Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boru sonsuzluğu

Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur.
Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları - fibriyalar - öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də olsa pozulmalar baş verərsə, müxtəlif və çox ağır fəsadlar inkişaf edə bilər. Belə ki, uşaqlıq borunun mənfəzi tam və ya qismən bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlığa çata bilmədiyinə görə borunun divarına implantasiya edir (birləşir) və nəticədə çox təhlükəli bir hal - uşaqlıqdan kənar hamiləlik (boru hamiləliyi) inkişaf edir. Digər tərəfdən uşaqlıq boruları tam bağlı olduqda boru sonsuzluğu inkişaf edir.
Uşaqlıq borularının keçiriciliyinin pozulmasının ən yayılmış səbəbi iltihabdır. Bu iltihabın səbəbi isə cinsi yolu ilə keçən infeksiyalar, abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. Bu iltihabi prosesin nəticəsində kiçik çanaq boşluğunda bitişmələr (sinexiyalar) əmələ gəlir. Bitişmələr borunun mənfəzini tam və ya qismən bağlaya bilər, borunu daralda bilər, fibriyaların quruluşunu poza bilər və s. Uşaqlıq borusu və yumurtalıq arasında olan bitişmələr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrəsinin boruya düşməsinə mane olur.
Uşaqlıq boruların keçiriciliyinin pozulmasına səbəb olan infeksiyalardan biri xlamidiozdur. Təəssüf ki, bir çox hallarda xlamidioz özünü heç bir əlamətlə büruzə vermir. Həkimlərin müşahidələrinə görə, borularında problemlər olan qadınların yarısından çoxunda xlamidioz aşkar olunur.
Bitişmələr kiçik çanaq boşluğu orqanlarında aparılan cərrahiyə əməliyyatlarından sonra əmələ gələ bilər (miomaların və kistaların xaric edilməsi, keysəriyyə əməliyyatı və s.). Bəzi hallarda bitişmələr appendiksin xaric edilməsindən sonra əmələ gəlir.
İltihabi proseslərdən əlavə uşaqlıq boruların keçiriciliyinin pozulmasına qadında olan hormonal pozulmalar, xroniki streslər də səbəb ola bilər.
Uşaqlıq borularının keçiriciliyinin pozulması adətən özünü heç bir əlamətlə büruzə vermir və qadın sonsuzluqla bağlı olan müayinələrdən keçdikdə aşkar olunur.
Uşaqlıq borularının keçiriciliyinin yoxlanması üçün xüsusi müayinələr - histerosalpinqoqrafiya (HSQ), exosalpinqoqrafiya (ESQ) və laparoskopiya - istifadə olunur.
Histerosalpinqoqrafiya zamanı uşaqlıq boyununun kanalından kontrast maye yeridilir və rentgen şəkili çəkilir ki, bu şəkildə borularına mayenin düşüb-düşməməsi aydın görünür. Bu prosedura menstrual dövrünün 1-ci hissəsində həyata keçirilir. Müayinə kifayət qədər ağrılı olduğuna görə proseduradan əvvəl qadına ağsızlaşdıran və spazmolitik preparatlar yeridilir (bəzi hallarda hətta narkoz istifadə olunur).
Bəzi həkimlər belə hesab edirlər ki, bu prosedura hətta müalicəvi təsir göstərir ki, borular mayenin təzyiqi altında yaxşı "yuyulur".
Onu da nəzərinizə çatdıraq ki, bəzi hallarda bu müayinə yanlış mənfi nəticə göstərə bilər: kontrast maye keçirici olan borulara onların sıxılmasına (spazm) görə düşmür.
Exohisterosalpinqoqrafiya zamanı rentgendən deyil, USM-dən istifadə olunur. Uşaqlıq boruları keçirici olmadıqda, uşaqlıq enlənir, böyüyür. Bu üsül HSQ ilə müqayisədə daha az informativ sayılır. Lakin bu müayinə zamanı qadın şüalanmır və bu səbəbdən exohisterosalpinqoqrafiya bir neçə dəfə təkrar oluna bilər.
Laparoskopiya zamanı qarın divarında kiçik kəsiklər aparılır. Bu kəsiklərdən qarın boşluğuna kiçik cərrahiyə alətləri və videokamera yeridilir. Qarın boşluğunda olan görüntülərinə həkimlər kompüterin monitorunda izləyirlər. Laparoskopiya zamanı uşaqlıq borularının keçiriciliyinin pozulmasından əlavə digər sonsuzluğa səbəb olan amillərinin (polikistoz yumurtalıqlar, endometrioz) diaqnostikası aparılır. Adətən müalicəvi-diaqnostik laparoskopiya aparılır. Bu o deməkdir ki, əməliyyat zamanı aşkar olunmuş pozulmalar dərhal aradan qaldırılır (bu mümkün olduqda) - endometrioz ocaqları yandırılır, sinexiyalar açılır və s.
HSQ və ESQ zamanı uşaqlıq borularının keçiriciliyinin pozulması aşkar olunduqda qadına müalicə təyin olunur. Bitişmələr olduqda adətən cərrahi müalicə təyin olunur (laparoskopik əməliyyat). Bitişmələr boruların ətrafında olduqda əməliyyat daha çox hallarda müsbət nəticə verir. Bitişmələr borunun mənfəzində olduqda isə belə müsbət nəticə daha az hallarda əldə edilir. Boruların keçiriciliyi tam pozulduqda (mənfəzi bütün uzunluğu boyu bağlı olduqda) cərrahi əməliyyat effektli sayılmır. Bəzi hallarda əməliyyat zamanı iltihablaşmış, enlənmiş, içərisində çoxlu maye olan boru xaric edilir.
Əməliyyatdan sonra hamiləlik baş tutmursa (adətən bu əməliyyatdan sonra 6 ay ərzində baş verir), təkrar cərrahi müalicə adətən tətbiq olunmur. Bu halda süni mayalanma üsullarından istifadə olunur.


Tarix: 24.12.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Cinsəl sağlamlıq
loading...