Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədəli Vəlixanlı

Aktyor. Arxiv kadrlar.

Həyatı

Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "Qaravəlli", "Kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 13 mart 1899-cu ildə Bakının Fatmayı kəndində doğulub. Baqqallıqla məşğul olan atası onu "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927-1930). Otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silınməz izlər qoyub. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin "Səyavuş" (Kosa), Vilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Konstantin Trenyovun bizdə "Düşmənlər" adıyla oynanmış "Lyubov Yarovaya" (Pikalov), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Səməd Vurğunun "Xanlar" (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), Brandon Tomasın "Tələbələrin kələyi" (Əli), Boris Lavrenyovun "Amerikanın səsi" (Skundirell), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. Məmmədəli Vəlixanlı Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasının premyerasından (9 mart 1961-ci il) az müddət sonra qəfildən iflic xəstəliyinə düçar olub. Altmış iki yaşlı sənətkar bir daha səhnəyə çıxmadan 12 aprel 1969-cu ildə dünyasını dəyişib. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır. Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi. Hərəkətlərindəki, jestlərindəki, sifət ifadələrindəki aktyorluq boyaları zəngin və əlvan idi. Məsələ təkcə bununla bitmirdi, çünki Vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi.

Filmoqrafiya
Görüş (film, 1955)
Mahnı belə yaranır (film, 1957)
Səhər (veriliş, 1995)


Tarix: 03.02.2013 / 17:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 562 Bölmə: Aktyorlar
loading...