beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın tükənən ədaləti

Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinfi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün "bütün ölkənin proletariatını birləşdirmək" şüarından məharətlə istifadə edirdi. So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də SSRİ-də iki is­ti­qa­mət­də güc­lü iş apa­rı­lır­dı. İlk ba­xış­da bu is­ti­qa­mət­lər bir-bi­ri­nə əks möv­qe tə­si­ri ba­ğış­la­ma­sa da, əs­lin­də məz­mun eti­ba­ri­lə bir-bi­ri­nə da­ban-da­ba­na zidd mə­na kəsb edir­di. Bu siyasətin qarşısında tab gətirə biləcək liderlərimiz isə çox az idi.

Azərbaycan Sovet Rusiyasının tərkibində olduğu illərdə belə cəsarətli insanlarımız haqq səslərini daim qaldırırdılar. Onlardan biri də Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin katibi Əyyub Xanbudaqov idi. Ə.Xanbudaqov hələ 1924-cü ildə Moskvanı Azərbaycanın partiya işinə hədsiz müdaxilədə, respublikanı simasızlaşdırmaqda, bura rusları köçürmədə, milli kadrları sıxışdırmaqda ittiham etdi və bu siyasətə qarşı çıxdı. Elə həmin il o, müəmmalı şəkildə rəhbər vəzifədən uzaqlaşdırıldı və partiyadan qovuldu.

Azərbaycana qarşı aparılan ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Nəriman Nərimanov RK(b)P MK-ya və İ.Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı məşhur məktubunda da cəsarətlə ifşa edirdi. N.Nərimanov Azərbaycanın taleyinin daşnaklara tapşırılmasına açıq-aşkar üsyan edirdi. Əslində Dağlıq Qarabağ problemini bu gün yaşayacağımızı 30-40-cı illərdə - ermənilərin bu ərazilərə köçürülmə siyasətini həyata keçirəndə dərk etməli idik. Amma nə yazıq ki, hadisələrin ermənilərin xeyrinə inkişafı problemi yetərincə dərk edə bilmədiymizi göstərir. Və yaxud da SSRİ rəhbərliyinin represiya qorxusu Azərbaycan insanının dərketmə hissiyatını da öldürmüşdü.

1945-ci ildə Sovet qoşunları Berlinə qədər gedib çıxmış, Stalinin başı müharibəyə o qədər qarışmışdı ki, ittifaq daxilində cərəyan edən hadisələr onu heç də düşündürmürdü. İ.Stalin yaxınlaşmaqda olan qələbənin dadını çıxarır, ermənilər isə Azərbaycana qarşı torpaq iddialarının coğrafi arealını genişləndirirdilər. Onlar belə bir vaxtı Dağlıq Qarabağın əldə olunması üçün ən gözəl fürsət hesab edirdilər. Bu fürsəti dəyərləndirən Ermənistan KP MK-nin birinci katibi Q.Harutyunov isə Moskva qarşısında yenidən Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır və yoldaş Stalinə növbəti məktubla müraciət edir. İ.Stalin həmin məktubu G.Malenkova, o da Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırova göndərir. Əlbəttə, M.Bağırov yuxarıdan gələn təklifə etiraz etmir, lakin əvəzində Ermənistanın, Gürcüstanın, Dağıstanın əsasən azərbaycanlılar yaşayan və tarixən Azərbaycanın ərazilərini geri qaytarılması şərtini irəli sürür. Lakin məsələnin arzuedilməz istiqamət alacağını dərk edən SSRİ rəhbərliyi bu işi tarixin oxunmayan arxivinə göndərir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bədnam qərarı (Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min ha torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu) yenidən təsdiq edir. Lakin az sonra hakimiyyətə gəlmiş Heydər Əliyevin qətiyyəti sayəsində bu qərarın icrasına yol verilmir. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ölkəmizin suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmamışdı. 70-80-ci illərdə ermənilər bir neçə dəfə Kremldən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etsələr də Heydər Əliyevin cəsarəti sayəsində buna nail ola bilməmişdilər. Bu faktı Ermənistan KP MK-nin birinci katibi olmuş A.Koçinyan sonralar özü də etiraf etmişdir: "Mənim Ermənistana rəhbərliyim dövründə Qarabağ məsələsi bir neçə dəfə qaldırılmışdı. Lakin Heydər Əliyevin nüfuzu və mərkəzdə sözünün keçərliliyi məsələnin nəinki müsbət həllinə, heç müzakirəsinə belə imkan verməmişdi".

1976-cı ildə Əsgəranda yolu kəsmiş ermənilərin Heydər Əliyevdən yer istəmələrinə hadisə yerində olan ümummilli lider belə cavab verir: "Yaxşı mən sizə bir söz demirəm, çıxıb gedə bilərsiniz. Dağıstana da, Gürcüstana da, Ermənistana da yol açıqdır. Mən sizə əlimdən gələn köməyi edərəm. Mənim də torpaqlarım orada, Ermənistanda qalıb. Biz heç kimə bir qarış da olsa torpaq verəsi deyilik."
1987-ci ilin 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi barədə bəyanatı milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı. Həmin ilin noyabr-dekabr aylarında Yerevanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-yə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. Artıq ermənilər bütün vasitələrdən istifadə edərək Azərbaycanın tarixi torpağı olan Qarabağa sahiblənmək istəyirdilər. Erməni cəmiyyətinin bütün sferaları, hətta "zəhmətkeşlər" belə mitinqlər təşkil edir, oğurladıqları torpaqların əhatə dairəsini genişləndirməyə çalışırdılar. Artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verməyə məcbur edilmiş (1987), SSRİ-nin düzəni pozulmuşdu. Hər zaman olduğu kimi ermənilər bu fürsəti də dəyərləndirməyə bilməzdilər. 1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatlar Sovetinin yalnız ermənilərdən ibarət üzvləri toplaşaraq vilayəti Azərbaycanın tərkibindən çıxarıb Ermənistana birləşdirilməsi barədə qərar qəbul edirlər. Azərbaycanın bu qərarı rədd etməsindən sonra vəziyyət gərginləşməyə, İrəvanda yaşayan azərbaycanlıların sonuncu və həm də vəhşicəsinə deportasiyası ilə gətirb çıxardı. Qırğınların və deportasiyanın yeni mərhələsinin ilk illərində erməni millətçiləri üçün Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlının çıxarılması başlıca məqsədlərdən ən mühümü idi. 1988-ci ilin noyabrın 4-də İrəvanda təşkil edilən mitinqdə çıxış edən Ermənistan Elmlər Akademiyasının müxbir üzvü Rafel Kazaryan deyirdi: "Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı azərbaycanlılardan təmizləmək imkanı verilmişdir. Mən bunu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm".

Son iki yüz ildə Azərbaycan zaman-zaman öz torpaqlarını itirməkdədir. 1813-cü ilə qədər (Gülüstan sülh müqaviləsi) Azərbaycanın ərazisi 420 min kv.km olmuşdur. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay sülh müqaviləsi təkcə Azərbaycanı iki yerə parçalamadı, həm də ondan sonrakı dövrlərdə torpaqlarımızın itirilməsində baza rolunu oynadı. Azərbaycan iki hissəyə bölündükdən sonra Çar Rusiyasına birləşdirilən Şimali Azərbaycanın ərazisi 130 min kv.km, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının ərazisi 116 min kv.km, 1920-1991-ci illərdə Azərbaycan SSR-nin ərazisi 86,6 min kv.km qədər azalmışdır ki, onun da 20 faizi hələ də işğal altındadır. Hazırda tarixi Azərbaycan ərazilərində yaşayan əhalinin ümumi sayı isə 35-40 milyon nəfər təşkil edir.


Tarix: 26.11.2014 / 17:33 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Tariximiz ve rayonlarimiz