Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq İsgəndər Ağbabalı

Aşıq İsgəndər Ağbabalı - Ağbabanın sonuncu azman aşığı

Həyatı

Aşıq İsgəndər 1925-ci ildə Ağbaba bölgəsinin Ellərkənd kəndində, Bəxtiyar kişinin ailəsində dünyaya gəlmişdir. Aşıq İsgəndər Ağbabalı tanınmış güllüoğlular tayfasındandır. Bu tayfanın el şairləri (Qasım Əfəndi, Heydər Xoca, Güllüoğlu İsgəndər, Daşdan Daşdanov və b.) az deyil.
İsgəndər hələ uşaq yaşlarından saza-sözə könül vermişdir. Bir gün Aşıq Nəsib Ellərkəndə gələndə onun sədasını eşidib İsgəndəri yanına çağırtdırır. Aşıq İsgəndər Ağbabalı bu hadisəni öz xatirəsində belə verir: “Qorxa-qorxa yanına getdim. Maa demişdilər. Aşıq Nəsif çox hersdi adamdı, elə buna görə də qorxurdum. Həyə, getdim yanına salam verdim. Salamımı alıf maa yer göstərdi: Otu. Oturdum. Dedi: “A bala, deyillər, sənin bir sazın da var, get onu da gətir, saa bir qulax asmax isdiyirəm. İsdədim deyəm sazım-zadım yoxdu, əmbə yadıma deyilənnər tüşdü, yanı aşıx çox hersdi adamdı. Əvə gedif sazımı gətdim. Sazda nə saz, ay sağ olmuşdar, bir taxtıya o, bu başınnan bir-iki mıx vuruf tel çəhmişdim. Həyə, sazımı gətirənnən sonra Nəsib dedi: Oxu görüm. Sazımı çalıf oxudum".
Aşıq İsgəndər Aşıq Nəsibin yanında bir neçə il qalıb sənət dərsini alandan sonra aşıqlığa başlamış, yığnaqlar, məclislər keçirmişdir. Ancaq Sovet “təntənəsinin dalğası” onu da tutdu. O, “Gördüm” adlı qoşmasmda həbs edilməsini yanıqlı bir dillə qeyd etmişdlir:

Qırx dördüncü ildə qarışdı başım,
Elə bil qaralar geymişdi yaşım.
Məndən üz döndərdi qohum-qardaşın,
Baxtım qara gəldi, qalanı gördüm.

Aşıq İsgəndər Ağbabalı Ağbaba aşıq havalarının (“Çıldır divanisi”, “Xoşqılıq”, “Xoşdamağı”, “Ağbabayi”, “Ağbaba qaytarması”, “Şenlik Mirzəcanıslı” , “Konyalı”, “Qəza nişanı”, “Sarı yaylıq”, “Ota nanayı”, “Çıldır zinharısı”, “Aşıq Tüccarın nanayı”, “Ağbaba zarıncısı”, “Sörəyeli”, “Tərcümanı”, “Summanı”, “Atüstü”, “Sörəyeli”, “Dəli hicranı”, “Qırdoğlu”, “Dərbədəri”, “Qars gözəlləməsi”, “Çıldırı”, “Baharı”, “Rəhmanı”, “Sirri-sübhan”, “Göyatlı”, “Dovşanquluoğlunun gəraylısı”, “Qaracaoğlan”, “Daşdanoğlu”, “Asıroğlu”, “Durmuşoğlu”, “Çalpapaq”, “Tərəkəmə”, “Türkmanı”, “İsgəndəri”, “Ağbaba gülü”, “Gəlin nanayı” və b.) mahir ifaçısı idi. O, otuz üç dastanı sinədən bilirdi. Yaxşı dastançı aşıq kimi şöhrəti eldən-elə, dildən-dilə yayılmışdır. Bundan əlavə aşıq Ağbaba regional dastanlarının (“Qaracaoğlan”, “Qaçax Yusif”, “Qulamsöyüm”, “Aybəniz-Gündoğan”, “Yetim Məhəmməd”, “Yaralı Mahmud” və b.) mahir bilicisi sayılırdı. Aşıq İsgəndər həm də yaradıcı aşıq olduğundan bir neçə aşıq rəvayəti (“Qaçaq Usuf oğlu Məmmədvəli”, “Ellərkətdi Bilalın ermənilərnən qabaxlaşması”, “Məşədi Paşa”, “Hənifənin küsməyi” və b.) yaratmışdır.
Aşıq İsgəndər Ağbabalı da Qars-Çıldır ozan-aşıq məktəbinin varislik ənənəsini sevə-sevə yaşadan istedadlı söz sənətkarlarından biri idi. Bu el sənətkarı həm də Ağbaba aşıq mühitinin qədim sənətkarlarının (Dədə Dərbədəri, Aşıq Qərib Hasan, Qərib Rza, Aşıq Nəsib, Çorlu Məhəmməd və b.) eləcə də Çıldır aşıq mühitinin sənətkarlarının (Aşıq Şenlik, Aşıq Nuru, Xəstə Hasan, Dəli Bayram və b.) ədəbi irsinə yaxşı bələd olduğundan neçə-neçə el sənətkarlarının şeirləri bu ustad aşıqdan toplanıb yazıya alınmışdır. Onun Gümrü aşıqlarından (Aşıq Tüccar, Aşıq Haqverdi, Tomar Hasan, Usta Nağı və b.) məlumatı az deyildi.
Aşıq İsgəndərin Yetim Əsgərlə, Aşıq Məhərrəmlə, Aşıq İmranla, Aşıq Hüseyn Saraclı ilə, Aşıq Avılla, Aşıq Sövqi ilə, Aşıq Nəsiblə deyişmələri vardır. O, XX yüzilliyin 50-ci illərindən uzaq Qazaxıstana, Orta Asiyaya da gedir, o yerlərdə ağır yığnaqlar keçirirdi.
Aşıq İsgəndər həm də ustad aşıq kimi xeyli şagird (Aşıq Paşa Göydağlı, Aşıq Mürtəza, Aşıq Qəşəm, Aşıq Qəzənfər, Aşıq Faxfur Ağbabalı) yetişdirmişdir. Onun Ağbaba aşıq mühitinə xas ustad-şəyird ənənələri haqqında verdiyi bilgi də çox maraqlıdır. Burada aşıqlığın “beş şərti” öz əksini tapmışdır. Bu “beş şərti” olduğu kimi ustad-şəyird münasibətlərində verdiyimizdən əlavə şərhə ehtiyac duymuruq.
Aşıq İsgəndərin ədəbi irsi zəngin olsa da, onun şeirlərinin çox hissəsi itib-batmış, yaradıcılığının ancaq bir hissəsi işıq üzü görmüşdür.
Aşıq İsgəndər Ağbabalı 1992-ci ildə Şəmkirdə dünyasını dəyişmişdir.
Ağbaba aşıq mühitinin çağdaş nümayəndəsi Aşıq İsgəndər Ağbabalı yeganə el sənətkarıdır ki, barəsində xeyli məqalələr, ədəbi irsindən örnəklər müxtəlif kitablarda çap edilmiş, hətta haqqında bir kitab işıq üzü görmüşdür.
Aşıq İsgəndər Ağbabalı 1992-ci ildə Şəmkirdə vəfat edib, Şəmkir qəbristanlığında dəfn edilmişdir.
Aşıq İsgəndər Ağbabalının yeganə kitabı ölümündən altı il sonra işıq üzü görmüşdür.


Tarix: 24.01.2013 / 18:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 569 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...