Film 1963-cü ildə yazıçı Yaşar Kamalın “qocalmayan uşaq” adlandırdığı, Cümhuriyyət dövrünün ən məşhur yazarlarından Nəcati Cumalinin eyni adlı hekayəsi əsasında çəkilib. Nəcati Cumali hekayəni 1962-ci ildə İzmirin Badəmlər kəndində vəkil olaraq işlədiyi zaman apardığı müşahidələr əsasında yazıb. Filmin rejissorluğunu isə demək olar ki, çəkdiyi əksər filmlər ilə başı daim senzura ilə qeylü-qalda olan Türkiyənin ilk rejissorlarından olan Mətin Ərksan ilə amerikalı rejissor Devid E. Durston etmişdir. Musiqisini Yunanıstanın Akademiya mükafatı laureatı Manos Hacidakis bəstələyib.
Mövzusu:
İki qardaş — Həsən və Osman kənddə böyük torpaq sahələrinə malikdir. Osman yenicə dul qalmış, Həsən isə kəndin gözəl qızlarından olan Bahar ilə sevgilidir, ancaq Həsən çox keçmədən böyük qardaşı Osmanın da məsləhəti və təkidiylə Baharı qaçırdaraq onunla evlənir və üçü birlikdə kənddəki evlərində yaşamağa başlayırlar. Hər şey yaxşı, öz axarında gedir. Lakin bir müddətlik. Əkin mövsümünün başladığı, tarlaların sulandığı bir vədədə Osman sahib olduğu torpaqdan keçən suyun qabağını kəsərək kəndlilərə sudan ancaq fasilələrlə istifadə etməyə icazə verir. Məhkəmədə də qalib gələn Osmanı heç cür yola gətirə bilməyən kəndlilərlə böyük qardaş arasında düşmənçilik başlayır. Və bir gün Osman suyun qarşısını gecə ikən gizlincə açmağa çalışan kəndlilərdən birini tüfənglə öldürür. Ancaq suçu böyük qardaşının sözünü yerə salmayan Həsən boynuna alır. Hadisələr bununla bitmir. Həbsdəki qardaşının öldüyü yalanını uyduran Osman bir gün Baharı zorlayır və onu özünə arvad edir. Əfvdən yararlanaraq türmədən çıxan Həsən isə kəndə qayıdaraq hadisələrdən xəbərdar olur və Osmanı öldürərək suyun qarşısını açır.
Film beynəlxalq festivala hazırlanırdı, aktyor və texniki heyət, filmin musiqisi-hər şey buna görə hazırlanmışdı. Badəmlər kəndinin sakinlərinin də epizodik rollarda oynadığı filmin çəkilişləri doqquz ay çəkdi və nəhayət vizyona girən film həm sadə xalq, həm də tənqidçilər tərəfindən çox bəyənildi. Ancaq Türkiyə Mədəniyyət Nazirliyi filmin festivala getməsinə icazə vermədi. Səbəbini isə (Əslində, bəhanəsi, çox güman ki, bu filmin rejissoru Mətin Ərksanın kommunist olması ilə bağlı idi. Mətin Ərksanın daha əvvəllər çəkdiyi Aşıq Veysəlin həyatından bəhs edən “Qaranlıq dünya” filminin nümayişinə də kommunizm ideyalarını yayması səbəbiylə nəinki ölkədə, həm də ölkədən kənarda qadağa qoyulmuşdu) filmdə türklərin mənfi planda göstərilməyi və bunun Avropada türklərin imicinə zərər vuraraq onları səhv yöndən tanıdacağı ilə izah elədi.
Niyə xüsusi film?
Mədəniyyət Nazirliyi filmə qadağa qoysa da, filmdə Osman obrazını canlandıran və eyni zamanda filmin prodüsseri olan Ülvi Doğan qadağaya “boyun əymədi”. Filmin vizyondan qaldırılmasından sonra ortaq film şirkətinin olduğu Mətin Ərksan ilə də münasibətləri pisləşən Ülvi Doğan filmlə həvəskar şəkildə maraqlanırdı və əslində, tekstilçi idi. Demək olar ki, bütün varidatını bu filmə sərf edən Doğan vəziyyətlə barışmadı və bir gün maşınının baqajında filmi Almaniyaya qaçırtdı. Film, beləliklə, Berlin Beynəlxalq Film Festivalında nümayiş olundu. Ancaq Ülvi Doğan heç cür bağışlanmayacaq bir səhv edir. Filmin afişasında rejissor olaraq Mətin Ərksan yox, İsmayıl Mətin yazdırır. Sonralar bir müsahibəsində Doğan bunu belə izah edəcəkdi: “Berlində “bir kommunistin filmi bu festivalda yarışa bilməz”,- dedilər. Araşdırdım, Mətin Ərksanın adı əslində İsmayıl Mətin Ərksan imiş. Məcbur olub rejissorun adını dəyişdim. Ancaq bunun Mətin Ərksanla aramızda olan ixtilafla heç bir əlaqəsi yoxdur. Belə etməsəydim, filmi festivala qəbul etməyəcəkdilər”.
Film festivala qəbul olundu və sürpriz bir şəkildə “Qızıl Ayı” mükafatını qazandı. Bu, Türkiyənin beynəlxalq mükafat alan ilk filmi idi.
Yüzə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Ülvi Doğan təbrikləri qəbul etmiş və verilən bütün sualları çox böyük diqqət və səbirlə alman dilində mükəmməl bir şəkildə cavablandırmışdı. Bahar obrazını canlandıran Hülya Qoçyigidin harada olduğu sualını isə “aktrisa çoxsaylı film çəkilişləri səbəbiylə məşğuldur, buna görə də festivala gələ bilmədi” şəklində ustalıqla cavablandırır.
Türkiyədə isə Mədəniyyət Nazirliyi mükafat xəbərinin ardından böyük hazırlıqlara başlayır. Filmin “İstanbul qalası” gecəsi təşkil olunur və aktyorlara, hətta filmin ərsəyə gəlməsində bu və ya digər şəkildə rolu keçən hər kəsə mükafatlar verilir.
Bəs niyə bəxtsiz film?
Ülvi Doğan heç cür bağışlanmayacaq böyük bir səhv daha edir.
Avropada Hülya Qoçyigidə bənzəyən bir qız tapır və bu səfər özü rejissor stoluna oturaraq ticari gəlirini artırmaq məqsədiylə filmə bir neçə pornoqrafik səhnə əlavə edir və Türkiyənin beynəlxalq mükafat alan ilk filmi “Qardaşımın arvadına sahib oldum” (“I had my brothers wife”) adıyla porno filmlərin göstərildiyi kinoteatrlarda nümayiş olunmağa başlanır. Londonda təsadüfən filmin afişasını görən Mətin Ərksan isə filmi izləyir və Ülvi Doğanın sirri bu cür açılır. Ancaq Doğan heç bir hüquqi məsuliyyətə cəlb edilmir.
Qırx dörd il sonra, 2008-ci ildə “Susuz yaz” köhnə filmlərin restavrasiya olunaraq nümayiş olunduğu Kann Film Festivalında yenidən nümayiş olunur. Hülya Qoçyigid və Ülvi Doğan gecədə iştirak etsə də, (Osman obrazını canlandıran Erol Taş 1998-ci ildə dünyasını dəyişmişdi) Doğanla qarşılaşmaq istəməyən Ərksan sadəcə bir məktub göndərərək gecənin baş tutmasında rolu olan rejissor Fateh Akın və Dünya Film Vəqfinin başqanı olan amerikalı rejissor, ssenarist və prodüsser Martin Skorseseyə təşəkkür edir.
Tarix: 28.11.2014 / 12:14 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Filimler