Amerikan rejissoru Frenk Darabont yazıçı Stiven Kinqin povesti əsasında çəkdiyi “Şouşenkdən qaçış” filmi insan ağlı, qətiyyəti və ümidinin sərhədsiz olması haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir desəm yəqin ki, yanılmaram. 1994-cü ildə ekranlaşdırılmış bu film Kinopoisk saytının 2012-ci ildə keçirdiyi sorğusuna əsasən 250 film arasında birinci yeri tutmuşdur. Frenk Darabont öz yaradıcılığında iki böyük şedevr yaratmışdır və onlardan birincisi yaradıcı və aktyor heyətinə böyük şöhrət gətirmiş “Şouşenkdən qaçış” filmidir.
Film həbsxanada dost olan iki insanın həyatından bəhs edir. Həyatda səhvsiz insan olmur. Amma etdiyimiz kiçik səhvlərin get-gedə böyüyərək insanın həyatını puç etdiyini bəzən heç sezmirik. Bunu başa düşəndə artıq gec olur. Çox vaxt ömür boyu etdiyimiz səhvlərin əziyyətini çəkirsən. Sonda isə artıq sən heç kimə lazım olmayan qocaya çevrilmiş olursan. Həbsxanadan buraxılan insan dəhşətli həqiqətlə üz-üzə qalır. Həyatı həbsxanada keçən insanın heç kimi yoxdur. Filmin epizodik personajlarından biri olan Bruks məhz belə insandır. Ömrünün 50 ilini həbsxan keçirən Bruks azadlığa çıxdıqdan sonra tənhalığa dözməyərək intihar edir.
Filmin baş qəhrəmanlarından olan Endi Dyufreyn rolunu aktyor Tim Robbins, Ellis Reddinq (Red) rolunu isə Morqan Frimen oynamışdır. Filmin tamaşaçıya çatdırmaq istədiyi əsas fikir həyatda etdiyin səhvləri qiymətləndirmək və ondan nəticə çıxarmağı bacarmaqdır.
Hadisələr 1947-ci ildə ABŞ-da cərəyan edir. Arvadını sevgilisi ilə birlikdə qətlə yetirməkdə şübhəli bilinən ağıllı bankir Endi Dufreyn ömürlük həbs cəzası alır. Baxmayaraq o bu cinayəti boynuna almır. Dufreyni ABŞ-ın ən sərt həbsxanalarından biri Şouşenkə göndərirlər. Həbsxana direktoru Norton xristianlığı təbliğ etsə də əslində dustaqların həyatı onun üçün heç bir əhəmiyyət daşımırdı. Endi qaradərili dustaq Redlə dostlaşır. Red həbsxanaya müxtəlif yollarla cürbəcür əşyalar gətirə bilən adamdır və bu işdən öz faizini alır. İlk iki ilini Dufreyn məhrumiyyətlər içərisində keçirir. “Bacılar” adlanan homoseksual dəstənin vaxtaşırı hücumuna məruz qalır. İnadkarlıq göstərdiyinə və yumşalmadığına görə bacılar onu tez-tez möhkəm döyürlər. Endi həbsxananın ən qəddar nəzarətçilərindən biri Heddliyə maliyyə məsələsində köməklik göstərir. Bundan sonra digər nəzarətçilərə də böyük köməyi dəyən Endini bir gün bacıların başçısı Baqz ölümünə döyür. Endinin elədiklərinə cavab olaraq Heddli Baqzı öz kamerasında şikəst olana qədər əzişdirir. Bundan sonra bacılar onu rahat buraxırlar. Endi Nortonun maliyyə fırıldaqlarının həyata keçirilməsinə yardımçı olur və demək olar ki, onun şəxsi bankirinə çevrilir. O Nortonun gizli pullarını real olaraq yalnız sənədlərdə mövcud olan xəyali adamın adına köçürür.
Dufreyn dustaqlar arasında da məşhurlaşır. Nortonun razılığı ilə o həbsxana kitabxanasında işləyir. 20 il ərzində hər gün senata yazdığı məktublar nəticəsində istədiyinə nail olur. Senat böyük bir kitabxananı həbsxanaya göndərir. Kitabxana nəzdində Endi dustaqlara savad öyrədir və həbsxanada bir çox şeyləri dəyişə bilir. Amma Norton bütün bu yenilikləri mətbuatda ancaq öz adına qələmə verir.
Həbsxanaya Tommi adlı gənc və peşəkar, eyni zamanda savadsız olan bir oğru gətirilir. Qısa zamanda Tommi Endi və Redlə dostlaşır. Tommini savadlandıran Endi bir həqiqəti öyrənir. Tommi öz keçmiş kamera yoldaşından Endinin arvadını və sevgilisini necə öldürdüyünü eşitdiyini bildirir. Endi hər şeyi Nortona danışır və ondan kömək umur. Pul maxinasiyaları ilə bağlı sirrinin açılacağından qorxan Norton Endini karserə atdırır. Tommini isə həbsxana sərhədində görüşə apararaq guya həbsxanadan qaçdığı üçün Heddliyə güllələtdirir.
Baş verən hadisədən bərk sarsılan Endi yenidən öz işinə qayıdır. Redə öz arzularından danışan Endi ən böyük arzusunun Meksikada Sakit okeanın sahilindəki Zixo Atenexo adlı yerdə yaşamaq və katerə sahib olmaq olduğunu bildirir. Meksikalıların inamına görə Sakit okeanın yaddaşı yoxdur. Simvolik olaraq filmdə Sakit okeanın belə xatırlanması insan bütün keçmişini unudaraq yeni bir həyata başlaya bilmək mənasını verir. Üstəlik Endi Reddən həbsxanadan çıxandan sonra onun bir istəyini yerinə yetirməyi xahiş edir. Bakstonda çöldə böyük bir palıd ağacının altında vulkanik bir daşı çevirməyi dostundan rica edir. Amma daşın altında nə olduğunu demir. Həyatda nəyəsə nail olmaq üçün hətta adi bir daşı da çevirməlisən. Fikrimcə rejissor və ssenarrist bunu tamaşaçılara ustalıqla təqdim etməyi bacarmışlar.
Endinin qəribə hərəkətləri onun dostlarını bərk qorxudur. Hamı baş verənlərdən onun başının xarab olduğunu düşünür. Üstəlik kamerasına gizli şəkildə 2 metrlik kəndir aparır. Dostları onun intihar edəcəyindən qorxarkən Endi öz kamerasından yoxa çıxır.
XX əsrin 50-60 – cı illərində ABŞ-da Rita Heyvord adlı gözəl aktrisa hamının sevimlisi idi. Amma gözəlçə Rita özü də bilmədən Dufreynin xilaskarına çevrilir. Hələ həbsxana həyatının ilk ilində Endi Reddən kiçik bir alpinist çəkici və aktrisa Ritanın böyük bir portretini təşkil etməyi xahiş edir. Red başa düşür ki Endi çəkiclə qalın divarı deşərək qaçmaq istəyir. Lakin bunu mümkünsüz sayır. Bütün dustaqların sevimlisi olan aktrisanın şəklindən isə heç kim şübhələnmir. Endi geologiyanı sevirdi və daş növlərini çox yaxşı tanıyırdı. Ertəsi gün Endinin 20 il ərzində qazdığı deşiyi Rita Heyvardın portretinin altından Norton aşkarlayır. Endi 500 metrlik kanalizasiya borusunu deşir,çirkab içərisində sürünərək tərtəmiz azadlığa çıxır. Həmin günün səhəri Endi bütün bankları gəzərək Nortonun yalnız sənədlərdə mövcud olan şəxsin adı ilə 370 min dollarını ələ keçirir. Nortonun korrupsiya dosyesini isə polisə göndərir. Həlqəyə düşən Norton tapança ilə intihar edir. Heddli isə həbs edilir. Nortun filmin əvvəlində Bibliyanı dustaqlara göstərərək pisliklərdən qurtuluşun yalnız insanın daxilində yerləşdiyini deyir. Endi Dufreyn isə bunu sübut edir. Həm də öz kamerasının daxilindən. Gələcəyə böyük ümidi ilə, ağıllı, qətiyyətli olması və inadkar təbiəti sayəsində Endi buna nail olur.
Sonda 40 illik həbsxana həyatından sonra Red azadlığa buraxılır. Onu müayinə edən komissiya Reddin cəmiyyət üçün heç bir təhlükə daşımadığı qərarını verir. Red də Bruks kimi darıxır və intihara əl atmaq istəyir. Onun yalnız bir şey saxlayır. Dostuna verdiyi vədi yerinə yetirmək, palıd ağacının altındakı daşı çevirmək. Amma Red orada Endinin ona buraxdığı məktubu və pul tapır. Endi onu Meksikada gözləyir. Baş verənlərə inanmayan Red Meksikaya gedərkən yolboyu narahatlıq keçirir və öz dilindən bu fikirlərini söyləyir;
Mən ümid edirəm ki, sərhədi keçəcəyəm,
Ümid edirəm dostumu görəcəyəm və onun əlini sıxacağam,
Ümid edirəm ki, Sakit okean təsəvvür etdiyim kimi mavidir,
Mən ümid edirəm....
Filmin axırında Endinin arzuladığı və ümid etdiyi kimi dostlar Zixo Atenexoda bir-birilə görüşə bilirlər.
Amma film baş rolun ifaçısı Tim Robbinsə yox daha çox Morqan Frimenə uğur gətirdi.
Tarix: 28.11.2014 / 11:36 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Filimler