Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarı cisim və onun funksiyaları

Sarı cisim hamiləliyin baş tutması və normal inkişafı üçün çox vacib olan müvəqqəti vəzdir.
Ovulyasiya zamanı follikulun qışaları yırtılır və yumurta hüceyrəsi yumurtalıqdan qarın boşluğuna çıxır. Yumurtalıqda qalan yırtılmış follikulun qışaları isə yığılır və onun içəri qatını örtən hüceyrələr sürətlə bölünməyə başlayır.
USM zamanı yumurtalıqda sarı cisimin izlənməsi ovulyasiyanın baş verməsinin əlaməti sayılır. Lakin bəzi hallarda sarı cisimin əmələ gəlməsi ovulyasiyasız da baş verə bilər.
Sarı cisimin əsas fəzifəsi hamiləliyin saxlanması və inkişafı üçün lazım olan hormonların istehsal etməkdən ibarətdir. Belə ki, sarı cisim proqesteron ("hamiləlik hormonu") və həmçinin androgenlər, estrogenlər, oksitosin, relaksin, ingibin kimi hormonları istehsal edir.
Sarı cisim hər ovulyasiyadan sonra yumurtalıqda əmələ gəlir və mayalanma və hamiləlik baş tutmadıqda isə tədricən yox olur. Hormonların səviyyəsi azalır, uşaqlığın daxili qatı (endometrium) qopulur və menstrual qanaxma başlayır. Növbəti menstrual dövründə bütün bu proses yenə təkrarlanır.
Mayalanma və hamiləlik baş tutarsa, sarı cisimin inkişafı davam edir və sarı cisim hamiləliyin təxminən 12-ci həftəsinə kimi mövcud olur. Daha sonra isə onun funksiyalarını cift yerinə yetirməyə başlayır.
Qadınlarda sonsuzluğun səbəblərindən biri sarı cisimin çatışmazlığı ola bilər. Bu zaman sarı cisim hamiləliyin baş tutması və (və ya) saxlanılması üçün lazım olan miqdarlarda proqesteron ifraz etmir və qadın ya heç hamilə qalmır ya da hamiləlik erkən pozulur (özbaşına dölsalma baş verir).
Sarı cisimin çatışmazlığı halını təsdiq etmək üçün qadın müəyyən müayinə və analizlərdən keçməlidir - USM, qanda progestronun səviyyəsinin təyin etməsi və s.
Diaqnoz təsdiq olunduqda, qadına tərkibində proqesteron olan preparatlar təyin olunur (dyufaston, utrojestan, inyeksiyalar şəklində progesteron). Hamiləliyin pozulmasının profilaktikası məqsədi üçün qadın bu preparatları adətən hamiləliyin 12-ci həftəsinə kimi qəbul edir.
Sarı cisimin funksional kistaları da tez-tez təsadüf edilən patologiyadır. Həkimlərin fikirinə görə, bu kistaların əmələ gəlmə səbəbi qadının orqanizmində olan hormonal pozulmadır. Belə kista 6 sm kimi böyüyə bilər və çox vaxt ağırlıq və qarının aşağı hissədində və beldə ağrılarla müşayiət olunur.
Sarı cisimin funksional kistaları təhlükəli deyil. Lakin belə kista aşkar olunduqda, qadın hər ehtimala qarşı ginekoloqun müayinəsindən keçməlidir. Hamilə olmayan qadında belə kistalar menstruasiyadan sonra və ya bir neçə menstrual dövr ərzində yox olur. Buna USM vasitəsilə nəzarət etmək lazımdır.
Kista qadında hamiləlik zamanı aşkar olunduqda, həkim adətən tərkibində progesteron olan preparatları təyin edir. Belə kistalar hamiləliyin müddəti artdıqca tədricən yox olur.


Tarix: 24.12.2014 / 12:35 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Cinsəl sağlamlıq
loading...