vadar edir...

Həmin axşam qonaqlar arasında olan teleoperator Rodion Raçkov Katerinanın imkanlı, əsil-nəcabətli ailədən olduğunu görür, bu yağlı tikəni əldən verməyin ağılsızlıq olduğunu düşünüb onunla yaxınlaşır… Bu yaxınlıq məşhur “Bésame Mucho” mahnısının sədaları altnda baş verir və elə həmin gecə Katya hamilə qalır. Lakin Katerinanın yalanının üstü tez bir zamanda açılır. Onun zavodda işlədiyini gördüyü an Rodion onunla bütün münasibətləri kəsir.

Uşağa sahib çıxmaqdan isə söhbət belə gedə bilməzdi. Çünki Rodionu və onun anasını ( bir çox müasir gənclərdə olduğu kimi) qızın var-dövləti, mərkəzdə yerləşən böyük mənzili maraqlandırırdı. Katya göz yaşları içində Rodiondan uşaqdan azad olmaq üçün tanış həkim tapmasını xahiş edərkən də o amansız olur: – Xahiş edirəm, məndən mənfi qəhrəman obrazı yaratma. Sən məni aldatmısan. Başının çarəsinə özün bax, məni heç nəyə qatma. Rodionun anası da oğlundan geri qalmır. O, Katerinanın yaşadığı yataqxanaya gəlir, xeyli təhqirlərdən sonra ona pul təklif edir.
– Mənə pulunuz lazım deyil, mən yaxşı qazanıram, — Yekaterina söyləyir.

Bütün pis şeylər yaxşılığa doğrudur ifdəsi məhz bu filmdə öz təsdiqini tapır. Ötən 20 il ərzində Katerinanın həyatında çox şey dəyişib. O artıq kombinat direktorudur, Aleksandra adlı ərköyün qızı var, lakin o,… tənhadır. Lyudmila isə tanınmış xokkeyçi Qurinlə evlidir, ancaq Sergey içkiyə qurşandığı andan onun həyatını Lyudmila da, xokkey də, məşhurluq da tərk edir…

QoşaBu illər ərzində dəyişməyən Katerina və rəfiqələrinin hələ də dost olmaları, kədəri, sevinci birgə bölüşmələridir. Bu iyirmi il ərzində Lyudmilanın prinsipləri dəyişməz qalıb. Lakin kolleqasının ona söylədiyi frazanı, yəqin, hamı xatırlayır: – Generalın həyat yoldaşı olmaq üçün gərək leytenanta ərə gedəsən…
Ancaq Lyudmila heç vaxt bu fikirlə razılaşmır, bu da onun ən böyük səhvi olur. Bir yerdə ki, iddia insanın şəxsiyyətindən üstündür, orada heç bir nailiyyətdən söhbət gedə bilməz…

İndi isə keçək, yazının əvvəlindəki kişi, daha doğrusu, ideal kişi məsələsinə. Düz iyirmi ildən sonra Katerina elektrik qatarında ayaqqabıları çirkin içində olan çilingər Qoşa ilə tanış olur. – Hə, mənim özümüm də çirkli ayaqqabılardan zəhləm gedir… – deyə Qoşa heç bir giriş olmadan Katerina ilə söhbətə başlayır. Bütün növbəti səhnələrdə tamaşaçı Georgi (və ya Qoşa, Qoqa da olar.) obrazı ilə daha yaxından tanış olmağa başlayır, onu özü üçün kəşf edir.

Qoşa Katerinanın, onun qızı Aleksandranın sevgisini qazanmaq üçün xüsusi heç nə etmir. O, sadəcə səmimidir, həmişə özüdür. Zarafatcıl, diqqətcil, qayğıkeş, cəsarətlidir və ən əsası, o nə istədiyini bilir və qarşısındakını məharətlə öz istəyinə tabe edir. Heç bir güc işlətmədən. Qoşanın üstünlüyü də bundadır. Onda kişiyə xas bütün cəhətlər var. Və elə buna görə, Katerina onu itirə bilməzdi. Bu ərəfədə illər öncə Katerinanı atan Rodion yenidən onun həyatında peyda olur və qızını görmək istədiyini bəyan edir. Katerina qızı Saşanı “ata”sı ilə tanış edir:

– Atanla tanış ol.
– Axı o həlak olub?
– Yox, gördüyün kimi, o, sağ-salamatdır, kifayət qədər də möhkəmdir…

Görəsən, övladlarını atan valideynlər 20 ildən sonra atdıqları övladın onların qucaqlarına atılacaqlarına, həqiqətən, ümid edirlər? Lakin bir tərəfdən, Katerina Rodiona minnətdardır. Bəlkə, Rodionla qalsaydı, Katerina heç nəyə nail olmazdı. Əlbəttə, məhz bu baş verənlər, bu sınaq onun daxilindəki gücü, inadı biruzə verir…

Katerinanın iyirmi il öncəki səhvi, iyirmi il ərzində axan göz yaşları, nəhayət, mükafatını alır. Bu mükafatın adı isə Qoşa idi… Bütün qadınların arzuladığı kişi — həmin Qoşa...


Tarix: 28.11.2014 / 12:15 Müəllif: Aziza Baxılıb: 144 Bölmə: Filimler
loading...