Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.
doktor Haus deyir ki, hamı yalan danışır
Kinematoqraf, istər tarixən mövcud olmuş real insanları, istərsə də, uydurma personajları, adətən, zəiflikləri, nöqsanları və müsbət cəhətlərilə vəhdətdə təsvir edib. Xüsusilə də, klassik filmlərdə rejissorlar daha çox öz qəhrəmanlarının xarakterlərindəki "çatışmazlıqlardan" yararlanıblar. Məsələn, dahi rejissorlar — S.Eyzenşteynin "İvan Qroznı", «Aleksandr Nevski», Viskontinin «Leopold» filmlərinin əsas qəhrəmanları olan tarixi şəxsiyyətlərin hökmranlığı, dövləti idarə edərkən yürütdükləri siyasət, verdikləri əmrlər, bir qayda olaraq, sırf şəxsi hisslər, qorxular zəminində analiz olunur. Ən əsası isə, müəlliflər onların heç birini mühakimə, ittiham etmir. Sadəcə onlar üçün maraqlıdır: İvan Qroznı bu və ya digər fərmanı hansı hisslərin təsiri altında verib, niyə kral Leopoldın ən böyük hobbisi bir-birindən nəhəng saraylar tikdirmək olub və s.
Müasir kinematoqrafsa, bu cəhətdən daha irəli gedərək tamaşaçılarla əylənir. Rejissorlar Sercio Leonenin «Bir dəfə Amerikada» filminin, Frensis Ford Koppolanın "Xaç atası" trilogiyasının qəhrəmanları gerçəklikdə cəmiyyətin kriminal ünsürləridir. Real həyatda bu tip adamlarla rastlaşanda, dabanına tüpürüb qaçmağa üstünlük verən tamaşaçı filmdə onların necə xüsusi zövq və qəddarlıqla qətl törətməsinə baxır və qəhrəmanı daha çox sevir. Rejissor hər şeyi bir uşaq sadədilliyi ilə izah edir: Bu sadəcə biznesdir, şəxsi heç nə yoxdur. Tamaşaçı da bu izahatı eyni sadəlövhlüklə qəbul edir. Hannibal Lektora həsr olunmuş «Quzuların susması», «Hannibal», «Qırmızı əjdaha» filmlərinin yaradıcıları isə bir az da irəli gediblər- qızardılmış insan beynini dünyanın ən ləzzətli delikatesi hesab edən doktor Hannibal Lektor digər qəhrəmanlardan həm dünyagörüşü, həm intellektual səviyyə baxımından qat-qat yüksəkdə dayanır.
Bəs Azərbaycan kinematoqrafiyasında «bütün müsbət və mənfi keyfiyyətləri ilə qəbul olunan insan» mövzusu öz həllini necə tapıb? Ən birinci onu qeyd edək ki, 50-ci illərin sonları, 60-cı illərin əvvəllərinə qədər milli kinomuzda, ümumiyyətlə, psixoloji qəhrəman obrazı yox idi. Qəhrəmanlar siyasi baxışlarından, sinfi mənsubiyyətlərindən asılı olaraq yaxşılara və pislərə bölünürdülər. Mənfi personaj heç vaxt müsbət hisslərin obyekti ola bilməzdi.
Lakin 60-cı illərin ortalarına doğru dəyişikliklər yaranmağa başlayır. İlk psixoloji qəhrəmanlar Ş.Mahmudbəyovun, H.Seyidbəylinin filmlərində təsvir olunur. Xüsusilə də, H.Seyidbəylinin yaradıcılığında… Həsən Seyidbəylinin qəhrəmanları mümkün olduğu qədər səmimidir. Rejissor öz personajlarını adi həyatda yaşatmağa çalışır. Onun ilk rejissor işi olan «Telefonçu qız» filmindən başlayaraq, sonrakı — «Cazibə qüvvəsi», «Sən, niyə susursan?», «O qızı tapın», «Bizim Cəbiş müəllim» filmlərində qəhrəmanlar artıq başqalarının fikirlərini, ideyalarını təbliğ etməklə məşğul deyildilər, onlar düşünür, həyatı başa düşməyə, orada öz yerlərini tapmağa çalışırdılar. H. Seyidbəyli öz qəhrəmanlarının psixologiyasına nüfuz edir, onları reallığa maksimum yaxınlaşdırmaq istəyir. Eyni sözləri Ş. Mahmudbəyovun "Şərikli çörək" filminə də aid etmək olar.
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində H. Seyidbəylinin kinoya gətirdiyi yeni qəhrəman inkişaf edərək daha da individual olmağa başlayır. Bu illərdə çəkilən filmlərin mövzuları gündəlik həyatdan, məişətdən götürülürdü. Müəlliflər məişətin müxtəlif, o vaxta qədər «istifadəsi burjua elementi» hesab edilən incəliklərini filmlərinə gətirirdilər. «Bir cənub şəhərində» (rej. E. Quliyev), «Uşaqlığın son gecəsi», «Gün keçdi» (rej. A. Babayev) və s. filmlərdə qəhrəmanlar artıq birtərəfli deyildilər. Onlar real həyatda yaşayırdılar, xarakterləri də rəngarəng idi və ekstremal vəziyyətlərdə qeyri-standart reaksiya verirdilər- «Bir cənub şəhəri»nin sakini Murad kimi…
Murad məhəllələrinin sayılıb-seçilən «ceyillərindəndir». Ancaq gunlərin bir günü o, məhəllədəki hörmətini itirmək təhlükəsi ilə üzləşir — Murad bütün məhəllənin, yoldaşlarının gözləri önündə bacısını təhqir etmiş adamı (məhəllənin fikrincə, ən yaxın dostunu) öldürməlidir. Əslində Murad bilir ki, dostu Tofiqin başqası ilə evlənməsində onun namusuna toxunacaq heç nə yoxdur. Amma Murad məhəllənin — cəmiyyətin ona etdiyi hörmətin əvəzini ödəməlidir — bu cəmiyyətin sadiq üzvü olduğunu sübut etməli və öldürməlidir. Cəmiyyət qiyamçıları, fərqlənmək istəyənləri sevmir və çıxdaş edir. Onun qanunlarını pozmaq olmaz. Murad bir anlıq tərəddüd edən kimi hamı, hətta doğma qardaşı belə ondan üz döndərir. Lakin heç kim ona konkret nə etməli olduğunu demir. Heç kim ona "öldür" demir, ancaq "öldürmə" deyən də yoxdur və bütün film boyu tamaşaçılara yaxşı, zəhmətkeş insan kimi tanıdılan Murad öldürməyi seçir.
70-80-ci illərdə milli kinomuzda Murad tipli obrazların sayı artır, lakin keyfiyyət dəyişmir. Rasim Ocaqovun "Özgə həyat", Eldar Quliyevin "Ürək, ürək", "Ən vacib müsahibə" filmlərinin qəhrəmanları, sadəcə zəif xarakterli adamlar idi. Müəlliflər onları oynada, tamaşaçıya olduqları kimi qəbul etdirə bilmirdilər. Məsələn, «Dalğaları yararkən» filmində rejissor Lars fon Trier tamaşaçını öz qəhrəmanını sevməyə məcbur edir. Tamaşaçı da məmnuniyyətlə rejissorun oyununa qoşulur və Emili Uotsonun personajının davranışını əxlaqsızlıq yox, fədakarlıq hesab edir. Amma rejissor Rasim Ocaqov «Təhminə» filmində (yersiz müqayisə üçün üzr istəyirəm) nə qədər çalışsa da, Təhminəni öz həyatını yaşayan azad qadın kimi göstərə bilmir. Təhminə tamaşaçı üçün ən yaxşı halda müqəddəslik iddiasında olan fahişədir, vəssalam.
Özü də bu situasiyada səbəbkar tamaşaçı yox, məhz, rejissorlardır.Yəqin ki, yerli rejissorlarımızın uğursuzluğu xalqımızın mentalitetindən irəli gəlir «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» prinsipi ilə yaşayan bizlər real həyatda Təhminəni məmnuniyyətlə daş-qalaq edərdik. Filmdə isə sevdirməliyik. Və daha bir nüans — sənət mühakimə eləmir, o, ən uzağı problemi göstərə, üzə çıxarda bilər. Kiməsə məhkəmə qurmaq və ya problem həll etmək sənətin — kinonun vəzifəsi deyil.
Tarix: 28.11.2014 / 11:27 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Filimler