Hamiləliyin baş tutması üçün qadının yumurtalıqlarında ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması) prosesi baş verməlidir.
Hər menstrual dövrdə adətən 1 dominant follikul yetişir (nadir hallarda 2, 3) və ovulyasiya olunur. Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil.
Bəzi qadınlar düşünür ki, ovulyasiya menstrual dövrünün 14-cü günü baş verir. Bu səhv fikirdir. Menstrual dövrünün uzunluğundan asılı olaraq ovulyasiya dövrün 12-ci günündə (26 günlük menstrual dövrdə), 16-cı günündə (30 günlük gövrdə) və s. baş verə bilər.
Lakin bu da dəqiq tarix deyil. Hətta menstrual dövrü müntəzəm olan qadınlarda (menstruasiyalar hər dəfə müəyən müddətdən sonra təkrar olunur - 26 gündən bir, 28 gündən bir və s.) ovulyasiya müxtəlif menstrual dövrlərdə eyni gündə baş verməyə bilər - daha tez və ya daha gec baş verə bilər.
Sağlam və sonsuzluq problemi olmayan qadınlar bir çox hallarda ovulyasiya haqqında düşünmür. Lakin sonsuzluqdan əziyyət çəkən qadınlar üçün ovulyasiya gününün dəqiq təyin edilməsi çox vacib bir məsələdir.
Məhz bu səbəbdən sonsuzluğun müalicəsi zamanı qadınların əksəriyyətinə follikulometriya müayinəsi təyin olunur.
Follikulometriya follikulun yetişməsinin monitorinqidir (nəzarət). Monitorinq USM köməyi ilə həyata keçirilir. Follikulometriya ovulyasiyanın baş tutub-tutmamasını təyin etmək üçün ən dəqiq üsuldur. Digər üsullar (ovulyasiya testləri, bazal hərarətin ölçülməsi) belə dəqiq nəticə vermir.
Follikulometriya bu kimi hallarda qadına təyin olunur:
- ovulyasiyanın baş tutub-tutmamasını təyin etmək üçün;
- menstrual dövrünün mərhələsini təyin etmək üçün;
- ovulyasiyanın gününü təyin etmək üçün;
- yumurtalıqların funksiyasına kontrol etmək üçün;
- süni mayalanma prosedurdan əvvəl;
- sonsuzluğun diaqnostikası zamanı;
- qadın tərəfindən qəbul olunan hormonal preparatların yumurtalıqlara olan təsirini kontrol etmək üçün;
- menstrual dövrünün pozulmasının səbəbini təyin etmək üçün.
Follikulometriya qadından dəqiqlik və məsuliyyət, həkimdən isə yüksək peşəkarlıq və təcrübə tələb edən bir müayinədir. Follikulometriya bir neçə gün ərzində aparılır. Daha yaxşı olardı ki, qadına hər dəfə eyni mütəxəssis və eyni avadanlıqda baxsın. Birinci USM müayinəsi adətən menstrual dövrünün 8-ci-10-cu günündə (menstrual dövrünün müddətindən asılı olaraq) ginekoloq tərəfindən təyin olunur.
Daha sonra müayinə 2-3 gündən bir (bunu qadına nəzarət edən ginekoloq təyin edir) ovulyasiya baş verənə kimi aparılır. Əgər ovulyasiya hər hansı səbəblərə görə baş tutmazsa, müayinələr menstruasiya gününə kimi aparılır.
Follikulometriya müayinəsi qadından heç bir xüsusi hazırlıq tələb etmir. Müayinədən 2 saat əvvəl 0,5 l maye qəbul etmək lazımdır ki, sidik kisəsi dolsun (cinsi əlaqələri olmayan qız uşaqları üçün). Qadınlarda müayinə transvaqinal üsulu ilə (uşaqlıq yolundan) aparılır və bu halda maye qəbul etmək ehtiyac deyil. Bu halda müayinədən bir gün əvvəl bağırsaqlarda köpə səbəb olan qidaları və mayeləri qəbul etməyin, müayinə günü bağırsaqları imalə və ya şamla təmizləmək olar.
Follikulometriyanın nəticələrinə ginekoloq daim nəzarət etməlidir ki, lazım olduqda qadına müəyyən müalicə təyin olunsun.
Adətən follikulometriyanın ilk günündə yumurtalıqlarda 1-2 follikul (bəzən daha çox) izlənilir. Follikulların ən irisinin ölçüsü 12-15 mm olur. Bu follikul "dominant follikul" adlandırılır. Hər gün dominant follikulun ölçüləri 2-3 mm artır. Ovulyasiya günü follikulun ölçüsü 25 mm kimi ola bilər.
Ovulyasiya anına yaxın endometriumun (uşaqlığın daxili qatı) qalınlığı 10-12 mm olur. Böyümüş dominant follikul LH (lyuteyinləşdirici hormon) və FSH (follikul stimullaşdırıcı hormon) təsiri nəticəsində yumurtalığın qişasını yırtır və yumurta hüceyrəsi qarın boşluğuna çıxır. Duqlasda follukulyar maye yığılır.
Ovulyasiya olunmuş follikulun yerində sarı cisim izlənilir. Menstrual dövrünün 15-18-ci günlərində sarı cisim yaxşı görünür. Menstruasiya gününə kimi sarı cisim hər gün kiçilir. Menstruasiyaya yaxın sarı cisim, demək olar, görünmür və ya tam yox olur. Hamiləlik baş verdikdə isə sarı cisim saxlanılır və hamiləliyin saxlanmasına kömək edir.
Follikulometriyanın nəticələrinə görə ovulyasiya bu halda baş vermiş sayıla bilər:
- yetişmiş follikulun ölçüləri 18-24 mm;
- dominant follikul yox olub,
- follikulun yerində sarı cisim izlənilir,
- duqlasda (uşaqlığın arxasında olan boşluq) sərbəst maye izlənilir.
Ovulyasiya bəzi səbəblərə görə baş tutmaya bilər. Bəzi hallarda dominant follikul ovulyasiya üçün lazım olan ölçülərə kimi böyümür, digər hallarda dominant follikul ovulyasiya olunmur və follikulyar kistaya çevrilir. Əksər hallarda bunların səbəbi qadında olan hormonal pozulmalardır.
Hətta sağlam qadınlarda ovulyasiya hər menstrual dövründə baş tutmaya bilər. Cavan qadınlarda 1 ildə 1-2 menstrual dövr anovulyator (ovulyasiyasız) ola bilər. Qadının yaşı artdıqca anovulyator menstrual dövrlərin sayı da çoxalır. Bu səbəbdən qadında bu menstrual dövründə ovulyasiya baş tutmadıqda, növbəti menstrual dövründə (bəzən 2-3 dövrdə) ona yenidən follikulometriya müayinəsi təyin olunmalıdır. Yalnız bu halda dəqiq nəticə almaq mümkündür.
Əgər qadında 2 ardıcıl menstrual dövr ərzində ovulyasiya baş tutmazsa, bu o deməkdir ki, qadında buna səbəb olan hər hansı pozulma var. Bu halda qadına əlavə müayinə və analizlər təyin olunur.
Tarix: 24.12.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Cinsəl sağlamlıq