Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim İsmayılov - Döyüşlərdə iştirakı

90-cı illərinin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, onların Dağlıq Qarabağ və ətraf rayonlarda törətdikləri vəhşiliklər Nazimi gələcək planlarından daşındırdı. O, Vətənin harayına biganə qala bilmədi. Gəncliyində anasını itirən Nazim Azərbaycan sevgisini xəstə atasının, həyat yoldaşının və üç körpə qız övladının ona olan ehtiyacından üstün tutdu. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə Ağdam rayonundan başladı. Nazimlə birgə onun komandiri olduğu alayın hər bir əsgəri bütün döyüşlərdə əsl cəsurluq, rəşadət nümunəsi idilər. 27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. 3 iriçaplı pulemyot qənimət götürüldü. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər. Nazimin iş yoldaşı, döyüş dostu və qərargah rəisi Adil Mürsəlov o anları illər sonra belə xatırlayacaqdı: "Beş gün idi ki, şiddətli döyüşlər gedirdi. Nazim xəstələnmişdi, qızdırma içində yanırdı. Qərargaha qayıtması üçün nə qədər dilə tutsam da, sözümə qulaq asmadı. O, heç vaxt kimsəni darda qoymazdı. Son nəfəsinə qədər Azərbaycan uğrunda vuruşdu. Dekabrın 31-də, günorta saat 3-ün yarısında Nazimi vurdular..." Beləliklə, Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü oldu. Nazim ömrünün ən şirin çağında həyata vidalaşıb əbədiyyətə qovuşdu. O, Bakı şəhəri, Bakıxanov qəsəbəsində torpağa tapşırılmışdır.

Ailəsi
Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var

Xatirəsi
Vaxtilə təhsil aldığı Sabunçu rayonunda yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhərindəki prospektlərdən biri indi Nazim İsmayılovun adını daşıyır. Yaşadığı binada Şərəf lövhəsi qoyulmuşdur.


Tarix: 24.01.2015 / 16:37 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎
loading...