Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sözün qüdrəti

Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin.

Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər.

Ana dilimizin ən böyük söz sərraflarından və ədəbi dil normalarının formalaşmasında müstəsna xidmətləri olan Şah İsmayıl Xətai söz haqqında belə deyir:

Söz vardır — kəsdirər başı,
Söz vardır — kəsər savaşı.
Söz vardır — ağulu aşı,
Bal ilən edər yağ bir söz.

Şair sözün gücünə nəzərləri cəlb etmiş, insanların “ağulu aşını, yağla bala” çevirəcək şirin sözlərə ehtiyacı olduğunu bildirmişdir. İnsanların kinini sevgiyə çevirəcək, düşmənçilik əvəzinə dostluğu artıracaq, fərqli irqlərdən, dinlərdən olmasına baxmayaraq qəlbləri bir-birinə daha çox isindirən virdimiz olan, dilə düşən və dildən düşməyən xoş sözlərdir.

“Şirin dil ilanı yuvasından çıxarar” deyib atalar. Əslində ilanı yuvasından çıxaran dil deyil, dillə ifadə olunan mülayim sözlərdir ki, bu “sehrli” sözlər də sahibini daim ucaldar. İrsi kimi qəlb dünyası da zəngin olan Nizami Gəncəvi “Leyli və Məcnun” əsərində;

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

***
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

***
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası olmaz,

Çox sözün kərpic tək qiyməti olmaz, — deyərək söz israfına yol verməməyin gərəkliliyinə, artıq işlədilən sözlərin zərərinə toxunmuşdur. Fikrin ifadəsində az, lakin məzmunlu bəyana üstünlük vermiş, sözçülükdən qaçmağın lazımlığına diqqəti cəlb etmişdir.

Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax! (Nizami)

Müdriklərin dili ilə desək, deyilmədən əvvəl söz sahibinin əsiridir, deyildikdən sonra isə sahibi sözün əsiridir. İstər xoş söz olsun, istər naxoş. Bəzi məqamlarda yersiz təriflərdə sözçülükdən başqa bir işə yaramır. Ünsiyyətdə də hər zaman tövsiyə edilən mülayim üslubdur. Həyatda hamının xoş sözə ehtiyacı var.

Daşdan süzülə-süzülə damlayan suyun büllurlaşdığı kimi, düşünülüb ifadə edilən sözlər də istiqamətverici olar. Addım atmadan “yüz dəfə ölçüb, bir dəfə biçmək” nə qədər vacibdirsə, danışmadan və fikir bəyan etməzdən əvvəl düşünməkdə o qədər əhəmiyyətlidir. İnsandan hər zaman məntiq və ağılla hərəkət tələb olunur. Buna görə də insanın ifadə etdiyi fikir, dediyi söz bünövrəsi möhkəm fakt və arqumentlərə söykənməlidir. Araşdırmaq, məsələdən agah olmaq fikrin bəyanı üçün əsasdır. Məhz bundan sonra ifadə edilən fikirlər, deyilən sözlər uzunömürlü olar.

Heç şübhəsiz ki, söz haqqında ən gözəl, dəyərli və unudulmayacaq sözü söz sənətimizin zirvəsi Məhəmməd Füzuli deyib:

Ver sözə ehya ki tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Şair “xabi-əcəl”, yəni ölüm yuxusu dedikdə ölməyi, “uyqudan bidar olmaq” dedikdə isə yenidən dirilməyi nəzərdə tutmur. Füzuli o mərhələni çoxdan adlamış, gözünü axirətə zilləmiş könül ərbabıdır və ölüm həqiqəti o cür şəxsiyyətlər üçün xof deyil, əndişə deyil, zamanı gələndə başalayacaq gözəl bir yolçuluqdur. Yəni burada şair ölməyi deyil, şair üçün ən böyük qorxu olan unudulmağı nəzərdə tutur. Tarixin hər qərinəsi, hər əsri unudulmuş imzalarla doludur. Füzuli məhz bu həqiqətə işarə edir və elə gözəl sözlər söyləməyi məsləhət görür ki, əsrlər keçdikdən sonra da unudulmayasan. Şair üçün fiziki ölüm dərd deyil, unudulmaq dərddir. Söz bu mənada çox etibarlı əmanətdir və dünyada qaldıqca, yüz ildən, min ildən sonra düşüncələrə aydınlıq, könüllərə təsəlli ola bilirsə, söyləyənin də rəhmətlə anılmasına səbəb olur.

Günümüzün mütəfəkkirlərindən birinin ifadəsi ilə desək, yaşamağa haqq qazanan düşüncə və fikirlər, ancaq yaşanaraq söylənən, əməldə əksini tapan sözlərdir. Bir insan özünün doğruluğunu dəfələrlə and içməklə yox, əməlində tətbiq etməklə isbat edə bilər. Ancaq doğru bildiklərini düzgün bir şəkildə əməlində tətbiq edənlərin, sözü və əməli vəhdətdə olanların sözləri təsiredici, inandırıcı və qalıcı ola bilər.

Eyni şeirdə şair:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa eylər əhlin ol miqdar söz. — deyir.

Şair bu məqamda hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Söz dediyin xeyir qapısıdır, insanlara yardımdır, haqqa çağırışdır, duadır. Bu mənada, əlbəttə, sənin də, mənim də, dəyərimiz elə sözümüz qədər olacaq.

El arasında belə bir məsəl də var: hoha var, dağa mindirər; hoha var, dağdan endirər. Yəni sözü necə demək, ifadələri necə seçmək də çox mühüm məsələdir. Sözü elə deyərsən, könül alar; elə deyərsən, ürək qırar.

Bir də ki söz dediyin, sadəcə, ağızdan çıxan səs toplusu deyil, baxışların ifadə etdiyi məna da sözdür, əllərin həyəcandan titrəməsi də, sifətin səyriməsi də… Söz dediyin yaşadığın duyğuların ifadəsidir. Əslində bütün insanlar eyni, yaxud da oxşar duyğular yaşayırlar, amma hər kəs öz yaşadığını eyni dərəcədə ifadə edə, başqalarına çatdıra bilmir. Bu mənada “dünyanın ən uzun yolu ürəkdən ələ qədər gələn yoldur” deyənlər yanılmırlar. Təbii o duyğuların ən gözəl şəkildə ifadəsi bir özgə sənətdir ki, bu sənətin zövqünü, gözəlliyini də söz adamları, daha çox şairlər yaşayırlar. Və sən bir gün əlinə keçən bir qəzet səhifəsində, yaxud da kitabda oxuduğun şeirlərin daşıdığı hissləri o qədər yaxın, doğma bilirsən ki, sanki şair sənin yaşantılarını qələmə alıb.

Söz cəmiyyətdə insana verilən dəyərin ən dəqiq barometridir. Sözə verilən dəyər insana verilən dəyərdir, sözün dəyərsiz olduğu cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz qızarır, əyrilər düzəlir, söz qədirsiz olanda yenə də Füzuli demişkən, rüşvət deyildir deyə salamı da almırlar.

Sözü uca tutaq, sözün qədrini bilək, sözə dəyər verək ki, özümüz də dəyərli olaq.


Tarix: 10.12.2014 / 16:00 Müəllif: Aziza Baxılıb: 427 Bölmə: Dahilerin sözleri
loading...