Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.
İstehsalat qüdrəti
Bu gün hind filmlərinin təkcə sadəlövh adamların hissləri ilə oynamağa yaradığı fikri ilə mübahisə etmək olar. Hind kino ustadları- rejissorlar Satyaci Reyin, Ritvik Çattakın, Mrinal Senin filmləri ən nüfuzlu beynəlxalq kino festivallarda ayaq üstə alqışlanıb. Təəssüf ki, bu adlar Hindistanın özündə də, bir çox başqa ölkələrdə də əsasən peşəkarlara və yüksək zövqə malik bir qrup tamaşaçıya tanışdır. Əvəzində Rac Kapuru kinofanatlarına təqdim etməyə heç bir ehtiyac yoxdur. 50-ci illərdə sadə hindlilərin ağır yaşamından sadəlövhcəsinə, melodramatik notlarla bəhs edən «Avara», «Cənab 420» filmləri sovet tamaşaçıları üçün əsl tapıntıya çevrilmişdi. Məhz, onun filmləri sayəsində bizim tamaşaçılar hələ də isti və doğma hisslərlə sevdikləri Hindistanı kəşf etmişdilər. Rac Kapur bütün filmlərini Bombeydə, Amerikanın Hollivuduna uyğunlaşdırılaraq Bollivud adlandırılmış nəhəng kinokompleksdə çəkirdi. Müxtəlif studiyaların nizamsız yığını olan bu şəhərcikdə prokata ildə 600 tammetrajlı bədii film buraxılır. 1988-ci ildə isə Bollivud 934 film istehsal edərək dünya rekordu vurmuşdu. Bollivuddan əlavə ölkədə Hindistanın bütün dillərində və dialektlərində filmlər çəkən 30-dan yuxarı kinokompleks var.
İldə 600 tammetrajlı bədii film... Ancaq əksəriyyəti keyfiyyət və səviyyə baxımından qüsurludur. Bəs, görəsən, bu qədər filmi çəkməyə dəyərmi? Bu sual birbaşa kinematoqrafın incəsənət və ya industriya olması haqqında çoxdan gedən mübahisələrə aiddir. Hindistanda film istehsalını konveyer üsullu istehsalat prosesi hesab edənlər üstünlük təşkil edir. Burdan da sənayenin bütün sahələrinə xas olan qaydalar, bürokratik metodlar və s. yaranır. Bir vaxtlar SSRİ - də olduğu kimi Hindistanda da kinematoqrafiya üzrə Mərkəzi Komitə fəaliyyət göstərir - bura ölkədə istehsal olunan hər bir filmi zərrəbinlə nəzərdən keçirən və kino ekranında təmiz əxlaq və tərbiyəni qoruyan dövlət senzura idarəsidir. Hind kinematoqrafçılarından heç birinin məhsulu bu təşkilatın icazəsi olmadan ekrana çıxa bilməz: Bunun üçün mərkəz xüsusi icazə verməlidir. Hind senzorları gecə-gündüz əllərində qayçı (tanış situasiyadır, deyilmi?) yerli filmləri əxlaqlı və tərbiyəli şəklə salırlar. Senzorların arasında qadınlar üstünlük təşkil edir: Deyilənə görə, onların yüksək əxlaqı (kişilərdən fərqli olaraq) ekrana kənar bir şeyin çıxmasına izn verməz. Və vermir də!
Hətta son vaxtlara qədər sevgi dərsliyi «Kamasutra»nın vətənində ekran sevgililərinə öpüşmək belə qəti qadağan edilmişdi. Bu qadağanın qoyulmasının günahkarı rejiisor Erza Mir və onun 1932-ci ildə çəkdiyi «Zarina» filmi idi. Bax bu filmdə hind aktyorları doyunca öpüşmüşdülər. Senzorlar gözəl Zarinanın öpüşlərini bir-bir saymışdılar - düz 86 dəfə... Və filmin nümayişinə, onunla birlikdə hind ekranındakı bütün öpüşlərə qadağa qoymuşdular. Amma istedadlı adamlar üçün qadağalar daha maraqlı priyomlar tapmaq vasitəsidir. Rejissorlar və ssenaristlər ehtiraslı sevgi hisslərini senzura qamçısının ağır zərbəsindən xilas etmək üçün mükəmməl şəkildə kino dilinin incəliklərini öyrəndilər. Məsələn, məhz, həmin qadağaların sayəsində hind rejissorları sonralar filmdən-filmə keçən yeni bir forma tapdılar. Söhbət leysan yağış altında sevgi səhnəsindən gedir. Süni yağış aparatları rejissorlar üçün senzuranın «tüsündən» yayınmaq və kütləvi tamaşaçıya kino gözəllərinin yaş köynəklərin və sarilərin altından konturları sezilən bədənlərini göstərmək üçün əvəzedilməz vasitəyə çevrildi.
Öpüşə tabu yalnız 1977-ci ildə Rac Kapurun qardaşı Saşinin ciddi səyləri sayəsində aradan qalxdı. Aktyorun çəkildiyi «SSS» filmi öpüş səhnələrini kəsəndə tamamilə yararsız olurdu. Ona görə də aktyor senzura qayçısı ilə mübarizəyə girişdi və istədiyinə nail oldu. Bir qədər sonra isə hind kinematoqrafçıları yarıçılpaq kinoulduzlarını senzorların diktaturasından xilas etdilər. 1964-cü ildə ekranlara çıxmış «Aprel zarafatı» filmində aktrisalar ilk dəfə çimərlik kostyumlarında göründülər. Və bütün ölkə bunu alqışladı.
Müharibə... Silah...
Qadağan olunan təkcə «sevgi elementləri» deyildi. Senzorlar hind filmlərində hər hansı silahın görünməsinə, hərb səhnələrinə də icazə vermirdilər. 1949-cu ildə Hindistanda nümayiş üçün nəzərdə tutulmuş «O, vətəni qoruyur» sovet filmi yerli senzura tərəfindən qəti şəkildə qadağan edilmişdi. Ehtiyatlı senzorlar sovet partizanlarının körpüləri minalama prosesini, alman ştablarında keçirdikləri təxribat aktlarını az qala «terroristlər üçün dərslik» adlandırmışdılar. Eyni səbəbdən 1996-cı ildə isə məşhur hind rejissoru Şekhar Kapurun «Kraliça-bandit» filmi ekranlara buraxılmamışdı. Beş beynəlxalq kinofestivalın mükafatını qazanmış bu film Hindistanda hələ də qadağa altındadır.
Lakin dünya kinosunda ekşen janrına tamaşaçı marağı senzuranın qadağalarını aradan qaldırdı. İndi orta səviyyəli hind filmlərini qulaqbatıran güllə-baransız və qanlı dava-dalaşsız təssəvvür etmək mümkün deyil. Bu filmlərdə Rembonun, Terminatorun hind variantları yerli mafiozları güllələyir, polis libasında onları izləyir və yolüstü qaragözlü gözəllərin ürəklərini fəth edirlər. Yəqin elə bu səbəbdən polis, iki yüzə qədər hind “boyevikində” çəkilmiş Bombey ulduzu Sancay Dattın mənzilində Kalaşnikov avtomatı, tapança və bir neçə qumbara tapanda o qədər təəccüblənməmişdi. Aktyor silahla o qədər doğmalaşmışdı ki, çəkilişlər başa çatandan sonra da onlardan ayrılmağa eytiyac duymamışdı. Evində silah saxladığına görə Dattı həbs cəzası gözləyirdi. Beş ildən çox istintaq altında qalmasına və əsəblərinin yetərincə korlanmasına baxmayaraq, aktyor canını qurtara bildi. Başqa bir kino ulduzu - Caqdiş Racın adı isə 144 dəfə polis rolunu oynadığına görə Ginnesin Rekordlar Kitabına düşüb. İlk dəfə 1952-ci ildə «İntiqam vaxtı» filmində əyninə qanun keşikçisinin formasını geyinmiş aktyor, sənət həyatı boyu onu bir dəfə də soyunmamışdı.
Mafiya...
Hind kinosu ilə mafiyanın əlaqəsi çoxdan dillərdə dastan olub. Təbii ki, kriminal aləm kinoda hərlənən pullardan yan keçə bilməzdi. Dubayda və Karaçidə məskunlaşmış hind mafiyası hind kinematoqrafçılarından çəkilən filmlərin gəlirindən haqq və bəyəndikləri filmlərin prokat hüququnu alır, açıq-aşkar film istehsalını maliyyələşdirir və sonra da onların tamhüquqlu sahibləri kimi çıxış edirlər. Mafiozlar kino ulduzlarını qəyyumluğa götürür, əsas rolların seçiminə qarışır və hələ «fəth edilməmiş» kino ustalarını özlərinə tabe etməyə çalışırlar. Əlbəttə, kino aləmi vəziyyətlə barışmaq istəmir, amma mafiyaya müqavimət göstərməyin baha başa gələcəyini də etiraf edir. Çünki mafiyaya qarşı çıxmağa cəhd edənlərin aqibətini yaxşı bilir. Məşhur rejissor Rakeş Roşanı elə çəkiliş meydançasındaca güllələmişdilər. Təsadüf nəticəsində sağ qalmış Roşan, sui -qəsddən sonra quldurlara 20 milyon rupi verərək nəinki canını qurtarmış, həmçinin oğlu, hind kinosunun yeni doğan ulduzu Xritrikin də mafiya ilə arasını düzəltmişdi. Ən məşhur hind aktyoru Amitabh Baççan Hindistanın cənubunda yerli kumir Rac Kumarın oğurlanması əhvalatından sonra cangüdənsiz bir addım da atmır. Onun oğlu, «Qaçqınlar» filmində uğurla debüt etmiş Abhişeki atasından da möhkəm qoruyurlar. Çünki aktyor «Qaçqınlar» filminin prokatından «haqqını» tələb edən cinayətkar sindikatın tələbini yerinə yetirməyib.
«Pepsi» «Coca-Cola»ya qarşı
Kiçik Baççanı da, Xritrik Roşanı da «hindlilərin ümidi» adlandırır və onlara təkcə yaradıcılıq sferasında ümid bəsləmirlər. Ona görə ki bu gənc aktyorlar etiqadlarına görə induistdirlər və onların dindaşları məşhurluqda müsəlman kino ulduzlarından geri qalırlar.Ölkədəki mövcud olan dini qarşıdurma sayəsində bu və ya digər aktyorun hansı dinə qulluq etməsi ciddi məsələyə çevrilib. Sadə tamaşaçı üçün çox sevdiyi yeddi aktyorun yeddisinin də müsəlman soyadını daşmasının heç bir əhəmiyyəti yoxdur. Lakin nüfuzlu dindarlar öz dindaşlarının şöhrətini istənilən vasitə ilə qaldırmağa hazırdılar. Hətta iş reklam məhsullarının bölünməsinə qədər ciddiləşib. Müsəlman aktyor Şahruk Xan televiziyada «Coca-cola»nı, induist Xritrik Roşan «Pepsi»ni reklam edir. Sorğular nəticəsində qeydə alınıb ki, induistlər müsəlmanın təriflədiyi malı az almağa başlayıblar və əksinə. İnduist aktyorlara tələbat bir də ona görə artıb ki, hind kinematoqrafçıları ölkədə baş verənlərə daha aktiv şəkildə reaksiya verməyə və aktual problemlərə filmlər həsr etməyə başlayıblar. Şübhəsiz ki, hindlilərin milli hisslərini yüksəltmək məqsədi ilə çəkilən vətənpərvər ruhlu filmlərdə öz düşmənlərinə məharətlə qalib gələn baş qəhrəmanları induistlər oynamalıdırlar.
Hind kinosunda yeni era
Çoxmilyonlu hind tamaşaçının kinoteatrlara qəhrəman kişilərə, yoxsa son dərəcə gözəl xanımlara baxmağa getdiklərini demək çətindir. Başlanğıcda aktrisalar daha çox ikinci dərəcəli rollar oynayırdılar və populyarlıq baxımından kişi aktyorlardan geri qalırdılar. Hətta çox populyar Şri Devinin, Madhuri Diksitin və Kacolun da iştirakı filmlərin prokatda uğur qazanacağına təminat vermirdi. Lakin 1972-ci ildə «Zita və Gita» filminin dünya ekranlarındakı triumfal uğurundan sonra hind kinosunda yeni era başladı. Hema Malinini hind kinosunda yeni eranın yaradıcısı adlandırdılar. Məhz Hema Malininin Zita-Gitasından sonra kinoya istedadlı aktrisalar nəsli gəldi. Bu gün kino gözəlləri məşhurluqda az qala güclü cinsin nümayəndələrini də ötüblər. Hind qadın rejissorları Qurinder Çadxi («Bekhem kimi oyna») və Mira Nair isə («Yağışlar mövsümündə toy») Böyük Britaniya və Hollivuda dəvət olunurlar. Bir sözlə, hind kinosu həyatın özü kimi günbəgün dəyişir. İndi ənənəvi adam ağladan melodramların və qanlı boyeviklərinin arasında dünya kinosunun bədii standartlarına cavab verən filmlərə daha tez-tez rast gəlmək mümkündür. Hind kinosu beynəlxalq ekranlara çıxır və ən sərt publikanın müsbət rəyini qazanır. Hind rejissorları beynəlxalq mükafatlara layiq görülürlər. Lakin dünya şöhrəti qazanmaq nə qədər xoşdursa, istənilən hind kinomanı üçün ölkə daxili uğur, öz tamaşaçılarının alqışları daha vacibdir. Bu da aydındır. Axı burda incəsənətin ən kütləvi növünün bir milyard fanatı var...…
Tarix: 28.11.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 437 Bölmə: Filimler