beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən qədim Azərbaycan dövlətləri

E. ə. III - II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su(sub) və turukki tayfaları və Mil - Qarabağ ərazisində isə naxç və gərgər tayfaları yaşayırdı. Dəmir dövründə Azərbaycan tayfaları Assuriya ilə sıx əlaqə saxlayırdılar. Azərbaycanda yaşayan tayfalar haqqında ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarda verilir. E.ə. II minillikdə Azərbaycan tayfaları olan turukkilər, lullubilər və subirlər(şubarlar) Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar.
Aratta dövlət qurumu e. ə. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Aratta Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu idi. Aratta ölkəsini en və yaxud ensi adlanan türk mənşəli hökmdar idarə edirdi. Aratta hökmdarı hərbi məsələləri həll etmək üçün şura çağırırdı. Lakin yekun qərarı özü verirdi. Arattalılar:
Türk mənşəli idilər;
İlahə Inannaya və digər şumer allahlarına sitayiş edirdilər;
Çoxallahlı idilər və dini idarələrə maşmaş adlanan kahinlər rəhbər lik edirdilər;
Uruk şəhər-dövləti ilə də mübarizə aparırdılar;
Şumer şəhər dövlətləri ilə mübarizə aparırdılar (Bu barədə “En-Merkar və Aratta hökmdarı” dastanında məlumat ve-rilmişdir)

Lullubi tayfa ittifaqı e. ə. III minilliyin II yarısında Urmiya gölünün cənubunda meydana gəlmişdir. E.ə. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna çevrildi. Lullubilər:
Mesopotamiya ilə ticarət əlaqələri saxlayır və mal mübadiləsi edirdilər;
Assuriyanın Nuzi şəhərində məskunlaşmışdılar;
Hürri və hetlərin ordusunda və dövlət idarəçiliyində xidmət edirdilər;
Hürrilər tərəfindən “nullu” (özgə) adlandırılırdılar;
Səma, Günəş, Ay allahlarına, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər;
Ön Asiyada igid, döyüşkən və cəsur tayfa birliyi kimi tanınırdılar;
Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar;
Akkad müdaxiləsinin qarşısını almaq üçün Mesopotamiyaya hucum etmişdilər;
Urartular tərəfindən “düşmən” adlandırılırdılar;
Döyüş məharətləri ilə qonşu tayfalar arasında qorxu yaradırdılar;
Mesopotamiyada ağalıq uğrunda mübarizə aparırdılar;
Akkad işğallarının qarşısını almaq üçün hərbi ittifaqlar yaratmışdılar;
III Ur Şumer sülaləsinin hücumuna məruz qalmışdılar.
Lullubi dövləti Anubaninin dövründə xeyli qüvvətləndi. Onun hakimiyyəti illərində Urmiya gölünün cənub və cənub - şərq bölgələri ələ keçirildi. Anubaninin qələbələri və uğurları “Daş sütun” üzərində həkk olunmuşdur.

Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə və cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş verən hadisələrə qarışır və Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər. E. ə. XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:
şumerlərin və akkadların idarə sistemi saxlanıldı;
Canişinlik sistemi saxlanıldı;
şəhərlərarası toqquşmalara son qoyuldu;
Sökülmüş məbədlər bərpa edildi;
Ənənəvi məbəd tikintisi davam etdirildi;
Ticarət yollarında əmin-amanlıq yarandı.
E. ə. XXII əsrin sonunda Uruk şəhəri Kuti hökmdarı Tirikana qarşı qiyam qaldırdı. Qiyam nəticəsində Mesopotamiyada Kuti ağalığına son qoyuldu və e.ə. III minilliyin sonunda Kuti dövlət qurumu süqut etdi.


Tarix: 26.11.2014 / 17:34 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Tariximiz ve rayonlarimiz